“Avropa Şurasından çıxmaq heç nəyi dəyişməyəcək” - Asim Mollazadə

15:58 16.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın bu təşkilatda olub-olmaması ölkəmizin inkişaf strategiyasını dəyişən amil deyil”

IV Şuşa Qlobal Media Forumu region dövlətlərinə, eləcə də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesajlarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışı və dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələrinin suallarına verdiyi cavablar müstəqil, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın gələcək inkişaf və xarici siyasət kursunun yol xəritəsini bir daha ortaya qoydu.

Məlum olduğu kimi, Prezidentin Forumda səsləndirdiyi mühüm məqamlardan biri də Avropa institutlarının, xüsusilə Avropa Şurasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlarla bağlı idi. Dövlət başçısı bu məsələyə toxunaraq Avropa Şurasının fəaliyyəti ilə bağlı kifayət qədər sərt və prinsipial mesajlar verdi. Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Asim Mollazadədir.

- Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Avropa Şurasına ünvanladığı mesajları necə qiymətləndirirsiniz? Bu bəyanatlar hansı siyasi zərurətdən irəli gəlir?

- Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Avropa Şurasına ünvanladığı fikirlər tamamilə reallığa söykənir. Azərbaycan uzun illər bu təşkilatın üzvü olub və həmin müddətdə onun fəaliyyətində baş verən prosesləri yaxından izləmək imkanı qazanıb. Bu təcrübə göstərdi ki, təşkilat daxilində bəzən korrupsiya, siyasi maraqların üstün tutulması və ikili standartlar kimi hallara rast gəlinir.

Təəssüf doğuran əsas məqam ondan ibarətdir ki, Avropa Şurasında fəaliyyət göstərən bəzi siyasətçilər Avropa dəyərlərini şəxsi maraqlar və maddi qazanc naminə çox asanlıqla gözdən salıblar. Belə yanaşma təkcə ayrı-ayrı siyasətçilərin nüfuzuna deyil, bütövlükdə Avropa Şurasının və digər Avropa institutlarının etibarlılığına, beynəlxalq imicinə ciddi zərbə vurur. Bu, Avropa təsisatlarının özlərinin bəyan etdikləri prinsiplərə inamı sarsıdan təhlükəli tendensiyadır.

Müasir dünyada şəffaflıq əsas tələblərdən birinə çevrilib. Məhz bu şəffaflıq sayəsində korrupsiya halları, qanun pozuntuları və qeyri-etik davranışlar əvvəlkindən daha açıq şəkildə üzə çıxır. Eyni zamanda, məsuliyyətsizlik, islamofobiya, antisemitizm, ayrı-seçkilik və ikili standartlar kimi halların mövcudluğu həmin təşkilatların bəyan etdikləri demokratik dəyərlərlə real fəaliyyətləri arasında ciddi ziddiyyətlərin olduğunu göstərir.

Nəticə etibarilə, bu cür yanaşmalar Avropa Şurası və digər Avropa institutları haqqında beynəlxalq ictimaiyyətdə mənfi təsəvvür formalaşdırır, onların nüfuzuna və etibarlılığına ciddi xələl gətirir. Məhz buna görə də Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə Azərbaycanın mövqeyi deyil, həm də uzun illər ərzində müşahidə olunan problemlərin açıq ifadəsi kimi qiymətləndirilməlidir.

- Azərbaycanın Avropa Şurası və AŞPA ilə münasibətlərində son illər müşahidə olunan gərginliyin əsas səbəbləri nələrdir?

- Azərbaycanın öz siyasi iradəsini ortaya qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmək qətiyyəti, təbii olaraq, xaricdə güclü maliyyə və siyasi imkanlara malik erməni diasporunu, eləcə də onlarla eyni mövqedən çıxış edən müəyyən siyasi dairələri ölkəmizə qarşı səfərbər etdi. Nəticədə müxtəlif beynəlxalq platformalarda ölkəmizə qarşı qərəzli qətnamələr, bəyanatlar, qərarlar və digər siyasi sənədlər qəbul olundu.

Halbuki Azərbaycanın məqsədi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğal altında olan torpaqlarını azad etmək, ərazi bütövlüyünü bərpa etmək və uzun illər doğma yurdlarından didərgin salınmış yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıdışını təmin etmək idi. Bu, Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn ən təbii və qanuni haqqı idi.

Avropada və digər ölkələrdə güclü təsir imkanlarına malik erməni diasporu bu prosesi fərqli müstəviyə yönəltməyə çalışdı, müxtəlif siyasi institutlarda Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa cəhd göstərdi və bunun nəticəsində bir sıra hallarda qərəzli yanaşmaların ortaya çıxmasına təsir etdi.

Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq qəbul etdiyi qərarlar obyektiv deyil, ikili standartlar prizmasından qiymətləndirildi. Bu isə beynəlxalq təsisatların ədalət və qərəzsizlik prinsiplərinə ciddi kölgə saldı.

