Koronavirusla bağlı narahatedici məlumatlar durmadan artır. Artıq dünyanın bir çox ölkələrində virusa yoluxanlar aşkarlanıb. Bundan əlavə koronavirusun mutasiya (parçalanma, normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş) olaraq yeni formalarının yarandığı bildirilir.
Bəs Azərbaycanda mövcud durum necədir, yaş fərqi üzrə yoluxma faizi riskli hesab olunurmu?
Baş İnfeksionist Cəlal İsayev isə hafta.az-a açıqlamasında dedi ki, Azərbaycana bu virus İrandan gəlir:
“Virusa yoluxmuş şəxslər nəzarətdə saxlanılır. Regionlarda da artıq aşkar olunur. Hətta Türkiyədə də bir nəfərin yoluxduğu deyilir. Bundan sığortalanmaq mümkün deyil. Azərbaycanda da zəruri tədbirlər görülür. Yoluxan şəxslər nəzarətdə saxlanılır. Karantinə çox adam alınıb. Müayinələrdən sonra isə çoxu evə buraxılır".
C. İsayev əlavə olaraq bildirdi ki, ən çox da sərhəddi keçən adamlar karantinə alınır: "Hər yaşda yoluxmuş xəstələr var. Qərargah da bu haqda məlumat verib”.
Azərbaycan yaxın qonşu ölkələrdən olan İranla sərhəddi bağlayıb.
Belə ki, “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunmuşdur", - Nazirlər Kabinetinin qərarında deyilir. Bu hesabla müddət martın 14-də başa çatır. Həmçinin ölkədə 12 nəfər bu xəstəliyə yoluxub və xeyli sayda insan karantinə alınıb.
Xatırladaq ki, Koronavirus infeksiyasına yoluxmuş 3 Azərbaycan vətəndaşı sağalıb, 312 nəfər isə karantin müddətini başa vuraraq sərbəst buraxılıb. İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır.
Bu haqda məlumatı TƏBİB yayıb. Bildirilir ki, hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir:
"Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Bundan əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar. Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır”.