(Qarabağa birinci səfərim)
Qarabağa səfərimiz səhər açılmamış başladı. 21 iyun 2026-cı il, səhər saat 4-də oyanıb hazırlaşdıq, saat 5-də isə yola çıxdıq. Kiçik səfər qrupumuz sürücü Arzuman əmi və "Yazarlar"jurnalının yaradıcı heyəti; Ustad (Zaur Ustac), Tuncay (Tuncay Şəhrili), Gülü bir də bəndəniz olmaqla 5 nəfərdən ibarət idi. Qarşıda bizi uzun, amma bir o qədər də maraqlı bir yol gözləyirdi. Yol boyu hər kəsin fikri bir yerdə idi – illər boyu həsrət qaldığımız Qarabağı görmək.
Qarabağa - işğaldan azad olunmuş ərazilərə daxil olduqdan sonra ilk dayanacağımız Ağdam oldu. Burada Ağdam məscidini ziyarət etdik. Məscidin həyətində dayanarkən insan istər-istəməz keçmişi xatırlayırdı. Şəhidlərimizin ruhuna dualar oxundu, salavat çevrildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ustad və Tuncay məsciddə namaz qıldı. Həmin an hər kəsin qəlbində vətən sevgisi hiss olunurdu.
Daha sonra yolumuza davam etdik. Xocalı və Xankəndi istiqamətində hərəkət etdik. Yolboyu gördüyümüz mənzərələr Qarabağın yeni həyatından xəbər verirdi. Xankəndidə diqqətimi xüsusilə bir heykəl çəkdi. Heykəlin üzərində erməni dilində yazı vardı. Bu mənzərə bölgənin keçdiyi mürəkkəb, qalmaqallı tarixi bir daha xatırladırdı.
Səhər yeməyi üçün Xankəndi şəhərində yolüstü bir restoranda dayandıq. Çay süfrəsi arxasında həm dincəldik, həm də ətrafı seyr etdik. Uzaqdan görünən Zəfər tağı, Qarabağ Universiteti, dağların qoynunda uzanan yollar və yeni qurulan yaşayış məntəqələri insanda qürur hissi yaradırdı.
Qarabağda diqqətimi çəkən məqamlardan biri də şəhər həyatının canlanması oldu. Küçələrdə avtobuslar işləyirdi, marketlər fəaliyyət göstərirdi. Parklar, istirahət məkanları, yeni tikililər bölgənin yenidən dirçəlişini açıq şəkildə nümayiş etdirirdi. Parkın bir hissəsində piano yerləşdirilmişdi. Dedilər ki, axşamlar burada gənclər toplaşır, musiqi ifa edir, şəhərə xüsusi ab-hava qatırlar.
Səfərimizin növbəti ünvanı Şuşa idi. Azərbaycanın mədəniyyət paytaxtı bizi özünəməxsus ruhu ilə qarşıladı. Burada güllə izləri daşıyan Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəllərini gördük. Hər biri Qarabağın ağrılı keçmişinin və yenidən dirçəlişinin canlı şahidi kimi görünürdü.
Natəvanın malikanəsinin ətrafında gəzdik, xatirə şəkilləri çəkdirdik. Bir qədər sonra saz sədaları eşidildi. Cıdır düzü seryangahına tamaşa etdim, yan hissədə saz ifa edən, oynayan insanlar qədim Azərbaycan musiqisinin gözəlliyini yaşadırdılar. Şuşanın ruhu məhz belə məqamlarda daha dərindən hiss olunurdu.
Dostlarımla birlikdə şəhəri gəzdik, şəkillər çəkdik, tarixi küçələri addım-addım dolaşdıq. Hətta bir sazı əlimə alıb simlərinə toxunmaq imkanı da əldə etdim. "Baş sarıtel" ifasında Ustad şeir dedi. O an özümü bu şəhərin əsrlərdən gələn mədəni yaddaşının bir hissəsi kimi hiss etdim.
Çiçək yığan, saçlarına dən düşsə də ruhu gənc qalan bir nənə gördüm. Ona yaxınlaşıb:
— Nənə, olar çiçəklərinizi çəkim? — dedim.
Gülümsəyərək cavab verdi:
— Olar, nənəsinin çiçəyi.
Səmimiyyəti məni heyran etdi.
— Siz necə də gözəl, necə də şipşirin nənəsiniz, — dedim.
O isə üzümə baxıb:
— Sən də nənəsinin şəklini çəkən balaca şirinsən də, — söylədi.
