Yeni dərs ilində təmayül siniflər necə təşkil olunacaq?

19:15 09.08.2017
Yazını böyüt
Yazını kiçilt

Qaydalara görə, təmayül siniflərində şagirdlərin sayı, ən azı, 20 nəfər olmaqla komplektləşdirilir

Təhsil naziri Mikayıl Cabbarov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, 2017-2018-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrinin X sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” və tam orta təhsil səviyyəsində təmayülləşmənin pilot qaydasında tətbiq olunduğu ümumtəhsil müəssisələrinin XI sinifləri üçün tədris planları, “Tədris planlarına dair qeydlər” təsdiq edilib. Bu, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumtəhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.
Qaydalara görə, təmayül siniflərində şagirdlərinin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi” və tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.
Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyunun sonunadək başa çatdırılır.
Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihənin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda təmayülləşmə dörd istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə təşkil olunur. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat və Azərbaycan tarixi fənləri bütün təmayülləşmədə tədris edilir. Təmayül siniflərində digər fənlər müvafiq ixtisas qrupuna uyğun olaraq müəyyənləşdirilir.
Yeri gəlmişkən, ötən ilin dekabrında ölkə prezidenti tərəfindən təsdiqlənən Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşmənin inkişaf etdirilməsi qeyd olunub. Sənəddə göstərilib ki, iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində nəzərdə tutulan orta və uzunmüddətli hədəflərə çatmaqda ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi müstəsna rol oynayacaq. Belə ki, ümumi təhsil (ümumi ibtidai, ümumi əsas və ümumi orta təhsil) insan kapitalının formalaşmasında strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, ümumi təhsil sistemində idarəetmənin şəffaflığı və demokratikliyi, təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması bilikli cəmiyyət quruculuğunun əsas inkişaf prioritetlərindən hesab olunur. Azərbaycanda ümumi təhsildə infrastrukturun və keyfiyyətin yüksəldilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. 2003-2015-ci illərdə yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin əsaslı təmiri ilə bağlı ciddi işlər görülmüşdür. Bu müddət ərzində maddi-texniki bazanın yaxşılaşdırılmasına baxmayaraq, tədrisin keyfiyyəti dövrün tələblərinə uyğun tam inkişaf etməyib. Orta təhsil pilləsində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün pedaqoji kadrların hazırlığının və tədrisin müasir təhsilvermə və təhsilalma texnologiyasına uyğunlaşdırılması, təhsilvermə və təhsilalma metodlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər dəstəklənəcəkdir. Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcək, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir. İnsan kapitalının formalaşmasında əsas rol oynayan təhsil işçilərinin, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması və müəllimin nüfuzunun artırılması istiqamətindəki təşəbbüslər dəstəklənəcəkdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə 86 başlanmışdır. 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur. Təmayülləşmə peşə-ixtisas təhsili və ali təhsillə əhatəolunma səviyyəsini yüksəldəcək, əmək bazarına daxil olan gənclərin işsizlik riskindən qorunmasına kömək edəcək, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirəcəkdir. Azərbaycanda bundan sonra da təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması, şagirdlərin dərs vəsaitləri ilə təmin edilməsi istiqamətində fəaliyyətlər davam etdiriləcək.
Xarırladaq ki, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın orta məktəblərində tətbiq olunan təmayülləşmə ənənəvi formadan fərqlənir. Onun sözlərinə görə, sovet dövründə dərindən öyrənilən ayrı-ayrı fənlər və proqramlar olub: “O zaman fərq yalnız həmin fənlərə ayrılan tədris saatlarının artırılması ilə bağlı olub, digər fənlər isə olduğu kimi qalıb. Ancaq indiki təmayülləşmə əvvəlkindən əsaslı şəkildə fərqlənir. Bir neçə il öncə bu prosesə başladıq. Əvvəl 5, sonra 8 məktəbdə bu prosesə başlanıb".
Nazirlik rəsmisinin dediyinə görə, 182 məktəbdə təmayülləşmə tətbiq edilib və artıq 7 mindən çox şagird təmayül siniflərdə təhsil alır: "Burada xüsusi tədris planı tərtib edilir, şagirdlərə yalnız onların meylinə, marağına, qabiliyyətinə uyğun olan fənlər tədris olunur. Gələcəkdə onun təhsilinə karyerasına bilavasitə təsir edən fənlər saxlanılır. Bu da şagirdlərin məhz seçdikləri ixtisas sahələri üzrə çox uğur qazanmasına, ali məktəb yüksək balla daxil olmasına və gələcəkdə ixtisas seçiminə güclü təsir edir”.
Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev təmayüllü məktəblərin hələ sovet dövründən mövcud olduğunu xatırladıb. Onun sözlərinə görə, bu məktəblərdə təmayül yalnız 10-11-12-ci siniflərdə deyil, əvvəldən təşkil olunurdu: “Yəni şagird hansı sahə üzrə ixtisaslaşırdısa, o təmayüllü məktəbə də qoyulurdu. O vaxtı kimya-biologiya, fizika-riyaziyyat, xarici dillər, idman təmayüllü məktəblər var idi. Artıq belə məktəblərdə fənnlər ümumiləşdirilib keçirilir, yəni məhz bir ixtisas üçün tədris olunmur. Bu günlərdə belə məktəblərin sayı azdı. Təmayüllü məktəblərdə təhsil prosesində o təmayül hansı fənlərdən idisə, həmin fənlərə dərs saatlarını daha çox ayırırdılar. Ümumi fənləri daha az, təmayüllə daha çox üstünlük verirdilər”.
Ə.Ağayev qeyd edib ki, təmayüllü məktəbləri bitirənlər digər məktəblilərdən savad baxımdan fərqlənməyi bacarırlar: “Hazırda tanıdığımız siyasətçilər və təhsil, elm işçiləri, dövlət xadimlərinin əksəriyyəti məhz həmin təmayüllü məktəblərin məzunlarıdır. Ümumilikdə, təmayülləşmənin aparılması təhsil sistemində böyük üstünlüklərin olacağından xəbər verir”.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Etibar Əliyev də deyib ki, orta təhsildə təmayülləşmənin genişləndirilməsi vacibdir: "Məlum məsələdir ki, yuxarı siniflərdə şagirdlər kütləvi şəkildə məktəbdən yayınırlar. Çünki məktəbdə təmayülləşmə həyata keçirilmədiyindən onlar seçdikləri ixtisas qrupu üzrə daxil olan fənlərdən daha yaxşı hazırlaşmaq istəyirlər. Bunu üçün də əlavə hazırlığa gedirlər. Təbii ki, təmayül fənləri üzrə tədris aparan müəllimlər də kifayət qədər təkmilləşməlidirlər. Belə olan təqdirdə, həyata keçirilən islahatlar daha effektli nəticələr verəcək”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

rubrikasından digər xəbərlər