"2100 avtobusun hamısı dezinfeksiya olunub"- Mais Ağayev

11:42 17.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla bağlı ölkədə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah açıqladığı qaydalarda bildirir ki,  ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir.

Hafta.az Bakı Nəqliyyat Agentliyində Operativ Qərargahın açıqladığı qaydaların tətbiqi və qabaqlayıcı tədbirlərin icrası ilə bağlı son vəziyyəti öyrənmək üçün qurumun sözçüsü Mais Ağayev ilə əlaqə saxlayıb. M.Ağayev bildirib ki, Operativ Qərargahın Bakı Nəqliyyat Agentliyi qarşısında qoyduğu bütün tapşırıqlar icra edilir:

“Bu çərçivədə ictimai nəqliyyatda əksepidemik tədbirlər aparılır. Bu işlərə nəzarət daha da artırılıb. Hər gecə istehsalat bazalarında monitorinqlər keçirilir. Məqsəd aparılan dezinfeksiya işlərinə nəzarəti təmin etməkdir. Eyni zamanda bildirim ki, 2100 avtobus hamısı dezinfeksiya olunub. Gün ərzində isə avtobuslar təkrar son dayanacaq məntəqələrində təmizlənir. Taksilərdə də eyni ilə işlər görülür. Sərnişinlərin sanitar maarifləndirilməsi məqsədi ilə işlər aparılır, avtobuslarda harda ki, texniki baxımdan bu mümkündür səsli təlimatlar verilir. ÜST-ün tövsiyyəsi əsasında hazırlanan təlimat ictimai nəqliyyatda bu cür epidemik vəziyyətlərdə davranışla bağlıdır. Eyni təlimat yazılı formada avtobuslarda vurulub. Eyni zamanda, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində tətbiq edilib. Həmçinin, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində gözləmə otaqlarında tez-tez əllərin dezinfeksiyası üçün xüsusi dispenserlər qoyulub”.