"Hər bir ölkə istənilən vaxt bu cür vicdansız üsullarla təhlükəyə düşə bilər" - Çexiya XİN

18:10 30.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bu gün Rusiya Federasiyası Ukraynanın bölünməz hissəsi olan və rus işğalçı qoşunlarının işğalı altında olan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ilhaqını elan edib. Bu hərəkət rus əsgərin silahı ilə manipulyasiya edilmiş ictimai səsvermə ilə əsaslandırıla bilməz. Bununla da Putin rejimi beynəlxalq hüququn əsas prinsiplərini növbəti dəfə kobud şəkildə pozur və Avropanın təhlükəsizliyini, eləcə də mövcud qlobal nizamın mahiyyətini təhdid edir".

Hafta.az-ın yazdığına görə, bu sözlər Çexiya Xarici İşlər Nazirliyinin, bu ölkənin Azərbaycandakı səfirliyinin facebook səhifəsində yerləşdirilmiş bəyanatında deyilir. Qeyd olunur ki, beynəlxalq birliyin hər bir üzvü gələcəkdə istənilən vaxt bu cür vicdansız üsullarla təhlükə altına düşə bilər. "Çexiya tanımadığı və gələcəkdə də tanımayacağı bu hərəkəti qətiyyətlə pisləyir, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi suları daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir. Avropa İttifaqı Şurasına sədrlik edən ölkə olaraq bu qeyri-qanuni addıma güclü və vahid reaksiyanın verilməsi üçün çalışacaq. Eyni zamanda, Rusiya səfərbərlik elan etməklə və kütləvi qırğın silahlarından istifadə ilə hədələməklə, Ukraynaya qarşı işğalçılıq müharibəsi ilə Avropada özünün yaratdığı onsuz da çox təhlükəli vəziyyəti daha da gərginləşdirir. Biz bir daha Rusiyanı bu müharibəni dayandırmağa və qoşunlarını dərhal Ukrayna ərazisindən çıxarmağa çağırırıq", - bəyanatda bildirilir.

Çexiya dövləti bütün sivil dünya kimi, Rusiya silahlı qüvvələrinin Ukraynanın işğal olunmuş ərazilərində törətdiyi cinayətləri pisləyir. Praqa düşünür ki, manipulyasiya edilmiş ictimai səsvermə sadəcə orada yaşayan Ukrayna vətəndaşlarının real iradəsini azad ifadə etmə imkanının parodiyasıdır, əvəzində qorxudulur, qeyri-insani manipulyasiyalara, amansız işgəncələrə və kütləvi qətllərə məruz qalır. Bu, Çexiyanın qonşu dövlətə qarşı təxribatsız işğalçılıq müharibəsinə görə məsuliyyət daşıyan Rusiyanın bütün rəsmi nümayəndələrini məsuliyyətə cəlb etmək üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb etməyə davam etməsinin başqa bir səbəbidir. Kremlin təhdidlərinə baxmayaraq, Çexiya Ukraynanı və onun vətəndaşlarını Rusiyanın cinayətkar təcavüzünə qarşı ədalətli müdafiəsində və bütün işğal olunmuş ərazilərin azad edilməsi uğrunda apardıqları mübarizədə dəstəkləməyə davam edəcək. "Ukrayna da bizim üçün, cəmiyyətimizin üzərində qurulduğu dəyərlər uğrunda mübarizə aparır. Çexiya təcavüzkarı sakitləşdirməklə bağlı öz uğursuz tarixi təcrübəsinə malikdir. Təcavüzlə mübarizə aparılmalıdır. Ukrayna azad və müstəqil qalmalıdır", - bəyanatda qeyd olunur.