Uşaqlardakı sümük boşluğu və digər xroniki xəstəliklərlə bağlı həkimlər son zamanlar azyaşlılara üzgüçülüklə məşğul olmağı məsləhət görürlər. Körpələrin əlindən tutub su idmanı mərkəzlərinə, üzgüçülük hovuzlarına aparan valideynlər isə burada fərqli mənzərə ilə qarşılaşırlar. Əksər hallarda qiymətlərin bahalılığından şikayətlər eşidirik.
Azərbaycanda əhalinin orta statistik gəlirləri ilə hovuzlardakı qiymət fərqinin mütənasib ya tərs mütənasib olmasını araşdırmağa çalışdıq. Uşaqlar üçün kursların və fərdi üzgüçülük dərslərinin qiymətlərini hafta.az-ın obyektivindən görmək istəyirsinizsə, o zaman monitora bir qədər də yaxın əyləşin.

Su idmanı mərkəzləri və üzgüçülük hovuzları deyəndə vətəndaşın ağılına dərhal “özəldə və dövlət balanslı müəssisələrdə qiymət fərqi” gəlir. Çünki indi hovuzlar qiymətlərinə görə bu iki sektora bölünür. Aydındır ki, övladını üzgüçülük mərkəzlərinə aparan vətəndaş ilk olaraq öz yaşadığı ünvana yaxın ərazidə yerləşən mərkəzə üstünlük verəcək. Burada qiymətin 3 aşağı, 5 yuxarı olmasına baxmayacaq. Əsasən də qış aylarında. Çünki heç bir valideyn ucuz hovuz üçün şəhərin o başına üz tutası deyil. Yəni, uşağını soyuqdan qorumağa da məcburdur.

Özəl üzgüçülük mərkəzlərindəki qiymətlər...
Belə olan halda özəl su hovuzlarındakı üzgüçülük dərsləri verənlər fürsətdən istifadə edərək qiymətləri qaldırmağa başlayır. Məsələn, 6 yaşlı uşaqlara qrup şəklində 35 manata üzgüçülük dərsləri verən mərkəzlər 5 yaşlı uşağa 120 manat “oxuyurlar”. Özü də həftədə üç dəfə. Baxın, 1 yaş fərqlə qiymət arasındakı tərs mütənasibliyi özünüz görün. Bu da hamısı deyil. İlk ay üçün qiymətlər 170-180 manata da qalxa bilir. Necə? Çox sadə - ilk dəfə istifadəyə görə su gözlüyü, baş kalpağı, üzvlük vəsiqələri də ödənişlidir. Üzvülük vəsiqəsinə 10 manat alan mərkəzlər, valideynləri digər avadanlıqlar üçün də ayrı-ayrılıqda 15+20 manat ödəməyə məcbur edirlər. Beləliklə 120 manatdan əlavə valideyn 45 manat da ödəməyə məcbur olur.
Azyaşlı qızcığazlar üçün üzgüçülük dərsləri verən üzmə mərkəzlərinin birində qiymətlərlə maraqlandıq. Aylıq ödəniş 50 manatdır. İki uşaqdırsa, 45+45 manat ödəməlisiniz. Yəni, 10 manat aşağı qiymət... 12 gedişdir. Həftədə üç dəfədir. Müəllimin də zəhmət haqqı buraya daxildir.
Nərimanov rayonu ərazisindəki üzgüçülük mərkəzində qiymətlər isə azyaşlı oğlan uşaqları üçün 55-60 manat, qızlar üçün 45-50 manatdır. Həftədə üç dəfə, 12 gedişdir. Başqa bir özəl mərkəzdə isə oğlan uşaqları 60-70 (həftədə 5 gün), qızlar üçün 50-60 manatdır.
Qiymətləri ilə maraqlandığımız özəl üzgüçülük mərkəzlərindən bildirdilər ki, qiymətləri bazar özü tənzimləyir. Yəni, rəqabətlilik prinsipinə uyğun olaraq üzgüçülük mərkəzləri öz aralarında mübarizə aparır. Bəzən qiymətləri qaldırmaq üçün dəqiqə fərqi çoxaldılır və ya seansların sayı artırılır. Üzgüçülük hovuzunda çalışan müəllimlər belə deyir.

Dövlətin balansındakı üzgüçülük hovuzları...
Dövlət balansıdakı üzgüçülük hovuzları paytaxtda barmaqla sayılacaq qədərdir. Bakı Olimpiya Kompleksində isə belə bir fəaliyyət ümumiyyətlə yoxdur. Hövsan Olimpiya Kompleksində isə həftənin beş günü səhər saat 9-10 və 10-11 seansları olmaqla iki dəfə üzgüçülük dərsləri verilir. 12 gedişi 40 manatdır. Oğlanlarla qızlar arasında fərq yoxdur.
Olimpiya komplekslərində qiymətlərin kim tərəfindən təyin olunması ilə maraqlandıq. Bildirdilər ki, Milli Olimpiya Komitəsi tənzimləyir. Onlarlıq bir şey yoxdur. Yəni özlərindən qiymət qoymaq, müəyyənləşdirmək imkanlarına sahib deyillər.
Milli Olimpiya Komitəsindən isə bildirdilər ki, onların tərkibində və balansında üzgüçülük hovuzları ümumiyyətlə yoxdur. Bu işlərə olimpiya mərkəzlərinin özlərinin nəzarət etdiyini bildirdilər. Hətta onu da vurğuladılar ki, Üzgüçülük Federasiyası da maraqlana bilər. Çünki hovuzlara nəzarət həm də adıçəkilən qurumdadır. Federasiyadan isə “qiymətləri sizmi təyin edirsiniz?” sualımızı cavablamağa kimsə tapılmadı.
Bakı Su İdmanı Arenasında isə qiymətlər nisbətən bahadır. Onlar da qiymətləri arena rəhbərliyinin təyin etmədiyi söylədilər. Bildirdilər ki, 6-15 yaş arası 55 manatdır. Həftədə 3 dəfədir. 45 dəqiqəlik dərs saatıdır.
Göründüyü kimi hovuzlardakı qiymətlər vətəndaşın cibinə bir o qədər də uyğun deyil. Qiymətlər kəllə-çarxa çıxıb – desək yalan olmaz. Düşünürük ki, dövlət, əsasən də Milli Məclis bu məsələni müzakirəyə çəkib tədbir tökməlidir. Elə millət vəkili Fazil Mustafa da biz deyəni deyir. Amma bir qədər fərqli formada.
Millət vəkilinin fikrincə ölkədə dövlət büdcəsindən ayrılan vəsait hesabına uşaqlar üçün üzgüçülük hovuzları tikilməlidir. Bu hovuzlarda da ödənişsiz əsaslarda uşaqlar üzməyi öyrənməlidirlər: “Dənizin sahilində olan dövlətin vətəndaşları Monqolustandakı kimi dənizə laqeyd qala bilməz ki... Uşaqlıqda öyrənməyəndə sonralar daha çətin olur. Yüz xilasedici yığ sahilə, bununla problem çözülməz ki... İnsanlara üzməyi öyrətməliyik. Hər gün dənizdən ölüm xəbəri eşidəndə nəticə çıxarmamız adamı daha çox üzür. Rusiyada uşaqların əksəriyyəti erkən yaşlardan suya alışdırılır. Biz bu məsələdə də hədsiz bilgisiz və biganəyik...”.
Düşünürük ki, gələcəkdə bizdə də uşaqlar – azyaşlı qız və oğlanlar üçün üzgüçülük dərsləri pulsuz olacaq.