"Rusiya mediasının 90 faizində ermənilər rəhbər vəzifələrdədirlər" – Fərid Əkbərov

15:00 14.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ən böyük qonşumuzdur. Xalq olaraq tariximizin bir hissəsi zorla da olsa bərabər yaşadıq, amma bu gün müstəqil olsaq da, mehriban qonşu kimi əlaqələrimizi davam etdiririk. Siyasətçidən-iqtisadçıya, alimdən-sənət adamınadək hər birimizin rol aldığımız dövlətlərarası əlaqələrin inkişafında media əhlinin də əməyi az deyil, xüsusilə də Rusiyada akkreditə olunmuş jurnalistlərimizin. Onlardan biri də İTV-nin Moskvadakı xüsusi müxbiri Fərid Əkbərovdur.

Fəridlə “Xüsusi müxbir” rubrikasında söhbətləşdik. Özündən, işindən, Rusiya kimi geniş əraziyə malik ölkədə fəaliyyətindən söz açdıq.

 - Şükürlər olsun, şəxsi vəziyyətim əla, işlər də qaydasındadır. Jurnalistin müsahibi və araşdıracağı mövzular bol olanda, təbii ki, müsahibə və reportajlarla bağlı sorğulara müsbət cavab gələndə işlər qaydasında gedir. Onbirinci ildir ki, Moskvadayam. 2010-cu ilin dekabrından Rusiyada jurnalist kimi fəaliyyət göstərirəm. 2011-ci ildən rəsmi olaraq Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuşam.    

- Dünyanın ən geniş ərazisinə malik bir ölkədə fəaliyyət çətin deyilmi sizə? Məlumatları yığıb-yığışdırmaq baxımından deyirəm...

- Rusiyada, xüsusilə də Moskvada jurnalist kimi fəaliyyət göstərməyin öz çətinlikləri var. Uzun illər ərzində qazanılan təcrübə sayəsində bu çətinliklərin öhdəsindən gəlmək mümkündür. Fəaliyyət dövründə əldə edilən əlaqələr, tanışlıqlar sayəsində informasiya toplamaq asanlaşır. Moskvada çalışdığım ilk vaxtları xatırlayıram, çətin idi. 2010-2012-ci illərdə Moskva Dövlət Dillər Universitetinin Beynəlxalq Jurnalistika fakültəsində ikinci ali təhsil alırdım. Azərbaycan Prezidenti Administrasiyanının xətti ilə Moskvaya göndərilən altı azərbaycanlı jurnalistdən biri idim. O zaman Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında imtahan verib Moskva Dövlət Dillər Universitetinə qəbul olunmuşdum. Eyni zamanda, “RİA Novosti” agentliyində ikiillik təcrübə şansı qazanmışdım. Təbii ki, həmin dövr həyatımda çox mühüm rol oynayıb. APA İnformasiya Agentliyinin Moskva müxbiri kimi fəaliyyətə başladım. İlk vaxtlar fərqli media quruluşlarının keçirdiyi mətbuat konfranslarında iştirak edirdim. Həm Rusiyanın, həm də Azərbaycan - Rusiya münasibətlərinin gündəmini izləməklə, xüsusi müxbir kimi işimi qurmağa, siyasi ekspertlərlə tanış olub, onlardan müsahibələr, açıqlamalar almağa başladım. Rusiya Xarici İşlər Nazirliyinin ənənəvi brifinqlərinə qatıldım, dövlət orqanlarının tədbirlərində onların mətbuat xidmətləri ilə yaxından tanış oldum. Təbii ki, bu dövrdə Rusiyadakı Azərbaycan diaspor təşkilarları ilə də əlaqələr qururdum. Beləliklə, bu  cür sıx və gərgin fəaliyyət nəticəsində xaricidə fəaliyyət göstərən xüsusi müxbir kimi formalaşmağa başladım. Fəaliyyətimin son iki ili isə həm də televiziya ilə bağlıdır. 2019-cu ildən İctimai Televiziyanın Rusiya üzrə xüsusi müxbiri postunu tuturam. Onu da deyim ki, uzun illər xəbər agentliyi müxbiri kimi çalışan biri üçün televiziyada işləmək daha zövqvericidir. Xəbər agentliyinin müxbiri, xaricdə xüsusi müxbir kimi fəaliyyət göstərən jurnalist üçün xəbəri tapmaq, onu yazıya çevirmək daha asandır. Bunun üstünə də çəkdiyin videokadrları əlavə edəndə ortaya daha mükəmməl iş çıxır. Jurnalistin siması tanınır, daha geniş auditoriya onun fəaliyyəti ilə tanış olur.     

