Hazırda dünyanın iqtisadi mənzərəsinə nəzər yetirsək ən çox müzakirə olunan mövzulardan birinin neftin qiyməti ilə bağlı olduğunu desək yanılmarıq.
Maraqlıdır pandemiya müharibəsi vaxtında neftin qiymətinin kəskin enişi iqtisadiyyat üçün nələri vəd edir, bu qiymətlərin hələ də enişi gözləniləndirmi?
Məsələ ilə bağlı hafta.az-a danışan iqtisadçı alim, millət vəkili Vüqar Bayramov dedi ki, həm siyasi, həm də iqtisadi kontekstdən dünyada yeni düzənə hazırlıq başa çatmaqdadır:
“Texas markalı (WTI) neftin 1 bareli 1 dollardan ucuz satılır. Neftin qiyməti sıfıra yaxınlaşır. Digər birjalar da dalğalanır. Koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşdirməkdə davam edir. Bu artıq yeni dünya düzəninə cəhd kimi də dəyərləndirilə bilər. Deməli, post-pandemiya dövründə dünyanı yeni sürprizlər gözləyir. Pre-pandemiya dövrü isə xəyal olaraq qalmaqdadır”.
Natiq Cəfərli isə hesab edir ki, may ayının sonunda, post-pandemiya dövründə də neftin qiymətin bahalaşması gözlənilən deyil:
“Neftin qiymətinin kəskin enməsi iki səbəbdən baş verdi. Birincisi Amerikanın yüngül marka neftin may fyucerslərinin satışının son günü idi. Ona görə də fyucersləri əlində olan treyderlər tezliklə may fyucerslərini satmaqda maraqlıdırlar. Çünki may ayında dünyada karantindən çıxma ehtimalı sıfırlanır. İkincisi isə 4 milyard insan karantin vəziyyətində yaşayır. Deməli, neft istehlakı may ayı ərzində artmayacaq. May fyucerslərini satışa çıxarmaqla yanaşı, daşınma xərclərini də öz ciblərindən qoyurlar. Ona görə ki, nefti saxlamağa yer yoxdu. Dünyada neft istehsalı bu gün 100 milyon bareldisə, istehlakı isə 70 milyon barel təşkil edir. Bu, o deməkdir ki, hər gün 30 milyon barel neft toplanıb qalır. Bunu yığmağa rezervuarlar, tankerlər bəs eləmir. Güman olunur ki, bu enmələr dalğa-dalğa davam edəcək. Çünki bu həftə neftin istehlakında yenidən 10 milyon düşmə ehtimalı var. Yəni 100 milyon barel neftin 40 milyonu istehlak olunmayacaq. Dünyada neftin saxlanılması hazırda problemə çevrilib”.