"Azərbaycan-Rusiya münasibətlərindəki perspektiv Rusiyadan asılıdır” - Rəşad Bayramov

11:39 15.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu, Rusiyadan Azərbaycana qarşı hərbi əməliyyatdır"

“Rusiya Ukraynaya qarşı müharibəyə başlayan ilk vaxtdan Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkədiyini və sonrakı dövrlərdə də dəfələrlə Rusiyanın işğalı altında olan əraziləri tanımayacağını bəyan edib. Azərbaycan Ukraynaya silah yardımı etməyib və buna görə də Azərbaycana qarşı hər hansı ölkə, birlik tərəfindən embarqo tətbiq olunmayıb".

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Azərbaycanın Rusiyanın Ukraynada SOCAR-a məxsus obyektləri vurmasına cavab olaraq ölkəmizdən Ukranaya silah yardımı ilə bağlı embarqonu ortadan qaldırması ehtimalı ilə bağlı açıqlamasında bildirib.

R.Bayramov Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə ikitərəfli münasibətlər saxladığını və iniyə qədər bu ölkəyə humanitar dəstək verdiyini qeyd edib.

O, bu yaxınlarda Prezident İlham Əliyevin Ukraynaya 2 milyon dollar maliyyə dəstəyi ayırmasını bunun bariz nümunəsi önə çəkib:

“İndiki mərhələdə Azərbaycana şimal və cənubdan müəyyən təhdidlərin fonunda özümüzün silahlanmağa, silah arsenalımızı gücləndirməyə daha çox ehtiyacımız var. Belə bir vaxtda Azərbaycandan Ukraynaya silah verilməsi mümkünsüz görünür. Lakin Rusiya Ukraynada və yaxud başqa ərazilərdə bizə aid olan infrastrukturların hədəfə alınması istiqamətində fəaliyyətini davam etdirəcəksə, biz də öz infrastrukturlarımızı qorumaq baxımından həmin ölkələrə silah və texnika göndərə bilərik. Çünki harada olmasından asılı olmayaraq, Rusiya Azərbaycana aid, ona iqtisadi fayda gətirən hər hansı infrastrukturu məhv edirsə, bu, bizə qarşı hərbi əməliyyat hesab olunur. Bu zaman Azərbaycanın da müvafiq olaraq həmin obyektləri qorumaq hüququ meydana gəlir və ondan istifadə edə bilər”.

R.Bayramov bildirib ki, proseslərin bundan sonrakı inkişafını proqnozlaşdırmaq çətindir. Hesab edir ki, Ukrayna-Rusiya müharibəsinin danışıq yolu ilə aradan qaldırılması faktiki olaraq mümkünsüz görünür.

O cümlədən, Azərbaycan-Rusiya münasibətlərindəki perspektivə diqqət çəkən R.Bayramov bunun Azərbaycandan yox, birbaşa Rusiyadan asılı olduğunu deyib:

"Çünki gərginliyi yaradan, davam etdirən Azərbaycan yox, Rusiyadır. Rusiya müvafiq addmlar atarsa, gərginlik aradan qalxa bilər. Təhdidlər, hədələr, obyektlərimizin vurulması, Rusiyada iş adamlarımıza qarşı hücumlar, soydaşlarımıza qarşı təzyiqlər davam edəcəksə, münasibətlərdə heç bir istiləşmə olmayacaq”.