"Sale, sale, sale... Sezonarası endirim... Şok endirim kampaniyası, bütün məhsullara 70-80 faiz endirim... Üçünü al, birini ödə...”. Yəqin ki, şəhərin mərkəzi küçələrində, iri ticarət mərkəzlərində yerləşən məşhur mağazaların önündən keçərkən, bu kimi elanlar sizin də diqqətinizi çəkib. Hazırda mağazalarda xüsusilə qış geyimlərinə böyük endirimlər var. Məsələn, yanvar ayında 70-80 manata təklif olunan şalvarlar endirimlə 25-30 manat, 140-160 manata təklif olunan üst geyimlər 80-90 manat, 100-120 manata təklif olunan çəkmələr 45-50 manatdır.
Maraqlıdır, bu qədər endirimi yaradan səbəblər nələrdir? Bu endirimlər nə qədər realdır? Ümumiyyətlə, burada sahibkar udur ya uduzur? Bu malların maya dəyəri əslində nə qədərdir?
Mövzu ilə bağlı “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov deyib ki, bu cür endirim kampaniyaları bir sıra ölkələrdə o cümlədən, Azərbaycanda da mövcuddur. Əslində bu mağazaların müştərini qapıdan içəri salmaq üçün edilən “marketinq tələ”sidir: “Bunların demək olar ki, əksəriyyəti yalancı endirimlərdir. Sadəcə “marketinq tələsi”dir. Sahibkar yeni sezon başlayır deyə əlində qalan malları müştəriyə sırıyır. Məsələn, endirim yazısını görən müştəri mağazaya daxil olur, malı götürür, deyirlər ki, mal endirimdə deyil. Bəzən də endirimdə olmayan malı endirimdə olan malın yanına qoyurlar, istehlakçı malı götürür, kassada növbəsi çatanda görür ki, mal endirimdə deyilmiş. Azərbaycanda istehlakçı hüquqları yaxşı qorunmadığından bu problem yaşanır. Bu cür endirim kampaniyaları ilə bağlı tez-tez şikayətlər alırıq. Biz bu gün həqiqətən də mağaza və ticarət obyektlərində 70-80 faizə qədər endirim elanları görürük. Yaxud istehlakçıları cəlb etmək üçün “Dükan bağlanır” sözləri yazılır, lakin aylarla həmin mağaza bağlanmır. Burada istehlakçı hüquqlarının pozulması var. Qeyd edim ki, Nazirlər Kabinetinin 80 saylı qərarı var. Həmin qərara görə, malların üzərində dükanın maddi məsul şəxsinin möhürü olmaqla qiymət sənədləri olmalıdır. Bunlar isə adi kağıza yazılmalı deyil. Rəsmi bir sənəd olmalıdır, istehlakçı baxıb görsün ki, qiymət əvvəl necə olub, indi necədir. “İstehlakçının hüquqlarının müdafiəsi haqqında” Qanuna görə, istehlakçının hüququ istənilən sənədlə qorunmalıdır. İstehlakçının, həmçinin ilkin qiymət sənədlərini tələb etmək hüquqları vardır. Təəssüflər olsun ki, Azərbaycanın əmtəə bazarında 95 faiz mallar üzərində belə bir qiymət sənədi yoxdur. Bu vəziyyət hazırda böyük problem olaraq qalır. Digər narahat doğuran məsələ isə endirim kampaniyası ilə satılmış malın istehlakçının tələbini ödəmədiyi zaman keyfiyyətsiz olursa, mağazalar qaytarılan malı qəbul etmirlər. Deyirlər ki, bunu endirim kampaniyası ilə almısınız. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15.1 və 15.2 bəndində endirim kampaniyasında satılmış malların qaytarılmaması barədə heç bir müddəa yoxdur. Bu da birbaşa istehlakçı hüququnun pozulması deməkdir. Bu anormal vəziyyətin iki mühüm səbəbi var. Birincisi, cəmiyyətdə istehlakçı siyasətinin düzgün formalaşmamasıdır. İkincisi isə istehlakçı maarifçiliyinin aşağı səviyyədə olmasıdır”.
Onun sözlərinə görə, hər mövsüm gələndə alıcılar aldadılmaqla yanaşı, həm də soyulur: “Şişirdilmiş qiymətlər və yalançı endirimlərlə bağlı böyük problemimiz var. Bu da onu göstərir ki, ölkəmizdə mükəmməl və perspektivli istehlakçı siyasəti formalaşmayıb. Saxta kampaniyaların təbliği insanların cibini bir növ soymağa hesablanıb. İstehlakçı bilməlidir ki, bu endirimlərdən onlar deyil, sahibkarlar qazanır. Çünki qiymətlər o qədər şişirdilir ki, endirimli qiymətlərlə belə satılan məhsul yenə də sahibkara qazandırır. Yəni, burada sahibkar heç nə itirmir. Həmin məhsulların maya dəyəri təklif olunan qiymətdən qat-qat aşağıdır”.
Ekspert əlavə edir ki, istehlakçı hər hansı bir yerdə endirim kampaniyası ilə rastlaşarkən, ilk növbədə hüquqlarından istifadə edib malların ilkin və rəsmi qiymət sənədlərini tələb etməlidir: “Belə yerlər boykot edilməlidir və biz istehlakçı boykotu ilə malların üzərindəki sənədləri təmin edə bilərik. Eyni zamanda, insanlar aldadılqıdlarını bildikdə, İqtisadiyyat Nazirliyinin 195 nömrəsinə zəng vuraraq şikayət etsinlər”.
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov isə deyib ki, bu kimi kampaniyalar haqsız rəqabətin göstəricisidir: “Yalançı endirim kampaniyaları ilə rastlaşdıqda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək lazımdır. Bunu edən şəxsləri məsuliyyətə cəlb edərək cərimələyə bilərlər. Təəssüf ki, bəzi istehlakçılar hüquqlarını bilmədiyinə görə, müdafiə etməyin yollarından da məlumatsızdır. Ona görə də belə hallarla rastlaşanda susmağı seçirlər. Halbuki haqlarını öyrənib, yeri gələndə onu qoruyub, bu qanunsuzluğa qarşı çıxsalar, belə halların sayı xeyli azalar”.