"Azərbaycanda koronavirus xəstələrinin plazma üsulu ilə müalicəsinə ehtiyac qalmayacaq" - Ekspert

13:54 16.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda bütün müalicə protokollarından istifadə etmək üçün imkan var”. 

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, koronavirusdan sağalmış şəxslərdən plazma ayrılaraq xəstə insanlara tətbiq edilməsinə gələn həftədən başlanılacaq: “Sağalan insanın plazmasında “COVİD-19”a qarşı anticisimlər olur. Həmin şəxslərin yan xəstəlikləri yoxdursa, onların plazmasını ağır xəstələrə, süni tənəffüs aparatına qoşulanlara köçürmək olar. Biz bu məsələni müzakirə edirik. Bu gün bura gəlmədən öncə Səhiyyə nazirinin müavini Viktor Qasımovla müzakirə apardıq. Qərar verildikdən sonra gələn həftə başlaya bilərik. Öncə sağalan xəstələrin dəvət olunması proseduru hazırlanacaq”.

Bu praktikanın tətbiq olunması nə dərəcədə effektiv sayıla bilər?

Bu barədə hafta.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla dedi ki, bu doğru yanaşmadır. Tibbdə vardır ki, xəstəliyin modeli heyvalarda yaradılır, sınaq üçün aparılır. Bu passiv immunizasiyadır:

“Əks cisimlərin, antitellərin yaradılmasında iştirak eləmir. Hazır şəkildə götürülür və hazır şəkildə istifadə olunur. Bu effektiv metoddur. Bunu düşünüblərsə gözəl təşəbbüsdür. Koronavirusu ağır şəkildə keçirib, sağalan adamın qanını yoxlamaq lazımdır. Əgər onda Hepatit B,C və digər xəstəliklər aşkar olunmamışsa o zaman onun qanından köçürməsi müvafiq sayılır. Ancaq mən düşünürəm ki, bizdə buna geniş ehtiyac olmayacaq. Çünki bizdə bu xəstəlik geniş yayılmayıb. Artım da çox olmayacaq. Koronavirusun yayılmasının aprelin sonunda enən xətlə inkişafı proqnozlaşdırılır.