Xarıbülbüldən istifadəni kütləvi formada qadağan etmək mümkün deyil - Hüquqşünas

17:26 07.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir müddət öncə sosial şəbəkələrdə üzərində Xarıbülbül simvolu olan corab şəkilləri yayıldı və bu hal bir sıra istifadəçilər tərəfindən etiraza səbəb oldu.

Çoxları "Corabb." brendi ilə istehsal olunmuş ayaq geyimi üzərində qələbəmizin somvolu olmasını şəhidlərimizə hörmətsizlik olaraq gördü. Corabların harada istehsal olunması, yaxud da xaricdən idxal edilməsi ilə bağlı da çoxlu söz-söhbətlər dolaşdı. Bəzi məlumatlara görə, "Xarıbülbül corabları” azərbaycanlı iş adamları tərəfindən Çində sifariş edilib, istehsal olunandan sonra Azərbaycana gətirilib.

Bundan əvvəl də, Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərində vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı.

Belə hallar artdıqca qabaqlayıcı tədbirlər görmək zəruri hala çevrilir. Bəs görəsən qanunvericilikdə bununla bağlı hansı dəyişikliklərə ehtiyac var? Belə sahibkarları hansısa cəzalar gözləyirmi?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən hüquqşünas İlqar Musayev söylədi ki, spirtli içki şüşəsinin üzərində topçu Vüsalın fotosunun vurulmasına Vüsal özü etiraz edə bilərdi. Amma Xarıbülbül məsələsi bir qədər fərqlidir:

“Çünki onun əmtəə nişanını almaq mümkün deyil. Xarı bülbül hər kəsin istifadə edə biləcəyi güldür. Onun simvolu ölkəmiz üçün qələbə rəmzinə çevrilib, buna görə də onu heç kəs patentləşdirə bilməz. Qələbə simvolunu coraba vurmaq isə təbii ki olmaz. Düşünmürəm ki, dövlət belə bir məsələ ilə bağlı hansısa addım atacaq. Bu məsələyə fərdi yanaşmaq lazımdır. Xarıbülbüldən istifadəni kütləvi formada qadağan etmək mümkün deyil. Bu simvoldan gərəksiz yerlərdə istifadə edən sənaye müəssisəsinə qarşı tədbir görmək olar. Əgər sən Xarıbülbülü əbədiləşdirmək yaxud da ondan istifadə etmək istəyirsən, onda get kostyum tik və Xarıbülbülü də döşünə vur”.

Ekspertin sözlərinə görə, mənəvi dəyəri olan simvolların gərəksiz yerlərdə istifadəsinin qarşısını almaqda dövlətdən çox, sadə vətəndaşların və jurnalistlərin üzərinə böyük yük düşür. Bundan başqa, sözügedən məhsulu istehsal edən sahibkara qarşı məhkəmədə mənəvi təzminat iddiası da qaldırmaq olar:

““Niyə sən qələbəmizin rəmzi, şəhidlərimizin qanı ilə çiçəkləyən xarı bülbülü corabın üzərinə vurursan? Bu məni sarsıdıb”. Bu iddia ilə hər bir Azərbaycan vətəndaşı məhkəməyə şikayət edə bilər. Məhkəmədə iddianı 2 formada qaldırmaq olar.

1. Xarı bülbül simvolunun corabların üzərinə vurulması qadağan edilsin.

2. Hər hansı vətəndaş iddia qaldırdısa, ona vurulan mənəvi sarsıntının məbləği müəyyən edilib məhkəmədə sahibkardan tutulması təmin edilsin”.

Mənəvi zərərin hesablanması məsələsinə gəldikdə isə ekspert hesab edir ki, burada da mövzuya fərdi yanaşılır. Burada zərər vuranın şəxsiyyəti, zərər vurulanın şəxsiyyəti və zərər əsas götürülür:

“Bir insanın övladı başqa birinin ucbatından avtoqəzada dünyasını dəyişir. Ona dəyən mənəvi zərəri ölçmək qeyri mümkündür. Simvol məsələsinə gəldikdə isə, onun mənəvi dəyərini məhkəmə özü ölçür. Burada zərər vuranın şəxsiyyəti, zərər vurulanın şəxsiyyəti və zərər əsas götürülür. Bizdə məhkəmə rekord mənəvi zərər iddiasını İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya başlatdığı məhkəmə prosesində  50 min manat məbləğində qiymətləndirib”.

Oxunma sayı 97