"Moskva Bəyannaməsi üzrə silsilə sənədlər hazırlanma mərhələsindədir" - Prezident

13:53 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Moskva Bəyannaməsini müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir”.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə “Rossiyskaya qazeta”nın Baş redaktoru Vladislav Fronin “yeni səviyyə daha konkret olaraq nə deməkdir? Xahiş edirəm izah edin, həqiqətən iqtisadiyyatda, mədəniyyətdə, qarşılıqlı fəaliyyətin digər sahələrində yeni səviyyə nədən ibarətdir? Axı, bizdə neçə illərdir ki, müqavilə mövcuddur. Bəs bu, nə deməkdir, müqavilədən yüksək sənəddirmi?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, bu, müqavilədən yüksəkdir: 'Ona görə ki, yadımdadırsa müqavilə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir. Mən tapşırıq vermişəm, Azərbaycanın Xarici İşlər Nazirliyi Bəyannamənin tam mətnini öz saytında yerləşdirib ki, hər kəs onunla tanış ola bilsin. Mənim dünən qeyd etdiyim kimi, orada 43 bənd var. Əlbəttə, bütün bəndləri şərh etmək həddən artıq vaxt aparar. Bir də ki, buna ehtiyac yoxdur, baxmaq olar. Lakin bu Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, - keçən ilin yanvar ayından, - bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir”.