Ümumiyyətlə, xaricdə müxbir kimi fəaliyyət göstərmək çox böyük məsuliyyət tələb edir. Bura həm jurnalistlik məsuliyyəti, həm də xarici müxbir kimi məsuliyyət daxildir. Xarici müxbirin hər hansı kiçik yanlışlığı dövlətlərarası münasibətlərə ziyan vura bilər. Ona görə də peşəmizlə əlaqədar tutduğumuz mövqe bizdən çox böyük məsuliyyət tələb edir.  

- Siz Moskvada oturursunuz, tamam, birdən Vladivostokda və ya Kamçatkada bizim üçün də çox önəmli hadisə baş verdi. Onu necə əldə edəcəksiniz, götürmə yolu ilə, yoxsa özünüz həmin bölgəyə gedəcəksiniz? Nəzərə alaq ki, Moskva ilə hadisə yeri arasında, az qala, yarımgünlük zaman fərqi var...

- Əgər Moskvaya yaxın regiondursa, ora ezam olunuruq. Vladivostok kimi uzaq yerlərdən isə başqa vasitələrlə xəbər alırıq. Öz təcrübəmdə bunu yaşamışam. Səhv etmirəmsə, 2012, ya da 2013-cü ilin qışında Oxot dənizində azərbaycanlı dənizçilərin olduğu balıqçı gəmisi batmışdı. Oradakı həmyerlilərimizlə bağlı məlumat almaq lazım idi. Rusiyanın Cənubi Saxalin şəhərindəki Azərbaycan diasporu rəhbərini tapdım. O zaman həmin təşkilata Nazir Hətəmov adlı həmyerlimiz rəhbərlik edirdi. Sağ olsun, Oxot dənizində batan gəmidəki bütün həmyerlilərimiz barədə məlumatları təqdim etdi. Təbii ki, bir neçə həmyerlimiz həlak olmuşdu. Diaspor rəhbərinin köməyi ilə gəmidən xilas edilən həmyerlilərimizlə telefonla əlaqə saxladım. Xilas edilmiş həmyerlilərimizdən biri xəstəxanadan öz videosunu çəkib göndərmişdi.

- Bilirsiniz, Rusiya muxtar cəmiyyətlərə bölünür – 21 respublika və daha neçə muxtar əraziyə. Efir üçün hazırladığınız xəbərlərə, yəqin ki, istər-istəməz siyasi senzura tətbiq edirsiniz. Axı ortada dövlət münasibətləri var. Bunu necə edirsiniz, hansısa milli mahiyyətli, amma çox önəmli hadisələr yaşananda xəbəri necə hazırlayırsınız ki, nə şiş yansın, nə kabab?

- Bayaq qeyd etdiyim kimi, xaricdə çalışan xüsusi müxbirin üzərinə bu baxımdan böyük məsuliyyət düşür. Müxbirin senzura tətbiq etmək kimi səlahiyyəti yoxdur. Hər bir xüsusi müxbir fəaliyyət göstərdiyi ölkənin daxili siyasi və xarici siyasi mətbəxini, həmin ölkə ilə öz ölkəsinin ikitərəfli münasibətlərini yaxşı bilməlidir və bu biliklərə, informasiyalara uyğun olaraq redaksiyadan aldığı tapşırıqları yerinə yetirməlidir. 

- Rus mediası ilə əlaqələriniz nə yerdədir? İstər TV-lərlə, istərsə də çap və onlayn media ilə əlaqələri necə qurursunuz? Məlumat mübadiləsi-filan edirsinizmi?

