"Fransa və onun törəmələrinin bütün addımları Zəngəzur dəhlizi ilə bağlıdır" - Azər Badamov

14:12 31.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanla Ermənistan arasında danışıqların vasitəçisiz, ikitərəfli olmaqla minimum səviyyədə tutulmağa çalışıldığının şahidiyik".

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputatın sözlərinə görə, məlumdur ki, məsələyə daxil olan istənilən aktor prosesdə də, yekunda da öz marağının olmasına çalışacaq:

"Azərbaycan buna nail olub. Ermənistanın baş naziri Nikol Paşinyanın da müsbət ritorikasını və bu istiqamətdə addımlarını görürük. Paşinyan indiki məqamda regional aktorları nəzərə aldığını, onların maraqlarını önə qoymağa bacardığını nümayiş etdirir. Seçkini nəzərə alaraq, seçkiqabağı, hətta Rusiya lideri Vladimir Putin ilə görüşə də maksimum can atır”.

A.Badamov vurğulayır ki, Əbu-Dabidə keçirilən görüş, verilən açıqlamalar məlumdur. Ən mühümü isə Zəngəzur dəhlizi ilə bağlı olan açıqlamalardır ki, bununla bağlı Türkiyə və Azərbaycandan mütəmadi, ardıcıl səslənən bəyanatların şahidiyik:

“Bu müsbət meyillərə tamamilə əks istiqamətdə olan Fransa və bu kimi ölkələr yenidən addımlar atmağa çalışırlar. Təbii ki, Azərbaycanın mövqeyi bəllidir. Ölkəmiz Fransa kimi dağıdıcı mövqedə olan istənilən aktoru birmənalı qaydada əlinin tərsi ilə geri çevirir. Fransanı hiddətləndirən amillərdən biri budur. Regionla bağlı gözləntiləri tamamilə puç olur. Digər amil Türkiyənin bölgədəki mövqeyinin daha da güclənməsi ilə bağlıdır”.

A.Badamov Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda Zəngəzur dəhlizinin açılmasının Şimal–Cənub nəqliyyat dəhlizinin fərqli bir axının kimi fəaliyyət göstərəcəyinə diqqət çəkib:

"Şimal–Cənub nəqliyyat dəhlizi üzrə Rusiyanın fundamental baxışı bəllidir. Belə olan təqdirdə, Fransa, sadəcə, Türkiyə və Azərbaycana deyil, həm də Rusiyaya uduzur. Bu da Cənubi Qafqazın tamamilə əldən çıxması anlamına gəlir".

Deputat hesab edir ki, məsələ Fransa–Azərbaycan münasibətləri qədər Fransa–Rusiya, həm də Fransa–Türkiyə münasibətləri üzərindən dəyərləndirilməlidir:

“Fransanın Azərbaycana qarşı apardığı kampaniyalar, qəbul etdiyi qətnamələr heç bir nəticə vermir. İndiki qətnamələrin məqsədlərindən biri konstruktiv meyillərə zərbədirsə, digər tərəfdən, təbii ki, həm də seçkiöncəsi Ermənistana edilən jestdir. Bu, Makronun özünə lazım olacaq əldəsaxlama siyasətidir. Azərbaycan bu cür aktorları kənarda saxlamaqla danışıqları minimuma endirməyə, bölgə xalqlarına gələcək dividendləri maksimum artırmağa çalışır. Aktorların sayının artırılması, arealın genişləndirilməsi belə cəhdlərə imkan vermir”.   

A.Badamov bildirir ki, Ermənistan və Azərbaycan liderləri, siyasi təsisatları arasında birbaşa ünsiyyət mümkündür. Qarşılıqlı fikir mübadiləsinin aparılması davam etməlidir:

“Fransanın səyləri son dərəcə dağıdıcıdır, Cənubi Qafqaz isə dağıdıcı elementlərdən təmizlənir. Sülh müqaviləsinin imzalanması təkcə iki ölkə və xalq arasında sülh deyil, həm də Cənubi Qafqazda yeni konfiqurasiyanın müəyyənləşəcəyinə işarədir. Bütövlükdə, Zəngəzur dəhlizi yenidən mərkəzə gətirilib. Yuxarıdan və aşağıdan olmaqla Fransa və onun törəmələri tərəfindən cəhd edilən bütün addımlar onunla bağlıdır”.