"Müxalifətdə rusbaşlar yoxdur, hakimiyyətin içərisində isə..." - Taliyət Əliyev

15:13 24.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın “Z-kanalları”nın ölkəmizə qarşı kütləvi informasiya hücumuna başladığını açıqlayıb. Sabiq nazirə görə, mütəşəkkil bir kampaniya belə bir tezis yayır ki, guya Rusiya hakimiyyətinin mövqeyi Azərbaycan xalqına deyil, sadəcə, “Azərbaycanın qərbyönlü hakimiyyəti”nə qarşıdır. Həmçinin Zülfüqarovun fikrincə, “daxili müxalifət” adından ölkə rəhbərliyini tənqid edəcək idarə olunan ruporların meydana çıxması mümkündür.

Bu nə dərəcədə real iddiadır?

Bu istiqamətdə hafta.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev hansısa müxalifət partiyasının Rusiyanın əlində maşaya çevriləcəyini istisna edib.

“Azərbaycanda elə bir partiya tapmaq olmaz ki, Rusiyanın əlində hər hansı bir maşa rolunda çıxış eləsin. Çünki Azərbaycanda Rusiyayönümlü partiya yoxdur. Əgər belələri varsa, o da hakimiyyətin içərisində olan rusbaşlardır. Rusiya o rusbaşlardan özləri üçün bu və ya digər şəkildə istifadə edə bilər. Amma Azərbaycan müxalifətində Rusiyanın əlində maşa olacaq partiya görmürəm”.

O, qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri özünün çətin dövrünü yaşayır və bu, Azərbaycan mülki təyyarəsinin vurulması ilə daha da sərtləşdi. Qeyd edib ki, Rusiya hətta Azərbaycanla münasibətlərinin yaxşı göründüyü dövrdə də heç vaxt ölkəmizə qarşı səmimi olmayıb:

"Rusiya həmişə müxtəlif forma və vasitələrdən istifadə etməkə Azərbaycanı özünün təsir dairəsinə salmağa çalışıb. Son dövrlərdə Rusiya arıtq öz maskasını atıb və əsl simasını ortaya qoyur. Azərbaycan xalqı bilir ki, tarix boyu başına gətirilən bəlaların başında Rusiya dayanır və bu gün də təqib, təsir, diskriminasiya siyasəti həyata keçirir. Rusiya Azərbaycana təzyiq edib, ona istədiyini diqtə etmək istəyir. Çünki bölgədə Rusiyanın mövqeyi zədələnib. Bu gün Rusiyanı qıcıqlandıran məsələ Azərbaycanın müstəqil siyasət yürütməsidir. O istəyir ki, öz diqtəsini həyata keçirsin".