"Qızılı nə alın, nə də satın" - Filiz Əryılmaz 

09:24 12.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli tanınmış iqtisadçı Filiz Əryılmaz Türkiyə Mərkəzi Bankın səbirsizliklə gözlənilən faiz qərarını şərh edib. Geosiyasi inkişafların makroiqtisadi tarazlığa təsir etdiyini bildirən Əryılmaz, mövcud şərtlər altında faiz dərəcəsinin endirilməsini gözləmədiyini söyləyib.

Hafta.az yazır ki, Əryılmaz deyib: "Sabah faiz dərəcəsinin endiriləcəyini gözləmirəm: Mərkəzi Bank faiz dərəcəsinin artırılmasını təsdiqləyəcək. Müharibə olmasaydı, fevral ayı inflyasiya rəqəmləri ilə yanaşı, hətta 100 baza bəndi endirilməsi də müzakirə mövzusu olardı. Lakin neftin qiymətinin yüksəlməsi inflyasiya gözləntilərini yuxarı qaldırıb. Buna görə də Mərkəzi Bankdan sərt və ehtiyatlı qərar açıqlaması gözləyirəm".

Bazar risk iştahına toxunan Əryılmaz, investorların bu dövrdə ehtiyatlı davranmalı olduqlarını bildirib. O, geosiyasi risklərin azalmasının İstanbul Fond Birjasında güclü yüksəliş üçün vacib olduğunu söyləyib.

Əryılmazın fikrincə, İranda müharibə bitərsə, bütün fond bazarlarında olduğu kimi, Türkiyənin fond bazarında da 14 min baldan yuxarı sürətlə qiymət artımlarının şahidi olunacaq. Lakin risklər hələlik davam edir. İnvestorlar mövqe tutarkən mütləq tədricən və nəzarətli şəkildə hərəkət etməli, böyük risklərdən qaçınmalıdırlar.

Qızıl qiymətinin gözlənilən artımı göstərməməsinə toxunan Filiz Əryılmaz, neftin qiymətinin bu prosesdə müəyyənedici amil olduğunu bildirib. O, qızıl investorları üçün kritik səviyyələri belə izah edib: “Neftlə qızıl arasında demək olar ki, 100 faiz mənfi korrelyasiya var. Neftin qiyməti artdıqca inflyasiya da artır ki, bu da mərkəzi bankların faiz dərəcələrini endirməsinə mane olur. Nəticədə də qızıl və gümüşə təzyiq baş verir. Qram qızıl 168 dollardan, unsiya qızıl isə 1790 dollardan yuxarı qalmalıdır. Qızıl və gümüş üçün hazırda “nə sat, nə də al” yanaşması, yəni gözləmə prosesi ən uyğundur”.

Sülhün bazarlara təsirinə toxunan Əryılmaz, neft qiymətinin geriləməsinin qızıla fərqli təsir göstərə biləcəyini bildirib.

“Əgər sülh xəbəri gələrsə, neftin qiyməti əhəmiyyətli dərəcədə düşər; bu, qızılın qiymətinə ikiqat təsir göstərə bilər. Bir baxış budur ki, bu, qızıla təzyiq göstərəcək, digəri isə yüksələcək. Orta səviyyəli bir mövqe gözləyirəm. Bəziləri qızıla təhlükəsiz sığınacaq kimi müraciət edib, amma 5600 dollara qədər kəskin bir artım gözləmirəm, xüsusən də neft qiymətlərinin düşməsi və sülhün gəlişi ilə yenidən canlanma ola bilər”.