"Rəqaib qəndili" - arzular gecəsi

12:01 20.02.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə müsəlmanlar üçün xüsusi önəmə malik tarixlərdən biri olan "Rəqaib qəndili" qeyd olunmaqdadır. Xüsusən də qardaş ölkə Türkiyədə bu günün kütləvi şəkildə keçirilməsi müşahidə olunur. Bəs görəsən, ölkəmizdə Rəqaib gecəsinin qeyd edilməsi hansı səviyyədədir? Ümumiyyətlə, "Rəqaib qəndili" nə deməkdir?

Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı Heydər Məscidinin axundu Hacı Rüfət Qarayev ilə əlaqə saxlayıb. Müsahibimiz bildirdi ki, Rəcəb ayının ilk cümə gününün gecəsi "Rəqaib gecəsi" adlanır, yəni arzular gecəsi:

"Həmin gecədə Allah tərəfindən bizim etdiyimiz dualar qəbul edilmiş olur. Rəcəb, Şaban və Ramazan ayları Uca Rəbbimiz tərəfindən xüsusi özəlliyi olan aylardır. Rəcəb və Şaban ayları, dolayısı ilə Ramazan ayına hazırlıqdır. Bu aylarda edilən  dualar xüsusi olaraq Allah qatında qəbul olunur. Rəcəb ayında önəmli günlər var. Həmin günlərdən də biri ayın ilk cümə axşamıdır".

İlahiyyatçı onu da qeyd etdi ki, cümə gününün gecəsi oyaq qalınır, ibadət edilir, qüsl alınır, namaz qılınır. Gündüzü isə oruc olunduğu zaman bu, Allah qatında böyük fəzilətə sahibdir:

"Həmin gecəyə ona görə arzular gecəsi deyilir ki, insan Allaha doğru yönəlsin, dualar etsin, bağışlanmaq istəsin. Ramazan ayında da özəl olan, son ongünlüyün içində gizli Qədir gecəsi vardır".

Axundun sözlərinə görə, bizdə bu gün bir qədər fərdi qeyd olunur. Son illərdə isə nisbətən kütləvilik almağa başlayıb:

"Rəqaib gecəsi bizdə fərdi şəkildə qeyd olunur. Pandemiya ilə bağlı olaraq hazırda məscidlər bağlıdır. Buna görə də toplu şəkildə qeyd etmək mümkün deyil. Adətən, bizdə ənənəvi şəkildə Ramazan ayının gecələri qeyd olunur. Türklərdə isə bu adətlər bizdən bir qədər fərqlənir. İndi orada həm məscidlər açıqdır, həm də media vasitəsilə təbliğatı insanlarda fərqli abu hava yaradır. Bizdə isə təbliğat ancaq sosial şəbəkə üzərində həyata keçirilir. Əvvəlki illərlə müqayisədə bizdə də indi xeyli kütləvilik alıb".

Qeyd edək ki, Qəndil gecələri adı ilə tanınan gecələr Rabiul-Əvvəl ayının 12-ci gecəsi Mövlud, Rəcəb ayının ilk cümə gecəsi olan Rəqaib və yenə bu ayın 27-ci gecəsi olan Merac, Şaban ayının 15-ci gecəsi Bəraət və Ramazan ayının 27-ci gecəsi olan Qədr gecələridir. Osmanlı dövləti dövründə, daha dəqiq desək, padşah II Səlimin hakimiyyət illərindən etibarən bu gecələr minarələrdə qəndil yandırılıb elan edildiyinə görə qəndil adlandırılmağa başlanmışdır. Halbuki Mövlud, Merac və digər hadisələrin dəqiq hansı tarixə düşdüyü ilə bağlı səhih dəlil yoxdur.