"Hindistanın keramika məhsullarına Azərbaycan bazarında tələbat var" - Səfir

09:00 28.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan Səfirliyi keramika məhsulları mövzusunda interaktiv vebinar təşkil edib.

Hindistanın ölkəmizdəki Səfirliyi Kimyəvi maddələrin və Əlaqədar Məhsulların İxracının Təşfiqi Şurası (CAPEXIL) ilə birlikdə Hindistanın və Azərbaycanın 40-dan çox keramika plitələri və sanitar avadanlıqlar sektorunda fəaliyyət göstərən şirkətinin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq potensialını araşdırmaq üçün interaktiv vebinar təşkil edib.

Hafta.az-ın yazdığına görə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının nümayəndələrinin də qatıldığı vebinarda CAPEXİL-in Keramika və Əlaqədar Məhsullar, o cümlədən Odadavamlı məmulatlar üzrə Panelinin sədri S.K.Qoş açılış nitqi söyləyib. Qoş, Hindistan keramika məhsullarının gücünü vurğulayaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığı artırmaq istəyini ifadə edib.

Hindistanın Azərbaycandakı səfiri B.Vanlalvavna çıxış edərək ölkəsinin keramika və porselen plitələrinin, eyni zamanda digər keramika məhsullarının Azərbaycan bazarında artıq tanındığı, Hindistan keramika məhsullarının keyfiyyətinin ümumi olaraq məlum olduğunu bildirib. Bununla belə, o, Hindistanın keramika məhsullarının Azərbaycanda bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb.

Daha sonra, vebinarda CAPEXİL-in vitse prezidenti fikirlərini çatdırıb. Çıxışların ardından vebinar Azərbaycan və Hindistan şirkətləri tərəfindən təqdimatlarla davam edib. Hər iki tərəfdən olan iştirakçılar vebinarın B2B və sual-cavab hissəsində bir-biri ilə ünsiyyət qurmaq imkanı qazanıb.

Hindistanla Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 2021-ci ilin yanvar-iyun ayları ərzində ötən il illə müqayisədə 21,7 faiz artaraq 431,4 milyon dollara yüksəlib. Hindistan Azərbaycanın qlobal tiracətində 3,04 faiz paya sahib olmaqla Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Hindistandan keramika məhsulları idxalı 2021-ci ilin yanvar-may ayları ərzində 1,478 milyon dollar məbləğində olub ki, bu da respublikamızın ümumi keramika məhsulları idxalının 3,7 faizinə bərabərdir. 

Oxunma sayı 1580