Tarixi günlərə şahidlik edirik. İlk dəfədir ki, müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyü, suverenliyi tam bərpa edilmiş Azərbaycan olaraq Zəfər Gününü qeyd edirik. Qürurluyuq, sevincliyik, xoşbəxtik...
Üç il öncə mədəniyyət incimiz sayılan Şuşanın işğaldan azad edilməsi ilə düşməni dizə gətirən, işğal faktına son qoyan Zəfər yolumuz bu ilin sentyabrında Xankəndi, Xocalı, Ağdərə və Əskəranda separatizmə son qoyulması ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə dövlət bayrağımızı ucaltması əslində Azərbaycanın Zəfər yürüşünün davam edəcəyinin anonsu idi. Budəfəki yolumuzun əsas qayəsi isə daha uğurlu gələcək, güclü, müstəqil və bütöv Azərbaycanı qoruyub inkişaf etdirmək, qurmaq, yaratmaq və yaşatmaqdır.
Üç il öncə Şuşanın alınması ilə düşmənin kapitulyasiya aktına imza atması nəticəsində əldə etdiyimiz tarixi qələbəmizi “yarımçıq” sayanlar, ölkəmizin ərazisində separatizmin hələ uzun illər qalacağını iddia edənlər nədənsə indi susurlar. Lakin, üç il ərzində yaşadıqlarımızda bir həqiqət hər kəs üçün əyan oldu. Ali Baş Komandan İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırdı.
İllərlə Azərbaycan xalqını işğal faktı ilə barışmağa sövq edən siyasi güclər Azərbaycan rəhbərliyinin siyasi iradəsi qarşısında aciz qaldı. Hətta, 8 noyabr Zəfərindən sonra da, ərazi bütövlüyümüzü və suverenliyimizi tam olaraq bərpa etmək kimi tarixi missiyamızın yarımçıq qalması, gələcəkdə təxribat planlarının tərkib hissəsi olacaq elementlərin mövcudluğuna səylər göstərildi. Lakin bu planlar Azərbaycan dövlətinin ali rəhbərliyinin qətiyyəti, siyasi iradəsi, xalq-iqtidar birliyi və Ali Baş Komandanın rəhbərliyi altında Vətən üçün canından keçməyə hazır olan igidlərimizin qəhrəmanlığı ilə heç bir nəticə vermədi.
Biz son 200 ildə ilk dəfə olaraq ərazi itirmədik. Əksinə, itirdiklərimizi qaytardıq. Yüz illər boyunca xalqımızın başı üzərində domokl qılıncı kimi asılı qalmış erməni revanşizmini, separitzmini söküb atdıq. Vətən torpaqlarımızda terror yuvalarını qurutduq. Bu gün Ulu Öndərimizin, şəhidlərimizin, Vətən niskili ilə dünyadan köçmüş minlərlə qaçqın və məcburi köçkünlərimizin ruhları şaddır. Onların bizə əmanət qoyub getdikləri müstəqil, suveren, ərazi bütövlüyü bərpa olunmuş, güclü Azərbaycanın əmin əllərdə olduqlarını bilirlər. Bu əmanətin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə ötürüləcəyinə heç bir şübhə yoxdur. Çünki biz artıq unutmayacağıq, unutdurmağa qoymayacağıq.
İndi Qarabağımıza yeni nəfəs veririk, sönmüş həyatı yenidən məşəl kimi alovlandırırıq. İşğaldan azad edilmiş torpaqlarımızın hər bir qarışında bərpa quruculuq işləri aparılır. Sönmüş ocaqlar yenidən bu torpaqlara qayıdan sakinlərin ailə nəfəsi ilə isinir. Keçmiş postosovet məkanında öz imkanları, gücü ilə separatizmə son qoyan yeganə dövlət olaraq dünyaya viran qalmış minlərlə kilometr ərazilərin necə dirçəldiyini nümunə göstəririk.
Bəli, biz qayıtmışıq, öz tarixi ata-baba torpaqlarımıza, Qarabağımıza qayıtmışıq. Bundan sonra hər kəs, dostlarımız da, düşmənlərimizdə bilirlər ki, Qarabağ bizimdir. Bir daha Zəfərin mübarək, Azərbaycan!
Sevinc Seyidova,
"Həftə içi" qəzeti və hafta.az saytının baş redaktoru