Bu prosesdə, xüsusilə Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın mövqeyi diqqət çəkir. Məlumdur ki, Avropada ən güclü və təşkilatlanmış erməni icmalarından bəziləri məhz Fransa, Niderland və Belçikada fəaliyyət göstərir. Bu amil həmin ölkələrin siyasi dairələrində erməni lobbisinin təsir imkanlarını daha da artırıb və bir sıra hallarda qəbul edilən qərarların obyektivliyinə təsir göstərib.

Eyni zamanda, müəyyən siyasi dairələrin fəaliyyətində keçmiş sovet siyasi idarəetmə ənənələrini – Beriyanı xatırladan yanaşmaların müşahidə olunması da diqqətdən kənarda qalmır. Keçmiş kommunist idarəçilik sistemindən miras qalan təsir mexanizmləri və həmin düşüncə tərzinə bağlı olan bəzi siyasi qruplar müəyyən məsələlərdə ədalətli mövqedən deyil, siyasi maraqlardan çıxış etdilər. Nəticədə demokratiya, insan hüquqları və beynəlxalq hüquq kimi prinsiplərdən daha çox geosiyasi maraqlar üstün tutuldu və bu da Avropa institutlarının obyektivliyinə dair ciddi suallar yaratdı.

- Bəzi ekspertlər hesab edirlər ki, AŞ PA-da yaranmış gərginliyə baxmayaraq, Azərbaycan Avropa institutları ilə münasibətlərini qoruyub saxlamalıdır. Siz bu məsələyə necə baxırsınız? Azərbaycanın Avropa Şurasından çıxması nə dərəcədə realdır?

- Mən burada mühüm bir məqamı xüsusi qeyd etmək istərdim. Avropa Şurası və ya Avropa Parlamentində fəaliyyət göstərən bəzi siyasətçilərlə Avropa Birliyinin icra strukturlarını və üzv dövlətlərin hökumətlərini eyniləşdirmək düzgün deyil. Bir sıra Avropa ölkələrinin hökumətləri çox yaxşı anlayırlar ki, Azərbaycanla əməkdaşlıq onların strateji maraqlarına cavab verir.

Burada söhbət, ilk növbədə, enerji təhlükəsizliyindən gedir. Azərbaycan bu gün Avropanın etibarlı enerji tərəfdaşlarından biridir. Təkcə neft və təbii qaz ixracı deyil, eyni zamanda yaşıl enerji layihələrinin həyata keçirilməsi də Avropa ölkələrində böyük maraq doğurur. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycanın formalaşdırdığı nəqliyyat-logistika infrastrukturu və Orta Dəhliz Avropa üçün alternativ və etibarlı kommunikasiya marşrutuna çevrilib. Azərbaycanın və tərəfdaşlarının iştirakı ilə Asiya ilə Avropanı birləşdirən yeni nəqliyyat sistemi formalaşır və Avropa dövlətləri bunun onlar üçün həyati əhəmiyyət daşıdığını çox yaxşı anlayırlar.

Məhz buna görə də bir çox Avropa hökumətləri öz milli maraqlarından çıxış edərək Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyə, yeni əməkdaşlıq formatları qurmağa çalışırlar. Yəni burada aydın fərq görünür. Bir tərəfdə müxtəlif lobbi qruplarının təsiri altında fəaliyyət göstərən və siyasi qərəz nümayiş etdirən ayrı-ayrı siyasətçilər var, digər tərəfdə isə dövlətlərin real milli maraqları dayanır. Həmin maraqlar Avropa ölkələrini Azərbaycanla əməkdaşlığı genişləndirməyə sövq edir.

Azərbaycanın Avropa Şurasından çıxması məsələsinə gəlincə, Prezident İlham Əliyevin bu mövzuda səsləndirdiyi fikirlər kifayət qədər aydındır. Açıq demək lazımdır ki, Azərbaycanın bu təşkilatda olub-olmaması ölkəmizin inkişaf strategiyasını dəyişən amil deyil. Azərbaycan öz suveren siyasətini həyata keçirən dövlətdir və milli maraqlarını hər hansı təşkilatın üzvlüyündən asılı şəkildə müəyyənləşdirmir.

Bizim istəyimiz həmişə ondan ibarət olub ki, Avropa Şurası özünün bəyan etdiyi dəyərlərə – beynəlxalq hüquqa, ədalətə, insan hüquqlarına və bərabər münasibət prinsipinə sadiq qalsın. Ümid edirdik ki, bu təşkilat Azərbaycanın ərazi bütövlüyünün bərpasına, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə, işğal altında olan torpaqların azad edilməsinə və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına dəstək verəcək. Təəssüf ki, praktikada bunun əksini gördük. Təşkilatın bəyan etdiyi prinsiplərlə real fəaliyyəti arasında ciddi fərqlər ortaya çıxdı və bir çox hallarda siyasi maraqlar hüquqi prinsiplərdən üstün tutuldu.

