2024-cü ilin yanvar-mart aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4 faiz artaraq 317,6 milyon manat olub. Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib. Qurumun məlumatına görə, cari ilin I rübündə kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 106 milyon 486 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8 fazi çoxdur. Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 41 milyon 634,8 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 fazi çoxdur. Üçüncü yerdə isə Yasamal rayonu dayanır. Cari ilin yanvar-mart aylarında Yasamalda ictimai iaşə dövriyyəsinin dəyəri 34 milyon 938 min manat olub ki, bu da 2023-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7.4 faiz azdır.
Qeyd edək ki, hesabat dövründə paytaxtın dörd rayonunda ictimai iaşə dövriyyəsi azalıb, səkkiz rayonunda isə artıb. Kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 51.2 faiz artım) və Sabuncu (21.9 faiz artım) rayonlarında, ən yüksək azalma faizi isə Xəzər ( 9.8 faiz azalma) və Yasamal ( 7.4 faiz azalma) rayonlarında qeydə alınıb.
Yeri gəlmişkən, 2023-cü ildən Bakıdakı kafe və restoranlarda dövriyyənin artdığı müşahidə olunur. Ən yüksək dövriyyə Səbail rayonunda qeydə alınıb. Belə ki, ötən il Səbaildə iaşə dövriyyənin illik dəyəri 471 milyon 919 min manat təşkil edib. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 12,1 faiz çoxdur. Bu siyahıda ikinci yerdə Nərimanov rayonu qərarlaşıbr. Ötən il Nərimanovda iaşə dövriyyənin dəyəri 217 milyon 884 min manat təşkil edib ki, bu da daha əvvəlki ilin göstəricisi ilə müqayisədə 8,5 faiz çoxdur. İlk üçlüyü Yasamal rayonu qapadıb. Ötən il bu rayonda iaşə dövriyyənin dəyəri 146 milyon 428,1 min manat olub ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 40,5 faiz çoxdur.
İlk beşlikdə Xətai və Nəsimi rayonları da yer alıb. 2023-cü ildə Xətaidə 124 milyon 354,8 min manatlıq, Nəsimi rayonunda isə 122 milyon 276,3 min manatlıq iaşə dövriyyəsi olub ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 26,2 faiz və 16,6 faiz çoxdur.
Bakı şəhərinin kafe və restoranlarda ən yüksək dövriyyəsi reytinqində 89 milyon 631 min manat dövriyyə ilə Nizami rayonu altıncı, 85 milyon 389,6 min manat dövriyyə ilə isə Binəqədi rayonu yeddinci yerdə qərarlaşıb. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 14 faiz və 15 faiz artım deməkdir. Növbəti yerdə 25,3 faiz artımla Xəzər rayonu olub. Ötən il bu rayonda 69 milyon 086,4 min manat iaşə dövriyyəsi qeydə alınıb. Bu siyahıda doqquzuncu yeri 43 milyon 545,2 min manat dövriyyə ilə Qaradağ, onuncu yeri 43 milyon 357,3 min manat dövriyyə ilə Sabunçu rayonları tutub. Bu, 2022-ci illə müqayisədə 16,9 faiz və 2,5 dəfə çoxdur. Bakının 12 rayonu arasında 11-ci yerdə Suraxanı qərarlaşıb. Ötən il bu rayonda 30 milyon 108,9 min manatlıq iaşə dövriyyəsi qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 30 faiz çoxdur. Son pillədə isə Pirallahı rayonu qərarlaşıb. Ötən il ərzində Bakının bu adasında 7 milyon 598 min manatlıq iaşə dövriyyəsi qeydə alınıb ki, bu da daha əvvəlki illə müqayisədə 25,1 faiz çoxdur.
Qeyd edək ki, 2023-cü ildə paytaxtın ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə real ifadədə 18,7 faiz artaraq 1 milyard 451,6 milyon manat olub. Ötən il ərzində özəl sektorda ictimai iaşə dövriyyəsinin 53,9 faizi hüquqi şəxslərin, 46,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci illə müqayisədə 14,1 faiz artaraq 787,5 milyon manat olub.
