"Hindistan ştammı" - ölkəmiz üçün təhlükə varmı?

12:47 01.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Əhalinin bir qisminin vaksinasiya edilməsi və başqa amillərlə əlaqədar hazırda ölkədə koronavirusla bağlı yeni yoluxmaların sayı kəskin şəkildə azalıb. Buna baxmayaraq, indi dünyamız növbəti təhlükənin astanasındadır. Belə ki, COVID-19-un mutasiyaya uğraması nəticəsində yaranmış yeni tipi olan "Delta plus", artıq onlarca ölkədə yüzlərlə adamın həyatına son qoyub. Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, Hindistan ştammı artıq 92 ölkədə yayılıb. Bundan başqa, Moskvada COVID-19-a yeni yoluxanların 90 faizində "Hindistan ştammı" aşkarlanıb. Bəs görəsən hazırda ölkəmizi hansı təhlükələr gözləyir? Bu yeni qapanma deməkdir?

Hafta.az mövzu ilə bağlı mütəxəssisə müraciət etdi. Həkim-infeksionist Vüqar Cavadzadə söylədi ki, Hindistan ştammı olduqca təhlükəli tipdir. Əsas xarakteristikası sürətli yayılması, uşaqların yoluxması və ölüm hallarının çox olmasıdır. Üstəlik, yeni tip virusun qonşu ölkələrdə də yayılması əhalimiz üçün təhlükəni bir qədər də artırır:

"Rusiyada son həftədəki vəziyyətə baxsaq görərik ki, günə təxmini 2000-2500 adam ölür. Virus çox sürətlə yayılır və ölkə artıq bununla bağlı müəyyən tədbirlər görməyə başlayıb. Elə qardaş ölkə Türkiyədə də müxtəlif məhdudiyyətlərin qoyulacağı istisna deyil".

"Dünya üzrə Hindistan ştammının sürətlə yayıldığı bir vaxtda Azərbaycan üçün də yeni qapanmalar və məhdudiyyətlər ola bilərmi?" sualına isə mütəxəssisin cavabı belə oldu:

"Burada təkcə yeni ştammı nəzərə almaq yanlış düşüncədir. Fikrimcə, COVID-19-la bağlı ümumi vəziyyətə nəzər salmaq lazımdır. Əgər yoluxmalar artarsa, bunun qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirmək olar. Qonşu ölkələrdə görülən tədbirləri nəzərə alsaq, qapanmaların olmasını gözləmək olar".

Qeyd edək ki, mütəxəssislər hazırda COVID-19 ilə mübarizədə əhaliyə tətbiq edilən peyvəndləri yeni yaranmış mutasiyalar üçün də effektiv hesab edirlər.

Onu da nəzərinizə çatdıraq ki, bu günə qədər ölkəmizdə koronavirusun Delta variantına rast gəlinməyib. Bu ilin mart ayında isə Azərbaycanda “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi.