Beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

12:21 24.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan torpaqlarında müharibə başa çatsa da, işğala son qoyulsa da, mina problemi hələ də öz aktuallığını qoruyur. Qarabağ və Şərqi Zəngəzur ərazisinin böyük hissəsi işğal dövründə mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Bu isə Azərbaycan vətəndaşlarının hər gün mina təhlükəsi ilə üz-üzə qalmasına səbəb olur. Müharibənin bitməsindən altı ilə yaxın vaxt keçməsinə baxmayaraq, insanlar hələ də minaların qurbanına çevrilirlər. Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanda yüzlərlə insan mina partlayışı nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarətlər alıb. Mina problemi əhalinin doğma yurdlarına qayıdışına da ciddi maneədir".

Hafta.az xəbər verir ki, bu fikirləri açıqlamasında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib.

O bildirib ki, minalar bölgədə həyata keçirilən tikinti, quruculuq və bərpa işlərinin icrasını ləngidir və əlavə risklər yaradır:

“Mən özüm də Ağdam rayonundan məcburi köçkünəm. Bu gün doğulduğum torpağa, ata-baba yurduma sərbəst şəkildə gedə bilmirəm. Hətta atamın evinə aparan istiqamətə belə yaxınlaşmaq mümkün deyil. Bu, minaların yaratdığı ən ağır problemlərdən biridir. Mina təhlükəsi məcburi köçkünlərin, şəhid ailələrinin və bütün Qarabağ sakinlərinin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtmasına mane olur.

Xatırladım ki, xüsusilə 2020-ci ildən etibarən Azərbaycan mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatları dəfələrlə məlumatlandırıb və bu problemin həlli istiqamətində çağırışlar edib. Lakin buna baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələyə yetərincə diqqət ayırmır və mina təhlükəsinə qarşı təsirli addımlar atmırlar. Halbuki bu təhlükə insanların həyatına son qoyur, onların sağlamlığına ciddi ziyan vurur, eyni zamanda, Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə maneə yaradır. Mən həm də itkin şəhid bacısıyam. Hamıya məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlı itkin düşüb və onların taleyinin araşdırılması istiqamətində genişmiqyaslı axtarışlara Vətən müharibəsindən sonra başlanılıb. Lakin itkinlərin axtarışı prosesində də mina təhlükəsi ciddi çətinliklər yaradır. Axtarış işləri aparılan ərazilərdə minaların mövcudluğu bu prosesi həm təhlükəli, həm də vaxt aparan edir. Buna baxmayaraq, axtarışlar davam etdirilir. Tapılan hər bir kütləvi məzarlıqda aparılan qazıntılar zamanı mina təhlükəsi axtarış qrupları üçün böyük risk yaradır. Bu səbəbdən həm Dövlət Komissiyasının əməkdaşları, həm də prosesə cəlb olunan digər şəxslər çox ciddi çətinliklərlə üzləşirlər. Biz, itkin ailələri, artıq 34 ildən çoxdur ki, doğmalarımızdan xəbər gözləyirik. Mina təhlükəsi onların nəşlərinin tapılması prosesini də uzadır və bizi illərlə gözləməyə məcbur edir”.

Beynəlxalq təşkilatların Azərbaycan ərazilərində basdırılmış minalarla bağlı lazımi səviyyədə tədbirlər görmədiyini vurğulayan İB sədri deyib ki, nəticədə mina təhlükəsinin aradan qaldırılması istiqamətində əsas yükün Azərbaycan dövlətinin üzərinə düşür.

“Qarabağın hər qarışının mina və partlamamış hərbi sursatlardan təmizlənməsi uzun illər, böyük maliyyə və insan resursları tələb edən mürəkkəb prosesdir. Bununla belə, təhlükəsiz qayıdışın təmin olunması, insanların həyatının qorunması və Qarabağın bərpası naminə bu işlər ardıcıl şəkildə davam etdirilir.

İllər keçir, lakin beynəlxalq təşkilatlar – istər BMT, istər Avropa Şurası, istər Avropa Parlamenti, eləcə də digər beynəlxalq qurumlar bu problemi görməzdən gəlir və mina təhlükəsinin aradan qaldırılması istiqamətində heç bir ciddi tədbir görmürlər. Beynəlxalq təşkilatlar mina məsələsində daha prinsipial, ardıcıl münasibət nümayiş etdirməlidirlər. Məcburi köçkünlərin, şəhid ailələrinin torpaqlarına təhlükəsiz qayıdışını təmin olunmalıdır”, - deyə K. Behbudova bildirib.