Yerli qəbilələr arasında toqquşmada 90 adam öldü

11:45 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sudanın Qərbi Darfur əyalətində bazar ertəsindən bəri davam edən qəbilə qarşıdurmalarında ən azı 90 nəfər ölüb.

Hafta.az-ın "Sudan Tribune" qəzetinə istinadən yazdığına görə, ordu ilə Çevik Dəstək Qüvvələri arasında başlayan şiddətli qarşıdurma, Afrika mənşəli Masalit qəbiləsi ilə ərəb qəbilələri arasında ağır silahların istifadə edildiyi qarşıdurmaya çevrilib.

Geneina xəstəxanasının rəsmisi qəzetə bildirib ki, qəbilə zorakılığı nəticəsində son bir neçə gündə 90 mülki şəxs həlak olub, yüzlərlə insan yaralanıb. O əlavə edib ki, bir çox cəsəd hələ də küçələrdədir, çətin təhlükəsizlik vəziyyəti və qəbilə yaraqlılarının Geneina şəhərində geniş ərazilərə yayılması səbəbindən küçədə hərəkət etmək mümkün deyil.

"Silahlı ərəb qəbilələri bütün dövlət qurumlarını, beynəlxalq təşkilatların qərargahlarını, Geneina şəhərinin əsas bazarını, polis qüvvələrinin qərargahını və çox sayda vətəndaşın evlərini qarət ediblər", - Qərbi Darfur yerli hökumətinin yüksək rütbəli rəsmisi deyib. O, həmçinin qeyd edib ki, hökumət sərhədləri bağlasa da, çox sayda vətəndaş Çada qaçıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudanda İnteqrasiya edilmiş Keçid Dövrünə Yardım Missiyasının (UNITAMS) rəhbəri və BMT-nin Sudandakı nümayəndəsi Volker Perthes bu yaxınlarda Geneinadakı zorakılıqdan dərin narahatlığını ifadə edib. "Mülki insanlara qarşı hücumlar, qənimətin və silahların yerli icmalar arasında paylanması fonunda qəbilələrin yerli icmalara təsiri artır" deyə Perthes bildirib.