"Azərbaycan Türkiyənin dostu yox, qardaşıdır" - Hülusi Akar

18:18 02.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Öz torpaqlarını Ermənistanın işğalından qurtarmaq üçün əməliyyat aparan Azərbaycan Türkiyənin dostu yox, qardaşıdır".

Hafta.az yazır ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar deyib. Nazir bildirib ki, uzun illər ərzində Minsk Qrupu Qarabağ münaqişəsinin həlli yönümündə heç bir iş görə bilməyib. Ermənistan öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmaqdansa, əksinə, yeni torpaqlar ələ keçirməyə cəhd göstərib. Bu da yolverilməzdir. 

Nazir deyib ki, Ermənistanın qarşısında bu gün güclü Azərbaycan dayanıb və sevindirici haldır ki, son bir ay ərzində Azərbaycan ordusu ərazilərinin xeyli hissəsini erməni qəsbkarların işğalından azad edib. O, erməni qoşunlarının Azərbaycanın işğal edilən torpaqlarından çıxmadığı müddətdə Ermənistanla hər hansı sülh və atəşkəsin imzalanmayacağına inandığını bildirib:

"Ermənistan işğal etdiyi torpaqlardan çıxmadan hər hansı müsbət nəticənin olmayacağını hamı başa düşməlidir. Azərbaycan silahlı qüvvələri son dərəcə hazırlıqlı, təlimli və mükəmməldir, hər cür hüquqa, ədalətə və məntiqə uyğun şəkildə hərəkət etməkdədir. Məsum insanlara qarşı hər hansı radikal addım atılmır, onlara qarşı hücumdan söhbət belə gedə bilməz. Amma bütün dünyanın gözləri qarşısında, Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə raket zərbəsi endirir, mülki əhalinin yaşadığı və müharibə bölgəsindən çox uzaqlarda yerləşən yaşayış məntəqələrini top atəşinə tutaraq insanları qətlə yetirir. Bildiyimə görə, yüzdən çox mülki insan bu şəkildə, yatdığı yerdəcə qətlə yetirilib", - deyib H.Akar.

Nazir Akar qeyd edib ki, Ermənistan PKK quldurları başda olmaqla, hər zaman terrorçulara dəstək verib və çox sayda terrorçu və muzdlu döyüşçüləri toplayaraq Azərbaycan ordusu ilə döyüşmək məqsədilə Qarabağa gətirib. "Türkiyə dövləti Ermənistandan həmin muzdlu silahlıları və PKK terrorçularını dərhal bölgədən çıxarmasını və Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edir. Bütün dünya bilsin ki, Türkiyə hər zaman azərbaycanlı qardaşlarının yanında olacaq", - H.Akar deyib.