"Hindistana gedəndə özümü qonaq hiss edirəm" - Dipak Fulvani

10:27 15.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Hindistan arasında dostluq münasibətlərinin tarixi çox qədimdir. Bütün dövrlərdə xalqlarımız arasında gediş-gəliş olub, ticarət əlaqələri qurulub, insanlarımız uşaqlıqdan hind musiqisini dinləyib, kinolarını seyr ediblər. Azərbaycan müstəqillik qazandıqdan sonra da münasibətlərimiz iki dövlət arasında müsbət dinamikada inkişaf etməkdədir. Bu da öz növbəsində, hind insanlarında Azərbaycana maraq oyadır desək, yanılmarıq. Bunu Azərbaycanda yaşayan və ya çalışan hindistanlıları birləşdirən Hindistan Assosiasiyasının timsalında da görmək mümkündür. Bu, o assosiasiyadır ki, onun vaxtilə sədri olmuş Ronald Dmellonu və xanımı doktor Racani Dmellonu ölkəmizdə tanımayan yoxdur. Bu gün isə təşkilata Dipak Fulvani rəhbərlik edir. Maraqlıdır ki, cənab Dmello kimi, Fulvani də Azərbaycan dilində tam sərbəst danışır və ölkəmizə sevgisi də sonsuzdur. Elə bu səbəbdən də onunla görüşüb söhbətləşdik. Nədən danışdıq, gəlin cənab Fulvani ilə müsahibəyə birlikdə nəzər salaq:  

- Rəhbərlik etdiyim Azərbaycandakı Hindistan Assosiasiyası 10 il əvvəl yaradılıb. Məqsədimiz Hindistan mədəniyyətini, filmlərini, zəngin mətbəxini, incəsənətini azərbaycanlılar arasında təbliğ etmək, tanıtmaqdır.

- Siz özünüz nə vaxtdan buradasınız? Azərbaycanca səlis danışırsınız...

- Mən 22 ildir ki, Azərbaycanda yaşayıram. Əvvəl qardaşım Bakıdaydı – o, həkim idi. Məni də o gətirmişdi. Çox təəssüf ki, qardaşım sonradan dünyasını dəyişdi. Mən Azərbaycanda qalmağa üstünlük verdim və artıq 22 ildir buradayam. Açığını desəm, bu 22 ildə Azərbaycan mənim ikinci doğma vətənim olub, burada özümü çox sakit və öz ölkəmdə olduğu kimi hiss eləmişəm. Bu iki onillikdə bir dəfə də olsun hər hansı xoşagəlməz halla, problemlə üzləşməmişəm. İşdə, küçədə - hər yerdə hörmət görmüşəm.

– Nə işlə məşğul olursunuz, axı insanın bir dolanışıq yeri olmalıdır...

– Burada öz biznesimi qurmuşam - restoran işlədirəm. Bundan əlavə, Dubaydan ərzaq malları gətirib Bakıda mağazalara paylayıram. Beləcə, həyatımıza davam edirik.

– Bayaq dediniz ki, ilk dəfə Azərbaycana gələndə 20 yaşınız ardı və qardaşınız vəfat edəndən sonra Hindistana qayıtmamaq qərarına gəlmisiniz. Siz burada çəkən, Azərbaycana bağlayan nə idi?

– Mən çox sayda xarici ölkədə olmuşam – Türkiyədə, Amerikada, Aropada, ərəb ölkələrində və sair, tam səmimi deyirəm: dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan qədər dogma olsun mənə. Tərif üçün demirəm, Azərbaycan çox gözəl ölkədir. Burada insanı cəlb edən çox şey var - təmiz havası, mehriban və qonaqsevər adamları, təmizlik, insanların bir-birinə münasibəti, zəngin və bir-birindən dadlı yeməkləri... Təsəvvür edirsiniz, Hindistana gedəndə özümü qonaq hiss edirəm, burada isə əksinə, sanki Azərbaycanda doğulub-böyümüşəm. Azərbaycanda daha çox dostum var, nəinki Hindistanda. Ora gedəndə yaxınlarımdan yalnız valideynlərimi görürəm. Dostlarımın çoxu indi xaricdə yaşayır. Zarafat deyil, 42 illik ömrümün 20 ilini Hindistanda, 22 ilini Azərbaycanda yaşamışam.

– Yəqin burada ailə qurarsınız?

–  Yox, yoldaşım hindistanlıdır. Hindistanda evləndim, toydan sonra xanımımı da götürüb qayıtdım Bakıya. Amma biz hindistanlı olduğumuz qədər də azərbaycanlı sayılırıq. Bu gün bizim Azərbaycanda doğulub böyümüş 14 yaşında oğlumuz da var.

– Qayıdaq işinizə, assosiasiya ilə yollarınız necə birləşib?

– Burada yaşayan və işləyən hindistanlıların bir qismi qeyd etdiyiniz Hindistan Assosiasiyasının üzüdür. Mən də burada ən uzunmüddətli yaşayan hindistanlılardan biri kimi, əlbəttə, assosiasiyada fəalam. Təşkilatın daxili nizamnaməsinə görə sədr vəzifəsinə seçilən şəxs bir ilini başa vurandan sonra yenisi seçilir. Budur, indi də rəhbərliyi mən edirəm.