- Bu gərginlikdə əsas səbəbkar kimdir?

- Avropa ilə münasibətləri gərginləşdirən Azərbaycan deyil. Bu münasibətlərə xələl gətirən, illər boyu erməni lobbisinin və müxtəlif maraq qruplarının təsiri altında fəaliyyət göstərən bəzi siyasətçilərdir. Müxtəlif vaxtlarda Ruben Vardanyan və Samvel Karapetyan kimi şəxslərlə əlaqələndirilən maliyyə və lobbi şəbəkələrinin Avropa siyasətinə təsiri barədə kifayət qədər faktlar və müzakirələr mövcuddur. Məhz belə təsirlər nəticəsində Azərbaycana münasibətdə qərəzli yanaşmalar formalaşıb.

Azərbaycanın heç vaxt hər hansı dövlət və ya beynəlxalq təşkilatla münasibətləri gərginləşdirmək kimi məqsədi olmayıb. Əksinə, ölkəmiz qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır.

Bu gün Azərbaycanın əsas prioritetləri tamamilə fərqlidir. Biz qalib dövlətik, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Qarşıda duran əsas vəzifə Böyük Qayıdış proqramının tam həyata keçirilməsi, azad olunmuş ərazilərin bərpası, iqtisadiyyatın daha da gücləndirilməsi və şaxələndirilməsi, vətəndaşların rifahının yüksəldilməsidir. Məhz bu istiqamətlər Azərbaycan dövləti və xalqı üçün əsas strateji prioritetlərdir və bütün fəaliyyətimiz də bu məqsədlərə xidmət edir.

- Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin daha da pisləşməsi ölkənin beynəlxalq mövqeyinə və Avropa institutları ilə əməkdaşlığına necə təsir göstərə bilər?

- Görünən odur ki, Avropa İttifaqının icra strukturlarını təmsil edən yüksək vəzifəli rəsmilər və bir sıra Avropa ölkələrinin siyasətçiləri mütəmadi olaraq Azərbaycana səfərlər edir, danışıqlar aparır və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirirlər. Xüsusilə enerji, nəqliyyat və logistika layihələrinə investisiya yatırmağa hazır olduqlarını ifadə edirlər. Bu da onu göstərir ki, Azərbaycanın yaratdığı enerji və nəqliyyat infrastrukturu Avropa üçün strateji əhəmiyyət daşıyır. Avropa ölkələri Azərbaycanın etibarlı tərəfdaş kimi bu layihələrin davamlılığını və təhlükəsizliyini təmin etməsində maraqlıdır.

- Şuşadan verilən bu mesajları Avropa strukturlarına siyasi xəbərdarlıq kimi qiymətləndirmək olarmı? Bu çağırışların qarşı tərəfdə hansı reaksiyalara səbəb olacağı gözlənilir?

- Burada bir ifadə yadıma düşür: “…Karvan öz yolu ilə gedir”. Hesab edirəm, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında bütün məsələləri açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. O, Azərbaycana qarşı illərdir tətbiq olunan təzyiqləri, ikili standartları və qərəzli yanaşmaları faktlarla dünya ictimaiyyətinə təqdim etdi.

- Hazırkı geosiyasi şəraitdə Azərbaycan-Avropa Şurası münasibətlərinin normallaşması üçün hansı addımlar atılmalıdır və bunun perspektivlərini necə görürsüz?

- Hesab edirəm, münasibətlərin normallaşması üçün ilk addımları məhz Avropa institutları atmalıdır. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın Avropa Şurasında iştirak edib-etməməsi ölkənin daxili inkişaf strategiyasına, siyasi kursuna və milli maraqlarına əsaslanan fəaliyyətinə heç bir təsir göstərməyəcək. Azərbaycan öz dövlət və xalq maraqlarını rəhbər tutaraq inkişaf yolunu davam etdirir və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir.

Əgər Avropa ölkələri və Avropa platformaları Azərbaycan vasitəsilə öz enerji təhlükəsizliyini təmin etməyi, nəqliyyat-logistika layihələrindən faydalanmağı və strateji əməkdaşlığı genişləndirməyi hədəfləyirlərsə, ilk növbədə Azərbaycana münasibətdə qərəzli və ikili standartlara əsaslanan siyasətlərinə yenidən baxmalıdırlar. Qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa söykənən münasibətlər olmadan uzunmüddətli tərəfdaşlıq qurmaq mümkün deyil.

Məhz bu baxımdan, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mesajlar da Avropa ilə münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına yönəlmiş çağırış kimi qiymətləndirilməlidir. Həmin mesajlar qarşıdurmanın dərinləşdirilməsinə deyil, mövcud gərginliyin aradan qaldırılmasına, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və obyektiv yanaşmaya əsaslanan əməkdaşlığın formalaşmasına xidmət edir.