Hər dəfə təqvim ili dəyişəndə yeni ildən Azərbaycanda “uşaqpulu”nun bərpa olunacağı ilə bağlı məlumatlar yayılır. Bəziləri daha irəli gedərək bir uşağa görə nə qədər vəsait ayrılacağını da proqnozlaşdırırlar.
Əslində, Azərbaycanda “uşaqpulu”nun verilməsi məsələsi müxtəlif kürsülərdə dəfələrlə gündəmə gətirilib, amma təklif indiyədək reallaşmayıb. Gələn ilin büdcə sənədində də bu istiqamətdə vəsait nəzərdə tutulmayıb. Məsələyə cavabdeh olan qurumların rəsmi şəxsləri belə hesab edirlər ki, 2006-cı ildən etibarən "uşaqpulu" ləğv olunsa da, uşaqlarla bağlı olan müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir. Ona görə də müəyyən yaş həddinə kimi hər bir uşağa “uşaqpulu” verilməsinə ehtiyac duyulmur.
Beynəlxalq təcrübədə “uşaqpulu”
Qeyd edək ki, inkişaf etmiş ölkələrin əksəriyyətində uşaqlı ailələr dövlətdən müəyyən miqdarda yardım alırlar. Məsələn, ABŞ-da uşaqpulu verilmir. Bunun əvəzində uşaqlı ailələrə ildə 1000 dollar vergi güzəşti edilir. Kanadada isə uşaqpulu altı yaşından kiçik bir uşaq üçün ildə 6,639 Kanada dolları və altı yaşdan 17 yaşa qədər bir uşaq üçün ildə 5,602 Kanada dollarıdır. Müavinətin məbləği ailədəki uşaqların sayından asılıdır və ailənin xalis gəliri 31 120 ABŞ dollarını keçdikdə dayandırılır.
Avropa dövlətlərindən də bəzi nümunələrə diqqət yetirək:
Avstriya - 0 yaşdan 3 yaşa qədər hər uşaq üçün 105,40 avro, 3 yaşdan 10 yaşa qədər hər uşaq üçün 112,70 avro, 10 yaşdan 19 yaşa qədər hər uşaq üçün 130,90 avro, iki uşaq üçün əlavə (hər biri) + 12.80 avro, üç və ya daha çox uşaq üçün əlavə + 25.50 avro.
Belçika - 1 uşaq üçün 77,05 avro, iki uşaq üçün 219.63 avro , üç uşaq üçün 432.50 avro, hər əlavə uşaq üçün 212.87 avro.
Böyük Britaniya - ilk uşaq üçün 105 avro, ikinci və sonrakı bütün uşaqlar üçün 70 avro. Bu müavinət 18 yaşına çatmamış uşaqlara verilir.
Almaniya - 1 uşaq üçün 219 avro, 2-ci uşaq üçün / iki uşaq üçün 219 avro / 438 avro , 3-cü uşaq üçün / üç uşaq üçün 225 avro / 663 avro , hər əlavə uşaq üçün 250 avro .
Yunanıstan - 1 uşaq üçün 5.87 avro, 2-ci uşaq üçün / iki uşaq üçün 12.13 avro / 18 avro. 3-cü uşaq üçün / üç uşaq üçün 22 avro / 40 avro , 4-cü uşaq üçün / dörd nəfər üçün 8 avro / 48 avro , hər əlavə uşaq üçün 8,07 avro.
Danimarka - 0 yaşdan 3 yaşa qədər hər uşaq üçün 145 €, 3 yaşdan 7 yaşa qədər hər uşaq üçün 131 avro, 7 yaşdan 18 yaşa qədər hər uşaq üçün 103 avro .
İtaliya - valideynlərin illik gəliri 11 422,98 avro olan uşaqlara 250,48 avroya qədər, valideynlərin illik gəliri 27 693,04 - 30403,39 avro olan uşaqlara 38,73 avro ödənilir, valideynlərin illik gəliri 43,962,05 avrodan yuxarı olan uşaqlar üçün ödənişlər yoxdur.
Lüksemburq - uşaq başına 185.60 avro, iki uşaq üçün 440.72 avro , üç uşaq üçün 802.74 avro , hər əlavə uşaq üçün 361,82 avro .
Hollandiya - 6 yaşa qədər hər uşaq üçün 58,11 avro, 6 yaşdan 11 yaşa qədər hər uşaq üçün 70,57 avro, 12 yaşdan 17 yaşa qədər hər uşaq üçün 82,02 avro .
MDB ölkələrində uşaqpulu ilə bağlı mövcud duruma da nəzər yetirək:
Qazaxıstanda işləməyən valideynlərə bir il müddətinə uşaq müavinəti verilir. Birinci uşaq üçün - 38 dollar, ikinci üçün - 45, üçüncü üçün - 51 dollar. Məşğul vətəndaşlara əmək haqqı əsasında məbləğ hesablanır. Lakin müavinət hər ay 300 dollardan çox olmamalıdır.
Gürcüstanda aylıq uşaqpulu yoxdur. Burada birinci uşaq dünyaya gələndə 370 dollar, üçüncü və dördüncü uşaqlara isə müvafiq olaraq 559 və 746 dollar ödənilir.
Qırğızıstanda üç yaşa qədər uşaqlar üçün aylıq müavinət təxminən 10 dollardır. Kasıb ailələr körpə başına 11 dollar alırlar.
Rusiyada uşaqpulu aşağıdakı kimi hesablanır: 1,5 ilədək 4412 rubl, 1,5 ildən 3 ilədək 5422 rub, 3 ildən 7 ilə qədər 2206 rubl, 7 yaş və yuxarı 1103 rubl.
Qanunvericilikdə "uşaq pulu" anlayışı yoxdur
Mövzunun hüquqi tərəfləri barədə hafta.az-la fikirlərini bölüşən hüquqşünas Habil İsgəndərov bildirib ki, Azərbaycan qanunvericiliyində "uşaq pulu" anlayışı yoxdur: “Bu vəsait uşaqlara ödənilməsi üçün nəzərdə tutulduğundan ümumi anlayışla uşaq pulu deyilir. Azərbaycanda uşaq var deyə, ona və ya valideynə pul ödənilməsinə dair hüquqi baza yoxdur. Uşaqların saxlanmasına dəstək üçün dövlət müəyyən müavinətlər ödəyir. Məsələn, aşağıdakılar var:
- Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara görə müavinət. Bu, əlillik dərəcəsi olan uşaqlardır. Hər uşağa aylıq 200 manat, uşağa qulluğa görə + 80 manat;
- Beşdən çox uşağı olan analara ödəniş. (hər uşağa görə 70 manat);
- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, xidmət dövründə (hər uşağa 120 manat). Bu, bildiyiniz əsgərlik xidmətində olanlardır.
- Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət ödənilir (300 manat). Bu, valideynin iş yerindən ödənilir, hər ikisi işsiz statusu olan valideynlər isə dövlətdən ala bilərlər.
- Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət (hər ailə üzvünə aylıq 100 manat) və ya əmək pensiyası ödənilir. Burada ailə başçısını itirmiş uşaqlar da müavinət almaq hüququ var.
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara rəsmən qəyyum və ya himayəçi təyin olunubsa, aylıq sosial müavinət ala bilirlər (hər uşağa 100 manat);
- Ünvanlı Dövlət Sosial Yadımı alan ailələrdə bir yaşına qədər olan uşaqlar üçün (UDSY+70 manat)”.
O, həmçinin vurğulayıb ki, işləyən anaların 3 yaşınadək uşağına qulluq üçün qismən ödənilən sosial məzuniyyət hüququ var.
Yeri gəlmişkən, bu müavinətin məbləği körpənin yaşyarımınadək 44 manat, yaşyarımından üç yaşadək isə 28 manat təşkil edir. Bu qayda yalnız işləyən şəxslərə şamil edilir və işləməyən şəxslər sözügedən müavinətdən yararlana bilməzlər.
Müavinət, həmçinin çalışan şəxslərin qismən ödənişli sosial məzuniyyətdə olduqları dövrdə verilir. Bunun üçün işləyən şəxs qismən ödənişli məzuniyyətə çıxan zaman çalışdığı müəssisəyə müraciət etməlidir. Nəticədə uşağın doğum haqqında şəhadətnaməsi əsasında müəssisə işçiyə onun ərizəsində qeyd etdiyi müddətdə, yəni uşağın 3 yaşı tamam olan dövr üzrə məzuniyyətə çıxması haqqında əmr verir. Bundan sonra şəxsin işlədiyi qurum uşağa 3 yaşa qədər aylıq pulun ödənilməsi üzrə müvafiq sənədləri sığortaçıya yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondununa (DSMF) təqdim edir. Həmin sənədlər əsasında müavinətin ödənilməsi təmin edilir.