Nənədəki o sevinc, o doğmalıq hissi yazı ilə də ifadə edə bilmərəm o gözlərindəki hiss, balaca qız uşağı kimi ətarfı gəzərək əllərindəki yığdığı çiçəklər gülümsəyən üzü, ürəyindəkilər gözlərindən oxunurdu.
Bəzən insanın yaşı artır, amma ruhu heç vaxt qocalmır. O nənə də məhz belə insanlardan idi.
Səfərimizin növbəti dayanacağı İsa bulağı oldu. Ətraf yaşıllığa bürünmüşdü. İnsanlar ailələri ilə birlikdə istirahət edir, təbiətin gözəlliyindən zövq alırdılar. Burada Qarabağın təbiətinin necə zəngin və füsunkar olduğunu daha yaxından hiss etdik.
Daha sonra Turş su bulağına yollandıq. Bulaqdan axan mineral su ətrafdakı insanların böyük marağına səbəb olurdu. Su müəyyən vaxtlarla buraxıldığından bir müddət gözlədik. Bu vaxtı çəmənlikdə keçirib dincəldik, yemək yedik və təbiətin gözəlliyindən zövq aldıq.
Bulağın ətrafında gəzərkən maraqlı bir daş tapdım. Bu, xına daşıdır. Daşı su ilə isladıb sürtdükdə xına rəngi əmələ gəlirdi. Gülünün əllərinə bu xınadan çəkdik. Bu kiçik kəşf səfərin yaddaqalan məqamlarından birinə çevrildi.
Sonra yolumuz Laçına düşdü. Laçına daxil olan kimi tamam başqa bir mənzərə ilə qarşılaşdıq. Dağlar, yaşıl çəmənliklər, səliqəli evlər və təmiz küçələr insanda heyranlıq yaradırdı. Sanki təbiət burada bütün gözəlliyini səxavətlə sərgiləmişdi.
İlk olaraq şəhərin panoramik mənzərəsini izləmək üçün ayrılmış əraziyə getdik. Dağın zirvəsindən Laçını seyr etdik. Sonra şəhər mərkəzində bir az gəzib dolandıq. Laçın Seyrangahında müdhiş mənzərəni seyr etdikdən sonra Həkərinin sahilinə endik. Gəzə-gəzə Sus kəndinə getdik. Burada insanların üzündə fərəh və sevinc hissini görmək çox qürurverici idi. Sus kəndində Həkəri çayının sahilində yerləşən restoranlardan birində nahar edib, dincəldik. Onu da qeyd edim ki, qiymətlər çox münasibdir. Restoranın yaxınlığından axan Həkəri çayının səsi ətrafa xüsusi rahatlıq bəxş edirdi. Çayın sahilində dayanıb mənzərəni izləmək insana sözlə ifadə olunmayan bir rahatlıq verirdi.
Laçında yeni yaşayış məhəllələri, marketlər, parklar və uşaqlar üçün yaradılmış istirahət məkanları diqqətimizi çəkdi. Hiss olunurdu ki, burada insanların rahat və təhlükəsiz yaşaması üçün hər bir şərait yaradılıb.
Qayıdış yolunda bir neçə yerdə dayanaraq dağların bəxş etdiyi nemətləri topladıq. Kəklikotu, daş yarpızı və müxtəlif çöl bitkiləri yığdıq. Biz gənclər isə çəmənlikdə gəzişərək papatya güllərindən çələnglər hazırladıq. Təbiətin qoynunda keçən həmin anlar səfərin ən səmimi xatirələrindən biri oldu.
Artıq səfərimizin sonuna yaxınlaşırdıq. Qayıdış yolunda yenidən təbiətin qoynunda qısa fasilələr verdik, dağ havasını ciyərlərimizə çəkdik. Yorğun olsaq da, hər birimizin üzündə məmnunluq vardı.
Gecə saat 12 - 1 radələrində Bakıya çatdıq. Arxada qalan bir gün ərzində təkcə Qarabağın şəhərlərini gəzməmişdik. Biz həm də tarixə toxunmuş, azadlığın dəyərini bir daha hiss etmiş, yenidən qurulan yurd yerlərimizin şahidi olmuşduq. Qarabağdan ayrılarkən yaddaşımızda yalnız gözəl mənzərələr deyil, həm də qürur, minnətdarlıq və ümid hissləri qalmışdı. Şuşada çəkdirdiyimiz bu fotonu təəssüratılarıma əlavə etməkdən qürur duyuram! Yaşasın Azərbaycan!
Südabə Məmmədova
AJB-nin üzvü, jurnalist