Karantin rejimində üzərlərinə böyük məsuliyyət düşən peşə sahiblərindən biri də polislərimizdir. Onlar bütün günü insanları maarifləndirmək üçün ayaq üstə dayanırlar. Öz canlarını təhlükəyə atırlar. Lakin polislərə qarşı şiddət də göstərənlər də olur. Son günlərdə bu cür halların sayı da artıb. Qaydaların tətbiqini bəzən vətəndaşlar qəbul edə bilmirlər.
Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev məsələ barədə hafta.az-a bildirdi ki, bu zaman-zaman olub, hələ də var:
“Vətəndaşlar qanunu pozanda polislər müdaxilə edirsə bu, onlarda qıcıq yaradır. Sovet dövründə də belə idi. İnsanları da qınamaq olmaz. Həmişə bizdə karantin rejimi olmayıb. Belə bir epidemiya qorxusu yaşanmayıb. Gərginlik insanları sıxır və onlar da öz acığlarını polislərə çıxırlar. Bunu da qəbul etmək olar. Düzdür, polislərə qarşı etdikləri qanun pozuntsudur. Amma bütün insanlar savadlı, intelektli deyil. Burada təhsil və tərbiyyə böyük rol oynayır. Bu cür vəziyyətə yanaşmada mədəni və qeyri-mədəni hərəkətlər ortaya çıxır. Polislərimiz qanun çərçivəsində ölçülər götürməlidir”.