Nərmin İsmayılova (xəstənin xahişi ilə ad şərti verilir) Azərbaycanda koronavirus pandemiyasının ilk günlərində bu virusa yoluxub. Hazırda tam sağalıb. Özəl şirkətlərin birində çalışır. Hazırda ciddi karantin rejimi tətbiq edildiyindən şirkət əməkdaşları işə çıxmadığı üçün o da evdədir. İndi vəziyyətinin çox yaxşı olduğunu bildirir.
Koronaviusdan sağalan Nərmin İsmayılovanın (ad şərtidir-red.) hafta.az-a müsahibəsini təqdim edirik:
-Nərmin xanım, nə vaxt yoluxmusunuz virusa?
-İlk simptomlarını martın 3-də hiss etməyə başladım. Əvvəlcə fikir vermədim. Elə bildim mövsümü viruslardır. Sonradan durum daha da ciddiləşəndə həkimə getdim. Bundan 4 gün sonra isə xəstəxanaya yerləşdirildim.
-Nə idi ilk simptomları?
-Boğaz ağrısı, quru öskürək, 39 dərəcədən aşağı düşməyən qızdırma... Halsız idim. Öskürüncə sinəm ağrıyırdı. Kürəyimdə sancmalar hiss edirdim. Onu da deyim ki, hər adamda bu simptomlar fərqli olur. Orqanizmə görə dəyişir. Məsələn, məndə nəfəs çatışmazlığı yox idi. Bu da immunitetin güclü olması ilə əlaqədardır. Yaşlı adamlarda isə əksinə olur. Birinci nəfəs çatışmazlığı, daralma özünü biruzə verir.
-Bəs harada müalicə olundunuz?
-Kliniki Tibbi Mərkəzdə. Martın 7-i axşam həkim müayinəsindən keçdim. Şübhələndilər, test etdilər. Testin nəticələri çıxana kimi izolyasiya edilmiş otaqda qaldım. Bir gün sonra cavablar çıxdı. Pozitiv idi. Xəstəliyi yüngül keçirdiyimə görə məni yuxarı palataya yerləşdirdilər. Ümumiyyətlə, 28 gün xəstəxanada qaldım. Tam sağalmışam.
-Sizi müalicə edən həkimlərlə bağlı nə deyə bilərsiniz?
-Doğrudan da fədakar həkimlərimiz var. Hamı küçədə öskürən adam görəndə çalışır ki, yolunu dəyişsin. Amma onlarla məsafəmiz 1-2 metr olurdu. Nə xahiş etsək yerinə yetirirdilər. Daima maraqlanırdılar. Hərarətimizi ölçürdülər. Zarafat edirdilər ki, keyfimiz yerinə gəlsin. Deyib-gülürdük. Orada bizim sağlamlığımızın keşiyində duran hər bir həkim sanki həm də psixoloq idi. Həmişə palatalarda bizi müsbət auraya kökləyirdilər.
-Ağır xəstələrin durumu necə idi?
-Onlar başqa otaqda müalicə olunurdular. Biz onları görmürdük. Sadəcə şifahi məlumatlar tuturduq. Bu barədə danışmaq istəmirəm... Bircə onu deyə bilərəm ki, nikbin olmaq lazımdır. Deyib-gülmək, əylənmək... Xəstəliklə əylənəndə səndən küşüb gedir.
-Koronavirusa yoluxduğunuzu eşidəndə qorxmadınız ki?
-Özüm üçün yox, ailəm üçün narahat oldum. Bacımla birlikdə yaşayıram. Tələbədir. O da testdən keçdi amma xoşbəxtlikdən nəticələri mənfi oldu. Amma 14 gün hər ehtimala qarşı karantində qaldı. Sadəcə mübariz olmaq lazımdır ki, xəstəliyə qalib gələsən. Nikbin olmadan ona qalib gəlmək mümkün deyil. Deyib-gülmək lazımdır. Mən özüm də təbiətən nikbin insanam. Deyib-gülməyi, zarafat etməyi sevirəm.
-Bəs bir aya yaxın eyni palatada olmaq cansıxıcı deyildi?
-Əlbəttə, cansıxıcı idi. Amma başqa əlac da yoxdu, dözməyə məcburduq. Xəstəxanın pəncərələri bağlıdır. Təhlükəsizlik səbəbi ilə izolyasiya edilib. Boş olanda kitab oxuyurdum. Orxan Pamukun “Mənim adım qırmızı” romanını özümlə götürmüşdüm. Onu bitirdim. Musiqi dinləyirdim. Gimnastika ilə məşğul olurdum. Hətta çarpayımda oturub yoqa ilə məşğul olmağa cəhd göstərirdim. Amma fikrimi cəmləşdirə bilmirdim (gülür).
-Otaqda neçə nəfər idiniz?
-Üç xanım idik. Üçümüzün də durumu kafi idi. Üçümüz də 20-ci günümüzdə demək olar ki, tam sağalmışdıq.
-Yadda qalan xoş xatirə oldumu xəstəxanadan?
-Hə, oldu. 8 Martdan fərqli olaraq Novruz Bayramını, ilaxır çərşənbəni müalicə olunduğumuz xəstəxanada keçirdik. Həkimlər xonça bəzəmişdilər. Şəkərbura və “moskovski” konfetlər vardı xonçada... Onları yedik, çay içdik. Sonra telefonda Novruz mahnıları qoyub oynadıq. Həkimlər də təhlükəsizlik məsafəsini gözləmək şərti ilə bizə baxırdılar. Əl çalırdılar. Amma üzüldüyüm şey də odur ki, səni müalicə edən, sağlamlığını özünə geri qaytaran adamların üzünü görə bilmirsən. Çünki üzləri qapalı olur, görünmür. Hər birinə qucaq-qucaq təşəkkürlərimi göndərirəm.
-İndi neynirsiniz? Bildiyim qədər işə çıxmırsınız...
-Bəli, evdəyəm. Ciddi karantin səbəbi ilə işə çıxmırıq. Bacımla birgə əylənirik, yeməkbişirmə qabiliyyətlərimizi yoxlayırıq. İnternetdən öyrəndiyimiz yeməkləri bişirməyə çalışırıq. Belə pis deyil, evə qapanmaq da maraqlıdır. Bu da keçəcək, pis günün ömrü az olur.