Bu gün Pakistanın ölkəmizdəki səfirliyində Kəşmirin Həmrəylik Günü ilə bağlı mətbuat konfransı keçirilib.
Hafta.az-ın məlumatına görə, əvvəlcə Pakistan Prezidenti Arif Alvi, Baş nazir İmran Xan və Xarici işlər naziri Məhdum Şah Mahmud Qureyşinin Kəşmirlə Həmrəylik Gününə dair müraciəti səslənib. Bunun ardıyla Kəşmirdə yaşanan insanlıq faciəsini əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edən səfir Bilal Hayi bildirib ki, Kəşmirin Həmrəylik Günü 1990-cı ildən başlayaraq hər il fevralın 5-də qeyd olunur. Bu münasibətlə Pakistanın dünyanın bütün ölkələrindəki diplomatik korpuslarında tədbirlər keçirilir, yerli ictimaiyyət məlumatlandırılır. Münaqişənin mahiyyətindən söz açan səfir Hayi bildirib ki, Hindistan Kəşmir ərazisinə 900 min əsgər yerləşdirərək 8 milyonluq Kəşmir xalqını əsirə çevirib. “Hindistanın işğalı altında qalan Cammu və Kəşmir xalqı ilə sarsılmaz həmrəyliyimizi elan edirik və Pakistanın onlara daim dəstək verəcəyini bildiririk. Pakistan, Kəşmir xalqına BMT nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz müqəddəratını təyin etmək üçün qanuni hüquqlarını həyata keçirənədək tam mənəvi, siyasi və diplomatik dəstəyini davam etdirəcək" deyib səfir B.Hayi.

Diplomat Azərbaycanın ölkəsinə dəstəyinə toxunaraq deyib ki, Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib. O, bildirib ki, işğal olunmuş Cammu və Kəşmirdə baş verənlərlə bağlı azərbaycanlılar məlumatlıdır və bu məsələyə həssas yanaşırlar: “Azərbaycan hökuməti və xalqı Kəşmir məsələsində Pakistanın yanındadır və bütün beynəlxalq platformalarda ölkəmizlə həmrəylik nümayiş etdirir və buna görə qardaş azərbaycan xalqına təşəkkür edirik. Kəşmirlilər 70 ildir dünyadan təcrid olunmuş, qapalı şəraitdə yaşayırlar. Onların ən fundamental haqları belə məhdudlaşdırılıb. Son illərdə minlərlə kəşmirli öldürülüb, həbs olunub, təzyiqlərə məruz qalıb və bu dövrümüzün ən böyük faciələrindən biridir”.

Səfir Hayi əlavə edib ki, Pakistan və Azərbaycan xalqları bir-birini çox yaxşı anlayırlar, çünki işğalın və onun doğurduğu faciənin nə olduğunu bilirlər. "Azərbaycanın torpaqları da illərlə işğal altında olub, illərlə danışıqlar aparılıb. Nəhayət azərbaycanlılar öz həyatını qurban verərək bu torpaqları işğaldan azad edib. Ümid edirik ki, yaxın gələcəkdə azadlığın, işğalın sona çatmasının sevincini kəşmirlilər də yaşayacaq”, - deyib pakistanlı diplomat.
Cammu və Kəşmir münaqişəsinin qlobal təhlükəsini qeyd edən səfir Pakistan və Hindistanın nüvə ölkəsi olduğunu xatırladaraq deyib ki, ölkəsi hər hansı toqquşmanın necə nəticələnə biləcəyi barədə beynəlxalq ictimaiyyəti həmişə məlumatlandırır.

Yeri gəlmişkən, səfir onu da bildirib ki, Pakistanın bir çox şirkəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştirak etmək arzusundadır və hətta, Azərbaycanın XİN başçısı İslamabadda səfərdə olarkən Pakistan şirkətlərini ölkəyə dəvət də edib. “Bununla bağlı Azərbaycan hökuməti ilə də danışıqlar aparacağıq. Ümid edirik ki, Pakistan şirkətləri qarşıdakı aylarda bu prosesdə iştirak etmək üçün Azərbaycana gələcək”, - deyə səfir vurğulayıb.
İndi isə Kəşmir haqda acı həqiqətləri xatırlayaq:

