"Ərdoğanın bu təklifinin məqsədi Trampın marağını cəlb etmək olub" - Vüqar Dadaşov

10:07 16.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“ABŞ Prezidenti Donald Trampın “Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq” açıqlaması və paralel olaraq ABŞ-ın prosesdə iştirakını vurğulaması, bütövlükdə Cənubi Qafqazda 44 günlük müharibədən, 23 saatlıq antiterror tədbirlərindən və rus "sülhməramlılarının" Azərbaycandan çıxarılmasından sonra ciddi hərbi-siyasi vəziyyət yaradacaq bir prosesdir”.

Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın Nyu-Yorkda jurnalistlərə açıqlamasında "ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib" deməsi, ABŞ-ın Zəngəzurla və ümumiyyətlə Ermənistan və Azərbaycan münasibətləri ilə bağlı planlarının və onu həyata keçirməkdə israrlı olduğunu ortaya çıxarır.

Ekspert xatırladıb ki, Zəngəzur dəhlizinə xaricdən nəzarət təklifini hələ keçən ilin sentyabrında Türkiyə Prezidenti Ərdoğan Ermənistan Baş naziri Paşinyanla Nyu-Yorkda Türk evində görüşündə vermişdi:

“Nəzərdən qaçmamalıdır ki, Trampın Ermənistan-Azərbaycan, bütövlükdə Cənubi Qafqaz məsələsinə nəhayət lazımi diqqət yetirməsi, onun Rusiya Prezidenti Putinlə telefon danışığından sonra baş verdi. Həmçinin, həmin danışıqdan sonra Trampın Rusiyaya münasibətinin dəyişdiyi müşahidə olunur. ABŞ Ukraynaya da silah tədarükünü, yardımını da bərpa edib. Tramp Rusiya ilə münasibətləri normallaşdırmaq, Rusiya-Ukrayna müharibəsinə son vermək niyyəti ilə Rusiyanın maraq dairəsində olan Zəngəzur, ümumən Cənubi Qafqaz məsələsindən müəyyən distansiya saxlayırdı. Tramp Putinlə danışıqların əhəmiyyətsiz olduğu qənaətinə gələndən sonra, Rusiyanın Zəngəzur və ümumiyyətlə Cənubi Qafqazda maraqlarının üstündən xətt çəkdiyi görünür. Ancaq bu, Ermənistanda hərbi gücünü artırmaqda davam edən Rusiyanın geri çəkiləcək anlamına gəlməməlidir”.

V.Dadaşov eyni zamanda deyib ki, bu günlərdə, Suriyanın keçid dövrünün Prezidenti Əhməd əl-Şaraanın Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, Suriyanın qazla təchizatı və infrastrukturun yaradılması ilə bağlı Azərbaycanla razılaşmanın əldə olunması, Suriyaya qaz tranzitinin Zəngəzur dəhlizi vasitəsi ilə nəqlini mümkün layihə kimi masaya gətirir. Onun sözlərinə görə, əgər ABŞ Prezidentinin dövlətlərarası və ümumən beynəlxalq münasibətlərdə əsas iqtisadi maraqları önə çəkdiyini və xüsusən də Çinlə iqtisadi mübarizəsini nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinə nəzarət ABŞ-ın həm iqtisadi maraqlarına uyğundur və Çinin Orta Dəhlizdən istifadə etməklə Avropaya çıxışına mane ola bilər:

"Zəngəzur dəhlizinə nəzarət ABŞ-a bir növ həm Rusiya, həm də Çinlə geosiyasi mübarizəsində öndə olmağa imkan verir. Zəngəzura ABŞ-ın nəzarət planları barədə xəbərlərə İranın reaksiya verməməsi isə artıq onun reallığı qəbul etdirməsinin səbəbi kimi qiymətləndirilir.
Zəngəzura xarici şirkətin təklifinin Ərdoğan tərəfindən verilməsinə gəlincə, təklif Türkiyənin milli maraq və geosiyasi ambisiyaları ilə üst-üstə düşür. İlk növbədə Rusiyanın regiondan uzaqlaşdırılması və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi üçün geniş imkanlar vəd edir. İlkin mərhələdə Ərdoğanın bu təklifinin elə məqsədi də Rusiyanın regiondan kənarlaşdırılmasına ABŞ-ın marağını cəlb etmək olub. Əlbəttə ki, Türkiyə NATO-nun üzvü və regionda əsas faktor kimi ABŞ-ın Zəngəzur dəhlizinə nəzarətində iştirakının ehtimalı yüksəkdir”.