Xankəndində baş verənlərin əsas məqsədi İrəvanda hakimiyyəti dəyişməkdir - Samvel Babayan

17:37 04.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Əgər Qarabağdakı ermənilər sentyabrın 8-də küçələrə çıxmasa, deməli, biz məhvə məhkumuq”.

Hafta.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə (“Azatutyun”) müsahibəsində Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi, qanunsuz “Vahid vətən” “partiyası”nın sədri Samvel Babayan söyləyib.

Onun fikrincə, “xalq” tələb etməlidir ki, rejimin başçısını üç nəfər təyin etməsin, “xalq meydana çıxıb öz liderini meydanda seçsin”.

“Bir qrup düşünür ki, İrəvanda hakimiyyət dəyişikliyi naminə mübarizə aparmalı, acından ölməliyik, digəri isə düşünür ki, dialoq üçün oturub kompromislərə getməli və problemləri həll etməliyik. Görək cəmiyyətimiz nəyi seçir”, - deyə Babayan bildirib.

O xatırladıb ki, Arayik Arutyunyan 11 il Bako Saakyanın dövründə “dövlət naziri” olub. “Bu, bir komandadır. Ermənistan hakimiyyəti bu qüvvələrə dəstəyi dayandırmalıdır. Bunu etməsələr, ciddi problemlərlə üzləşəcəklər”, -deyə “partiya” sədri əlavə edib.

O, bəyan edib ki, Xankəndində baş verənlərin əsas məqsədi İrəvanda hakimiyyəti dəyişməkdir.

“Biz Azərbaycanla birbaşa danışıqlar yolu ilə Artsaxı bu vəziyyətdən çıxara bilməliyik, bunun alternativi yoxdur. Artsax məsələsini Azərbaycanla birbaşa dialoq yolu ilə müzakirə etməklə biz Azərbaycan və Ermənistan arasında razılaşma problemini həll etmiş oluruq, Ermənistan-Türkiyə məsələsini həll edirik və regiona tammənalı sülh gətirmiş oluruq”, - deyə S.Babayan yekunlaşdırıb.

Xatırladaq ki, sentyabrın 8-də, yəni Araikin istefasından bir həftə sonra Xankəndindəki qanunsuz “parlament” yeni “prezident” “seçməli”dir...