Evli cütlüklərin boşanmazdan əvvəl psixoloqa müraciət etmələrini tələb edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Qanun layihəsini hakim “Vahid Rusiya” Partiyasının deputatı İqor Antropenko və Federasiya Şurasının senatoru Dmitri Perminov hazırlayıb.
Hafta.az-ın yazdığına görə, qanun layihəsində məhkəmənin ər-arvadın barışması üçün 3 ay vaxt verəcəyi, tərəflərdən birinin boşanmanı qəbul etməməsi halında ailə üzvlərinin psixoloqdan məsləhət almasının tələb olunacağı bildirilib.
Əvvəllər bu tədbirlərin həyata keçirilməsi öhdəlik deyil, məhkəmələrin ixtiyarında idi. Sənəddə həmçinin qeyd olunur ki, qanun layihəsi ər və arvadın ailələrini qorumasına kömək edəcək.
Qanun layihəsində göstərilir ki, psixoloqla məsləhətləşmə iki halda məcburi olacaq: Ər-arvaddan biri boşanmaq istəmədikdə və ya ailədə yetkinlik yaşına çatmayan uşaqları olduqda.
Qanun layihəsində boşanmaq qərarına gələn cütlüklər üçün məcburi üç aylıq barışıq müddətinin tətbiqi də təklif edilir. Hazırda bu təcrübə məhkəmənin qərarı ilə həyata keçirilir.
İyulda Rusiya Federasiya Şurası boşanma üçün dövlət rüsumunun 650 rubldan 5000 rubla artırılması haqqında qanunu təsdiqləyib. Bu qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu, “boşanmanı çətinləşdirən tədbir” kimi şərh edilib.
VTsİOM sorğusunun nəticələrinə görə, Rusiyada boşanmaların əsas səbəbləri yoxsulluq və ailəni təmin edə bilməmək (33 faiz), qarşılıqlı anlaşmanın olmaması (15 faiz), xəyanət və qısqanclıqdır (14 faiz).
Rusiya dünyada hər 1000 nəfərə düşən boşanmaların ən çox olduğu dörd ölkədən biridir. Rosstat-ın məlumatına görə, ölkədə boşanmaların sayı ardıcıl dörd ildir ki, artmaqdadır. Ötən il Rusiyada 683,7 min boşanma qeydə alınıb. 2022 və 2021-ci illərdə bu rəqəm müvafiq olaraq 683 min və 644 min cüt olaraq qeydə alınıb. 2020-ci ildə bu rəqəm 564 min olub.