Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi Bölgəsi üzrə fövqəladə hallar üzrə direktoru Rik Brennan Cenevrədə jurnalistlərə bildirib ki, Pakistan “çökmək üzrədir”.
Hafta.az-ın yazdığına görə, Ümumdünya Səhiyyə Təşkilatına ehtiyacı olanlara yardım üçün 81 milyon dollar ayrıldığını bildirən Brennan, Birləşmiş Millətlər Təşkilatının Pakistan üçün nəzərdə tutduğu 816 milyon avroluq ümumi yardımın indiyədək yalnız 16 faizini toplandığını deyib.
Rəsmi məlumatlara görə, ötən yay Pakistanda musson yağışları səbəbindən baş verən daşqınlarda 1600-dən çox insan həyatını itirib. 230 milyon nəfər əhalisi olan ölkədə minlərlə insan evsiz qalarkən, daşqınların yaratdığı dağıntılar nəticəsində saysız-hesabsız körpülər, yollar, evlər, tarlalar, xəstəxanalar və klinikalar yararsız hala düşüb.
Brennan selin bitməsi ilə ölkənin ağcaqanadların oylağına çevrildiyinə, bir çox yerdə təmiz içməli suyun olmadığına və kanalizasiya sularının düzgün şəkildə axıdılmamasına diqqət çəkib. Ölkədə ishal xəstəliyinin geniş yayıldığını deyən Brennan, iyul-oktyabr ayları arasında 540 min malyariya hadisəsinin qeydə alındığını bildirib.
Pakistanda minlərlə malyariya xəstəsi adekvat müalicə almadıqları üçün ölür. Daimi qida çatışmazlığından əziyyət çəkən uşaqların sayı artır. Daşqınlar səbəbindən növbəti məhsul dövrünün necə olacağı hələ də qeyri-müəyyən olaraq qalır. Pakistanda hökumət ölkədə aclıq böhranının qarşısını almaq üçün bu həftə Rusiyadan 300 min ton buğda sifariş edib.