Uşaqların Beynəlxalq Müdafiəsi Günü Qaradağ rayonunda qeyd olunub

14:50 01.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Lökbatan qəsəbəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.     

Hafta.az-ın yazdığına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, Qarabağ qazisi Elmir Abbasov, şəhid ailələrinin və qazilərin övladları, əlilliyi olan uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, müxtəlif  beynəlxalq konvensiyalara qoşulub, müvafiq fərman və sərəncamlar imzalayıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illər prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub.

Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva öz çıxışlarında dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışıblar. Heydər Əliyev Fondunun bu sahədə nümunə olduğunu vurğuladılar. Uşaqları qayğızsız, problemsiz və xoşbəxt görmək istəyiriksə, onlara diqqət və qayğının artırılması, vətənpərpər, millətsevər və humanist ruhda tərbiyə olunması hər birimizin ən ümdə vəzifəsinə çevrilməli olduğunu qeyd ediblər.

YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və Qarabağ qazisi Elmir Abbasov çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqları təbrik edib, tədbiri təşkil edən Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir, təhsil və səhiyyə xidmətləri pulsuzdur. Bildirlib ki, Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir” kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi.

Daha sonra tədbir bayram konsert ilə davam etdirilib. Cizgi film personajlarının, klounların şən zarafatları, rayonda fəaliyyət göstərən  C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin çıxışları bayram ovqatını daha da artırıb. 

Tədbirin sonunda  uşaqlara bayram hədiyyələri təqdim olunub.