Britaniya parlamentinin 18 iyulda qəbul etdiyi, 3 iyun 1947-ci il tarixli Hindistanın müstəqillik aktına və bölünmə planına əsasən müstəmləkə ərazisində həmin il iki müstəqil dövlət yaradılmalı, hindlilərin üstünlük təşkil etdiyi ərazilər Hindistana, qərb əyalətləri və şərqi Benqalda müsəlmanların çox olduğu ərazilər isə Pakistana daxil olmalı idi. Üstəlik, bölünmə şərtlərinə əsasən, knyazlıqlar coğrafi mövqe və ictimai demoqrafiya nəzərə alınmaqla ya Pakistana, ya da Hindistana birləşməli idi. Əhalisinin 87 faizi müsəlmanlardan ibarət olan Kəşmirin Pakistana birləşmək üçün təbii meyli vardı. Ancaq Kəşmirin o zamankı hindli hökmdarı maharaca Hari Sinqh və Hindistan Milli Konqresinin məkrli planları milyonlarla kəşmirlinin gələcəyinin məhv olunmasına yol açmışdı. 1947-ci il oktyabrın 27-də bölünmə planının ruhuna və kəşmirlilərin arzularına məhəl qoymadan, Hindistan qoşun yeridərək Kəşmiri işğal etmişdi. Kəşmir xalqı Hindistanın qeyri-qanuni işğalını elə ilk gündən qəbul etməyərək silahlı mübarizəyə başlanılmışdı. 1948-ci il yanvarın 1-də silahlı qüvvələrinin məğlub olacağını hiss edən Hindistan BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Pakistan və Hindistanın da qəbul etdiyi Təhlükəsizlik Şurasının sonrakı qətnamələrində atəşkəs, atəşkəs xəttinin demarkasiyası, Kəşmirin demilitarizasiyası nəzərdə tutulmuş, BMT tərəfindən azad və qərəzsiz ümumxalq səsvermə keçirilməsi xahiş olunmuşdu. Atəşkəs xəttinin demarkasiyası Kəşmirin iki hissəyə - Azad Cammu və Kəşmirə, eləcə də Hindistanın işğal etdiyi Kəşmirə bölünməsi ilə nəticələndi. BMT qətnamələrinin birinci mərhələsi - atəşkəs icra olunsa da, ərazinin demilitarizasiyası və BMT–nin himayəsi altında ümumxalq səsvermənin keçirilməsi bu günə kimi yerinə yetirilməmiş qalır. 1947-ci il oktyabrın 27-də Hindistanın ilk dövlət başçısı Lord Mountbaten deyirdi: “Kəşmirin birləşmə məsələsi bu ştatın xalqının arzusuna uyğun olaraq çözülməlidir, hökumətimin arzusu orada qayda-qanun yaranan kimi, ştatın birləşmə məsələsinin xalqa müraciət etməklə həll olunmasıdır”. Hindistanın ilk baş naziri Cavaharlal Neru 1952-ci il 26 iyunda parlamentdə çıxış edərkən deyirdi: “...Kəşmir xalqı bizimlə qalmaq istəmirsə, mütləq getsin; bizim üçün nə qədər ağır olsa da, onları saxlamayacağıq”. Kəşmir münaqişəsinin ən acınacaqlı tərəfi odur ki, Hindistan bu məsələni BMT-nin gündəliyinə özü çıxarıb, ancaq sonra münaqişənin həlli və Kəşmir xalqına öz müqəddəratını təyinetmə hüququnun verilməsi ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında səsləndirdiyi vədlərindən geri çəkilib.

Dehli ilə İslamabad arasında dialoq prosesinin davam etməsinə baxmayaraq, yerlərdə vəziyyət Hindistanın günahsız Cammu və Kəşmir xalqına qarşı dövlət terrorizminin əngəlsiz davam etməsi üzündən dəyişməz qalır. Son 20 ildə Hindistan Silahlı Qüvvələri işğal olunmuş Kəşmirdə 90 mindən çox mülkü şəxsi, 7 min məhkumu qətlə yetirib, 25 min qadını dul, 108 min uşağı yetim qoyub. Bu müddətdə hind əsgərlər tərəfindən 10 kəşmirli müsəlman qadına təcavüz olunub, 106 min yaşayış evi dağıdılıb və sair.
Pakistan dəfələrlə bəyan edib ki, iki ölkə arasında əsas məsələnin həlli ilə bağlı kəşmirlilərin istəklərinə zidd hər hansı variant qəbul olunmayacaq.