"Qardaş Azərbaycanın KKTC-nin müstəqilliyini tanıyacağına ümid edirik" - Baş nazir

12:40 14.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
 

"Bu günədək KKTC ilə Türkiyə “bir millət, iki dövlət” idi. Qardaş Azərbaycanı da daxil edərək, bundan sonra isə biz "bir millət, üç dövlət" deyəcəyik".

Hafta.az-ın yazdığına görə, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Faiz Suçuoğlu deyib. Hökumət başçısı bildirib ki, önümüzdəki yaxın vaxtlarda KKTC ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi müstəvidə əməkdaşlıq güclənəcək. Hər halda bunu arzulayırlar və səy göstərəcəklər. "Gözləntilərimiz böyükdür. Xüsusilə də qardaş olaraq, eyni kökdən gəldiyimiz, qanımız-canımız bir olan, eyni dili danışıb, eyni dini paylaşdığımız Azərbaycanın da Şimali Kipr Türk Cümhuriyyətini tanıyacağına ümid edirik. Hansı ki qərarımızı vermişik: artıq federasiya deyilən bir şey yoxdur, bundan sonra iki suveren, bərabərhüquqlu müstəqil dövlət var adada. Bu məsələyə prezident Ersin Tatar da son nöqtəni qoyub və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bizə böyük dəstək verməkdədir", - deyib KKTC-nin Baş naziri. 

Oxunma sayı 751