– Niyə bir il, məncə, assosiasiyanı daha təcrübəli birinin yönəltməsi həm hindistanlı icma, həm də Hindistan-Azərbaycan əlaqələrinin inkişafı baxımından əhəmiyyəti böyükdür…

– Axı assosiasiyaya rəhbərlik edəcək şəxslərin öz işləri var, bəziləri şəxsi biznesini idarə edir və bu baxımdan ona iki məsuliyyəti çiynində saxlamaq çətin olur.

– Azərbaycanda nə qədər hindistanlı var?

– Məndəki məlumata əsasən rəsmi olaraq 1450 hindistanlı qeydiyyatdadır. Onların çoxu neft şirkətlərində işləyir, uniersitetlərdə təhsil alan tələbələr var, şəxsi biznesini quranlar da. Amma onu da deyim ki, bu saya ancaq rəsmi qeydiyyata düşənlər daxildir. Bundan əlavə, Hindistandan Azərbaycana minlərlə turist gəlir ki, onları hər yerdə görə bilərsiniz. Məlumat üçün deyim ki, bu gün Bakıda 6-7 hind restoranı fəaliyyət göstərir, biri də Qəbələdə var.

– Hansı bölgələrimizdə olmusunuz? Öz aramızdır, 22 il bir gəncin ömrüdür…

– Demək olar hər yerdə olmuşam - Qəbələdə, Şamaxıda, Şəkidə , Qusarda, Lənkəranda… Bakıətrafı bölgələri də gəzmişəm: Atəşgah məbədini, Qobustan təbiət muzeyini, Yanardağda, şəhərdəki başda Milli Xalça Muzeyi olmaqla muzeylərdə və sair. Bayaq qeyd etdiyim kimi, Azərbaycanın hər bölgəsinin özünəməxsus gözəlliyi və xüsusi özəllikləri var.

– Azərbaycan dilini necə öyrənmisiniz, müəllim tutmusunuz?

– Müəllim niyə, özüm öyrənmişəm. Dedim axı, 22 ildir buradayam, azərbaycanlı dostlarla danışa-danışa öyrənmişəm. Mən Azərbaycana ilk gələndə rusca danışa bilirdim, indi isə görürsünüz, Azərbaycan dilində də danışıram.

– Hindistan kimi çoxmillətli və özünəməxsus qanunları olan bir dövlətin vətəndaşı olaraq Azərbaycanda hüquqi baxımdan hər hansı çətinliklə üzləşməmisiniz?

– Heç vaxt belə bir problemim olmayıb. Azərbaycan müsəlman ölkəsi olsa da, bura elə bir ölkədir ki, bütün millətlərin və dinlərin nümayəndələri tam təhlükəsiz və rahat yaşaya bilirlər. Sadəcə qanunları pozma, hər şey axarında gedəcək. Hesab edirəm ki, Azərbaycanın qanunlarına hörmətlə yanaşmaq lazımdır. Əgər bu ölkədə yaşayıramsa, o qanunlara əməl etməliyəm, vəssalam.

– Dediniz restoran biznesiniz var, müştəriləriniz kimlər olur?

– Hind mətbəxi ilə maraqlanan hər kəs gəlir.Yəni təkcə buradakı hindistanlılar deyil, yerli azərbaycanlılar da müntəzəm şəkildə müştərimiz olurlar. Ancaq qeyd edim ki, menyumuza yalnız Hindistan mətbəxindən olan ləziz yeməklər daxildir.

– Restoran işlədən bir şəxs olaraq əminəm ki, bizim yeməklərin də dadına baxmısınız…

– Hə, təbii ki. Biz Azərbaycan yeməklərini restoranlarda yeyirik. Əlbəttə, yoldaşım Azərbaycan yeməklərini hazırlamağı bacarır, amma səmimi desəm, sizin kimi yox.

– Azərbaycan mətbəxindən daha çox hansı yeməkləri sevirsiniz?

– Sac yeməklərini, çığırtma, dolmanı xoşlayıram. Ətli yeməklərlə o qədər də aram yoxdur. Mal ətini ümumiyyətlə yemirəm, düşəndə toyuq kababı yeyirəm. Bizimki tərəvəzdən hazırlanmış yeməklərdir. Axı mən Krişnaya sitayiş edirəm. Əlbəttə, bizim ölkə çoxmillətli və çoxdinlidir. Mən yemirəm o demək deyil ki, Hindistanda heç kim ət yemir, yeyirlər. Hindistanda Krişnaçılarla yanaşı müsəlmanlar, xristianlar, atəşpərəstlər – çox dinin ardıcılları yaşayır.

– Nə vaxtsa Hindistana qonaq gedəndə Azərbaycandan sovqat olaraq nə alıb aparırsınız?

– Daha çox mürəbbə, paxlava, sizi təəccübləndirsə də, Lənkəran çayı alıram. Lənkəran çayı döyülməmiş yarpaqdır deyə Hindistanda onu çox sevirlər. Soruşa bilərsiniz ki, Hindistanda mürəbbə olmurmu, buradakı kimiləri yox. Bizdə daha çox meyvədən mürəbbə yox, cem bişirilir.

– Hindistanlılar arasında burada evlənib-ailə quranlar olur?

– Əlbəttə olur. Hindistanlı oğlanlar var ki, azərbaycanlı qızlarla ailə qurublar və çox da xoşbəxt evlilikləri var.