Maraqlıdır, görəsən, restoranların dövriyyəsinin artmasına səbəb nədir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, ölkəmizdə içtimai iaşə sektoru, restoran biznesi əvvəllər də çox gəlir gətirən, dövriyyəsi yüksək sahə olub: “Əhalinin bir hissəsinin gəliri məhz buradan əldə olunur. Eyni zamanda, dövlət büdcəsindən yayınma da ən geniş şəkildə bu sahədədir. Təbii ki, iqtisadiyyat genişləndikcə, əhalinin gəlirləri artdıqca sözügedən sfera da inkişaf edir və buradan əldə olunan mənfəət yüksəlir. Hökumət turizmi inkişaf etdirdikcə içtimai iaşə sektoru, xüsusən də restoran, kafe biznesi ilə məşğul olanların sayı artıb və artmaqda davam edir. Düzdür, bir ara pandemiya bu sahəyə ciddi ziyan vurdu. Lakin son üç ildə hər şey inkişafdadır. Turizm bərpa olunub, ölkəmizə gələn turistlərin sayı əvvəlki səviyyəyə qayıdır. İçtimai iaşə sektoru da ötən üç il ərzində xeyli genişlənib. Hətta 2019-cu ildəkindən yüksək səviyyəyə qalxıb”.
Onun sözlərinə görə, ictimai iaşə sektorunda dövriyyənin artmasına və ümumiyyətlə, ölkədə restoran və kafe biznesinin genişlənməsinə sevinmək lazımdır: “Bu, iqtisadi artımın və gəlirlərin çoxalmasının göstəricisidir. Eyni zamanda, bu sahədə gəlirlərin formalaşması amillərindən başlamış, həcminədək nəzarəti də gücləndirmək tələb olunur. Sözügedən biznesdə qiymətləri formalaşdıran amillərin nəzərdən keçirilməsi də yaxşı olar. Ancaq bu, ölkədə restoran və kafe biznesi sahəsində sahibkarlıq fəaliyyətinə əsla zərər verməməlidir”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov vurğulayıb ki,
Bakıda əhalinin kafe və restoranlara çox pul xərcləməsini ölkədəki inflyasiya ilə əlaqələndirmək lazımdır. Onun sözlərinə görə, iaşə obyektlərinə çəkilən xərclərin çox olması o demək deyil ki, daha çox insan kafe və restoranlara gedir, onların xidmətlərindən istifadə edir: "Qiymətlər artıb axı? Və arta-arta da gedir. Xərclərin çoxluğu ilk növbədə qiymət artımından qaynaqlanır. Digər amil kimi Bakıya gələn xarici turistlərin sayının artmasını göstərmək olar. Müxtəlif beynəlxalq idman və digər tədbirlərin keçirilməsi ilə əlaqədar paytaxtda turist sayında artım var. Həmin turistlər də Bakıdakı kafe və restoranların xidmətlərindən yararlanırlar. O da məlumdur ki, kafe və restoranlarda xarici turistlərə daha yüksək qiymət deyirlər. Bütün bu amillər həmin statiskanın reallığını əks etdirir. Bu o demək deyil ki, əhalinin pulu çoxalıb və onlar kafe və restoranlara getməyə üstünlük verirlər".
Ə. Həsənov onu da əlavə edib ki, iaşə obyektlərinə daha çox vəsait xərclənməsinə təsir edən müəyyən psixoloji faktorlar da var: "10-15 il əvvəl kafe və restoranlara bu qədər pul xərclənmirdi. İndi, bizimkilər filmlərə, seriallara baxıb görürlər ki, Qərbdə insanlar heç evdə yemək yemirlər, bütün günü kafe və restorandadırlar. Bu da insanlarımızın eyni addım atmasına meyillik yaradır. Digər tərəfdən, qadınlarımızın psixologiyası dəyişib. Əvvəllər qadınlar evdə daha çox yemək bişirirdilər, indi isə gündə üç dəfə evdə yemək bişirmək istəmirlər. Bütün bu amillər həmin statiskanın real olduğunu göstərir”.