Son günlərdə koronavirusa yoluxanların sayı artır. Azərbaycanda hər gün 300-dən çox vətəndaş bu virusa yoluxur. Yoluxanlar içərisində tanınmış şəxslər də var.
Xalq artisti Mənsum İbrahimov hafta.az-a bu barədə danışıb. O, insanlara çağırış edib:
“Həqiqətən vəziyyət çox acınacaqlıdır. Bir vaxtlar deyirdilər ki, əgər koronavirus varsa niyə tanıdıqlarımız arasında yoxdur? Mənim ətrafımda olan insanların çoxu yoluxub, xəstəxanadadırlar. Mən özüm də onların həkimləri ilə danışıram. Bizim ölkədə müəyyən xəstəxanalar vardir ki, yoluxmuş şəxslər oraya aparılır. Bu yoluxma artıqca tutum sayı da azalır. Ona görə də özümüzü qorumalıyıq ki, İtaliyadakı kimi olmasın. Xalqımıza müraciət edirəm ki, özünüzü qoruyun, təhlükə çox yaxındadır. Hamımız narahatıq. Həkimlərimiz də yazıqdır. Neçə həkimimiz dünyasını dəyişib. Gecələri, gündüzləri yoxdur. Sənətçi dostumuz Bəhrəm Bağırzadə kimi neçə adamın vəziyyəti ağırdır. Biz onlar üçün dua edirik. İnsanlar sıx toplaşmasınlar. Eşitdiyimə görə yas mərasimlərində toplaşanlar olur. Etməsinlər! Təmasda olmasınlar, yaxşılığa doğru heç nə getmir. Jurnalistsiniz, işinizlə bağlı insanlarla çox əlaqədə olursunuz, siz də özünüzü qoruyun”.