Bu günlərdə əsas müzakirə mövzularından biri də karantin müddəti bitdikdən sonra, təhsil prosesinin necə davam etdirilməsidir. Bildiyimiz kimi, təhsil müəssisələri hələ ki, təhsil sistemini "online" formada davam etdirirlər. Bəs karantindən sonra tədris necə davam edəcək, tədris yay tətili ilə əvəzlənə bilərmi?
Sualımızı hafta.az-a şərh edən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov dedi ki, 3 martdan etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb və qüvvədə olan qərara görə, 20 aprel ilk dərs günüdür:
"Amma 20 aprel saat 00-00-a qədər ölkə ərazisində ciddi rejimli karantin elan olunduğu üçün, bu tarixdə dərslərin bərpa olunması mümkün deyil. Son günlərin rəqəmlərinə nəzər saldıqda görürük ki, koronovirusa yoluxanların sayında ölkəmizdə azalma müşahidə olunur. Ona görə də düşünürəm ki, may ayında dərs başlaya bilər. Amma bunu bütün ölkə ərazisində olan 4447 məktəbdə başlamaq olmaz. İlk növbədə yoluxma müşahidə olunmayan və ya az müəyyən edilmiş bölgələrdə, ərazilərdə başlamaq, sonra isə qismən artan əhatəliliklə davam etdirmək lazımdır. Hesab edirəm ki, may ayının sonlarına doğru bütün tədris prosesi bərpa oluna bilər. Çünki karantin dövründə dövlət tərəfindən istər orta məktblərdə, istərsə də ictimai yerlərdə dezinfeksiya işləri görülüb. Ona görə də may ayının sonlarında tədrisin başlamasında bir problem görmürəm. Əgər kononovirus təhlükəsi davam edərsə, IX və XI siniflərdən başqa bütün sinifləri tətilə buraxmaq, IX və XI sinifləri isə buraxılış imtahnlarına cəlb etmək olar. Amma isti yay ayında dərs keçirilməsi effektiv ola bilməz. Çünki iyul və avqust aylarında ölkəmizdə temperatur çox yüksək olur. Eyni zamanda məktəblərimizin istilik, havalandırma sistemi də yoxdur. Bu daha ciddi fəsadlar yarada bilər. Pedaqoji normalara görə uşaq yay tətilində istirahətə də, təhsilə də vaxt ayırmalıdır. Amma uşaqları məcburi şəkildə oxumağa yönəltmək olmaz. Onlar bunu könüllü şəkildə, istəyərək etməlidirlər. İstər müəllim, istər valideyin uşaqda elmə həvəs yaratmalıdır. Heç olmasa avqust ayından başlayaraq müntəzəm şəkildə dərslə məşğul olmaq lazımdır. Çox yox hər gün 1 saat mütaliə edib, yazı yazsa geriləmə olmaz. Hətta yaxşı oxuyan uşaq da tətildə dərslə məşğul olmasa, il ərzində keçilənləri unudur. Bəzi siniflər üçün xüsusi tətil kitabları var, onlardan istifadə etsələr yaxşı olar. Əlbəttə, bütün günü ancaq dərs oxumaq da düzgün deyil. Uşaq həm əyləncəyə, həm də dərsə vaxt ayırmalıdır. Amma bu dəfə situasiya çox fərqlidir. Koronavirus bütün sahələrə olduğu kimi təhsilə də ciddi təsir etdi. 3 martdan etibarən bütün pillələrdə təhsilin axını dayandı. Dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər. Belə ki, 1-4-cü sinflədə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Bunun üçün də bütün yay boyu tele dərsərin davamlı olması mütləqdir. Çünki, teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Təcrübə göstərir ki, yay tətilində uşaqların dincəlməyi üçün şərait yaratmaq lazımdır. Amma indiki halda hətta isti yay aylarında belə təhsil alanların qismən təhsilə cəlb olunması qaçılmazdır. Hətta dərslərin 1 avqustdan başlamasını belə gözləmək olar. 1 avqustdan Məktəbə 15 gün qalmış əvvəlki sinifdən əsas fənlərin təkrarı, ondan sonra yeni tədris ilinə başlamaq kimi variantlar da mümkündür.