Bir neçə gündür ki, ölkə prezidenti İlham Əliyevin sərəncam və birbaşa göstərişi ilə həyata keçirilən 190 manatlıq yardımların icra mərhələsinə başlanılıb.
Artıq vətəndaşlar “Azərpoçt” MMC-nin bütün filiallarına tək şəxsiyyət vəsiqələri ilə yaxınlaşırlar. “E sosial” portalından onlara gələn SMS-ləri və şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim edərək dövlətin ciddi karantin rejimində onlara təqdim etdiyi güzəştləri əldə edirlər.
“Azərpoçt” MMC-nin Nəsimi və Yasamal rayonlarında bir sosial yardım alan vətəndaşlarla söhbətləşdik. Sudeyif Paşayev hafta.az-a açıqlamasında bildirdi ki, 190 manatı almaq üçün elə də çoxmərhələli prosedurlardan keçməyib:
“Mən kompüter işlədə bilmirəm. Qonşumun qızı tələbədir. Onlarda kompüter var. Üç gün əvvəl onlara getdim, sağ olsun, sözümü yerə salmadı. Qeydiyyatdan keçirdi. Dünən axşam da SMS gəldi ki, gedib pulu götürə bilərsiniz. Burada da növbəni çıxmaq şərti ilə çox gözləmədim. Prosedur heç 10 dəqiqə çəkmir”.
Sudeyf Paşayev heç yerdə işləmədiyini, üç nəfərlik ailəsini bu karantin günlərində dövlətin verdiyi 190 manatla idarə edəcəyini söylədi: “Onsuz da aylıq xərclərimiz 160-170 manat arasında dəyişir. 20 manat da əlavə pul qalır. İsraf etməsələr hər kəs üçün yetərli vəsaitdir. Dövlətimizə təşəkkür edirik ki, biz kasıbları da unutmurlar”.
Emin Babayev isə gündəlik ara işlərində çalışır. Avtobuslarda günü 5-6 manata konduktorluq etdiyini söyləyir. Deyir ki, ciddi karantin rejimi ilə əlaqədar olaraq işə çıxa bilmir. Ona görə də 190 manat ona göydən düşmədir:
“Cavan adamam, tək yaşayıram. Allah prezidentimizin canını sağ eləsin. 190 manatı indi heç ata oğula vermir. Prezident kasıbların prezidenti olduğunu göstərdi. Əməli ilə sübut elədi”.
“Ölkə başçısı bu çətin günlərdə də bizi unutmadı. Doğrudan da 190 manata ehtiyacımız vardı. Sağ olsun, Allah onu bizim başımızın üzərindən əskik etməsin”. Bunu hafta.az-a açıqlamasında 190 manatlıq sosial yardımı alan vətəndaşlardan biri, 3 uşaq atası Pərviz Salmanov deyib.
O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq durumu yaxşı olmayan insanlar üçün 190 manatlıq sosial yardımın edilməsi dövlətin sadə vətəndaşlara diqqətinin göstəricisidir: “Hər zaman dövlətimizlə və onun prezidenti ilə fəxr etmişəm. Sağ olsunlar, bu dəfə də unutmadılar. Varını verən utanmaz, deyiblər. 190 manatı verməsələr nə edəcəkdik. Heç kim naşükürlük etməməlidir. Doğrudur, növbə çox olur, insanların səbri çatmır. Amma əsas məsələ odur ki, hamı pulunu almağa gəlir. Poçt işçilərindən də razıyıq”.