Prezident Əliyevlə Paşinyan görüşünə gəlincə, iki ölkə liderlərinin görüşünə adətən iki halda ehtiyac duyulduğu göz qabağındadır. Birinci variant hansısa diplomatik sıçrayış etmək və lazım gələndə bu irəliləyişə nail olmaq üçün tabeçiliyində olanlara çoxsaylı tapşırıqlar vermək. Və ya ikinci variant uzun zəhmətdən sonra konkret razılaşmaları kağız üzərində təsbit etmək zərurəti yarananda.
Hafta.az bildirir ki, bu fikirləri Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib:
"Qarşıdakı potensial görüş hələlik heç bir irəliləyiş göstərməyən məsələlərdə irəliləyiş üçün güclü stimul ola bilər. Bəli, biz bir neçə aydır ki, sərhədin delimitasiyası, demarkasiyası, qeyri-qanuni birləşmələrin Qarabağdan çıxarılması, nəqliyyat və iqtisadi əlaqələrin - Zəngəzur dəhlizinin açılması məsələlərini müzakirə edirik. Düşünürəm ki, görüşə qədər, əgər bu, yaxın vaxtlarda baş tutsa - xüsusən də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatın imzalanmasının ikinci ildönümü olacaq - konkret qərarlar qəbul edilməlidir. Və aydındır ki, hazırda qarşıda duran ən kəskin məsələ erməni birləşmələrinin çıxarılması, delimitasiya və demarkasiyadır. İstənilən halda, yenidən irəliləyiş olmasa, Azərbaycana razılaşmaların həyata keçirilməsinin zəruriliyi bir daha xatırladılmalı olacaq.
Və bəli, görüşün üçtərəfli formatda - Putin - Əliyev - Paşinyan formatında keçirilməsi vacibdir. Bu gün beynəlxalq vəziyyət fonunda bu məsələ həm Rusiya sərhədlərində təhlükəsizlik baxımından, həm də dost ölkələr, strateji tərəfdaşlar, müttəfiqlərlə münasibətlərin möhkəmləndirilməsi, genişləndirilməsi, dərinləşdirilməsi baxımından daha aktualdır.