“Yeganə xalqıq ki, Rusiya əhalisinin 50 faizi BİZLƏ EYNİ QANI DAŞIYIR”

16:40 10.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Türkiyə ilə Rusiya Qarabağda uzlaşmayıb.  Krımda, Abxaziyada uzlaşmayan türk-rus münasibəti Qarabağda heç uzlaşmaz”.

Bunu hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu regionda müşahidə olunan proseslər, Azərbaycanda keçirilən Türkiyə- Azərbaycan birgə hərbi təlimləri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə, Pakistan və Azərbaycanın xüsusi təyinatlılarının birgə təlimləri regionda marağı olan dövlətlərə, xüsusən də Rusiya sülhməramlılarına, eləcə də guya bu gün müharibəyə hazırlaşan Ermənistana bir mesajdır.

“Bu təlimlər ondan xəbər verir ki, III müharibə olarsa, öndə bu üç dövlətin xüsusi təyinatlıları olacaq. İkinci bir tərəfdən bu gün Azərbaycan və Türkiyə hərbi qüvvələri Laçında hərbi təlimlər keçirlər. Bu da o deməkdir ki, nəsə baş verərsə, biz birgə vuruşacağıq. Bu proses həm də onu göstərir ki, artıq defakto Konfederasiya qurmuşuq. Şuşa Bəyannaməsi həm də, Federasiya şərtlərini ortaya qoyub. Proseslər hamısı Konfederasiyadan ötüb Federasiyaya doğru inkişaf edir”.

S.Cəlaloğlu hesab edir ki, Türkiyə ilə Rusiya regionda hər iki dövlət üçün təhlükə olan məsələlərdə uzlaşıblar. Onun sözlərinə görə, maraqların toqquşduğu yerdə uzlaşma yoxdur.

Partiya sədri, son vaxtlar Xankəndiyə girişimizlə bağlı siyasi düşərgədə yaranan məsələlərə də diqqət çəkib.

“Biz çalışmalıyıq ki, Xankəndiyə ən az itki il gedək.  Xankəndinin suverenliyini 1 il gec qaytaraq, amma bir Azərbaycan əsgərinin burnu qanamsın. Zatən bu istiqamətdə xeyli işlər görülüb. Putin deyirdi ki, türklər gedib Bakıda yerləşsin.  Amma biz indi artıq Laçın dəhlizində əlimizdə silah orda türklərlə təlimlər keçirik. Bu nə deməkdir. Bu ruslara, ermənilərə bir mesajdır.  Ermənistanda təlimlər keçir, lap yaxşı hazırlaşsınlar vuruşaq. Rus ekspertləri isə deyirlər ki, əgər Ermənistan Azərbaycanla müharibəyə başlasa, Azərbaycanın, Gürcüstanın tərkibinə keçəcək”.

S.Cəlaloğlu bildirib ki, bu gün Rusiyanın Qarabağda sülhməramlılarla, eləcə də beynəlxalq aləmdə apardığı oyunlar özünü dağılmaqdan qorumağa istiqamətlənib.  Onun fikrincə, Rusiyanın daxilində o qədər problem var ki, əhalinin diqqətini xaricdə yaratdığı süni münaqişələrə cəlb etməklə xilas olmaq istəyir. O ki qaldı aqoniya vəziyyətində olan Rusiyanın bizi də yandırma ehtimalına, S.Cəlaloğlu bunu yanlış saydı.

“Rusiya bizi qətiyyən yandıra bilməz. Bu cür fikirlər ruspərəst qüvvələrin başının altından çıxır. Rusiya bizim yanımızdan yel olub ötə də bilməz.  Biz yeganə xalqıq ki, Rusiya əhalisinin 50 faizi bizlə eyni qanı daşıyır. Başqa xalqların müharibəsi ruslar üçün o qədər də qorxulu deyil. Amma bizimlə, Türkiyə ilə münaqişəyə getmək Rusiyanın ölümü ola bilər. Çünki 50 milyon türk Rusiyada müstəqilik istəyir. Rusiya o vaxta qədər meydan sulayacaq ki, xalqlar hamısı Rusiya siyasətinə tabe olsunlar. Bu dəqiqə tatarlar, başqırdlar da Türkiyəni özlərinə lider hesab edirlər. Baxın, Qarabağda bizim qələbəmizlə bağlı Rusiyada yaşayan türklər nə qədər Azərbaycana dəstək verdilər. Son 200 il ərzində biz nə vaxt Rusiyaya nota vermişik. Amma indi gündə bir nota veririk. Rusiya kifayət qədər çəkinir. Rusiya ekspertləri deyirlər ki, Qarabağa girməklə Rusiya özünü təhlükəyə saldı. Türkiyə də sakit görünmür. Nəhəng işlərin ətaləti də böyük olur” -deyə S.Cəlaloğlu deyib.