Məlum olduğu kimi, Ukrayna prezidenti Vladimir Zelenski müdafiə naziri postundan istefa verən Aleksey Reznikovun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umarovu təyin edib.
Hafta.az-ın yazdığına görə, 1982-ci ildə anadan olan Krım tatarı Rüstəm Umarov Ukrayna tarixində nazir postunu tutan ilk Krım tatarıdır. Amma maraqlıdır, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Rusiyalı həmkarı Vladimir Putinlə görüşdüyü bir vaxtda Krım tatarını müdafiə naziri təyin edən Zelenski bu qərarı ilə Moskvaya mesaj göndərmək, danışıqlarda Ərdoğanın mövqeyini daha da gücləndirmək niyyəti güdürmü? Yazının məqsədindən uzaqlaşmamaq üçün gəlin sadəcə Rüstəm Umarovun avtobioqrafiyasına nəzər salmaqla kifayətlənək:
Umarov Rüstəm Ənvəroviç 1982-ci il aprelin 19-da Səmərqənd vilayətinin (Özbəkistan) Bulqur şəhərində Aluştadan olan mühacir ailəsində anadan olub. O, etnik Krım tatar türklərindəndir.
Umarov Kiyevdəki Milli İdarəetmə Akademiyasında iqtisadiyyat üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsi alıb.

O, karyerasına 2000-ci illərin əvvəllərində Ukraynanın mobil operatorlarından olan Lifecell-də başlayıb. 2003-2007-ci illər arasında GSM/TDMA şəbəkəsinin inkişafı departamentində saytın idarə edilməsi və hüquqi dəstək şöbəsinin müdiri vəzifəsində çalışıb. 2007-2010-cu illərdə satınalma, logistika, müqavilələrin idarə edilməsi şöbəsinin müdiri olub. 2010-cu ildə Lifecell-də satış və müştəri əlaqələri üzrə məsul vəzifə tutub. Elə həmin il ICG Investments-ə keçib və baş menecer vəzifəsində çalışıb. 2011-ci ildə iCapital-da eyni vəzifəyə keçib.
2013-cü ildə ASTEM investisiya şirkəti və ASTEM Fondunun təsisçi tərəfdaşı olub. Fond Stanford Universitetində Ukrayna Yeni Liderlər Proqramını maliyyələşdirib. ASTEM rabitə, informasiya texnologiyaları və infrastruktur investisiyalarını idarə edir.
2019-2022-ci illərdə - "Səs" Partiyasından Ukraynanın xalq deputatı seçilib və ardıyla da Avropa Şurası Parlament Assambleyası yanında Daimi Nümayəndəliyinin rəhbərinin müavini olub. 2020-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibində “Krımın və Sevastopolun işğaldan azad edilməsi üzrə dövlət strategiyası”nın hazırlanması üzrə qrupa qoşulub.
2022-ci ilin iyul ayında hərbi vəziyyət zamanı beynəlxalq logistik yardımın alınması və istifadəsinə nəzarət etmək üçün Müvəqqəti İstintaq Komissiyasının sədri seçilib.
2022-ci ilin fevralında o, Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin hazırlanması və təsdiqi üzrə Rusiya ilə danışıqlarda iştirak etmək üçün Ukrayna nümayəndə heyətinə qoşulub.
7 sentyabr 2022-ci ildən Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsini icra edir.
III dərəcəli “Ukraynaya xidmətlərinə görə” ordeni ilə təltif edilib (2021). Evlidir, üç uşaq atası olan Umarov əvvəllər Krım Tatar Milli Məclisinin rəhbəri Mustafa Cəmilevin müşaviri olub. O, həmçinin Prezident yanında Ukraynanın Ərəb və Müsəlman Dövlətləri ilə Qarşılıqlı Əlaqələr üzrə Məşvərət Şurasının komissarı vəzifəsində çalışır.