- İki il Rusiyanın “Ria Novosti” agentliyində təcrübə keçmişəm. Həm bu dövrdə, həm də sonrakı illərdə iştirak etdiyim tədbirlərdə rusiyalı həmkarlarımla əlaqələr qurmuşam. Jurnalist üçün əlaqə çox mühüm amildir. Lazım olanda onlardan kiminsə əlaqə telefonunu alıram. Eyni ilə onlar da mənə kömək üçün müraciət edirlər.

- Dövlətin rəsmi tədbirlərinə, məsələn, Kremldə, yaxud XİN-də keçirilən mətbuat konfranslarına və s. dəvət olunursunuzmu? Tutaq ki, prezidentin qatıldığı tədbirlərə...

- Rusiya Xarici İşlər Nazirliyində qeydiyyatdan keçən jurnalistlərin hamısının dövlət tədbirlərinə düşmək şansı var. Bunun üçün müxbir müntəzəm olaraq dövlət tədbirlərinin anonsunu izləməlidir. Xarici İşlər naziri Sergey Lavrovun illik mətbuat konfransı da əvvəlcədən elan olunur. Ona da qeydiyyat üçün müraciət edib, iştirak etmək olur. Bu mətbuat konfranslarına müraciət edənlərə demək olar ki, imtina cavabı gəlmir. O ki qaldı Kremlin tədbirlərinə, burada da dəvət yoxdur. Adətən, Kremlin saytında tədbirlərin anonsu verilir. Müxbir özü qeydiyyat üçün müraciət etməlidir. Kreml onun müraciətinə baxıb qərar qəbul edir. Bununla yanaşı, Kremlin açıq qeydiyyat aparmadığı tədbirlər də var. Bundan isə ancaq ölkənin siyasi gündəmini izləyən jurnalistlərin xəbəri olur. Öz təcrübəmdən deyəcəyəm: 2016-cı ilin təyyarə böhranından sonra Rusiya və Türkiyə prezidentləri arasında keçiriləcək görüşü bütün media gözləyirdi. 2017-ci ilin fevral ayında Moskvada bu görüşün olacağına dair məlumat yayıldı. Düzdür, onlar avqustda Sankt-Peterburqda görüşmüşdülər, lakin Moskvadakı görüş daha önəmli idi. Bu həm də Türkiyə Prezidentinin Rusiyaya təyyarə böhranından sonra ilk rəsmi səfəri idi. Ona görə də mütləq bu görüşdə iştirak etməliydim. Səfərdən, təbii ki, əvvəlcədən xəbər tutub, qeydiyyat üçün müraciət etdim və Kremldə müraciətimi müsbət cavablandırdılar. 70-ə yaxın xarici və yerli media nümayəndəsinin akkreditə olunduğu həmin görüşü işıqlandıran yeganə azərbaycanlı media nümayəndəsi mən idim.

- Ermənistanın hamisi olan Rusiyada mətbuat da erməni lobbisinin təsiri altındadır. Bunu 44 günlük Vətən müharibəsi zamanı da açıq gördük. Rusiya TV-ləri, sanki Ermənistanınkı  kimi çalışırdı... Bir çox mətbuata birbaşa ermənilər rəhbərlik edirlər deyə, Rusiyada çalışan Azərbaycan jurnalisti mütləq qəhrəmanlıq göstərməlidir. Ermənilərlə və erməniyönümlülərlə işinizi necə qura bilmisiniz, bu müstəvidə dəstəyiniz varmı?

- Rusiya mediasının, fərqi yoxdur, yazılı, onlayn və ya televizya, 90 faizində ermənilər rəhbər vəzifələrdədirlər. Təkcə rəhbər vəzifələrdə deyil, adi müxbir kimi çalışan ermənilər də çoxdur. Bir məqamı qeyd edim ki, 44 günlük Vətən müharibəsi erməni lobbisinin fəaliyyətinin üstündən xətt çəkdi. Rusiya mediası nə qədər birtərəfli mövqe sərgiləsə də, qarşı tərəfin mövqeyini öyrənmək istəyən sadə rusiyalılar internetə daxil olaraq lazımi məlumatı ala bilirdilər. Təbii ki, ermənipərəst informasiya siyasəti bir kəsim rusiyalının Azərbaycana qarşı fikrini formalaşdıra bilmişdi. Müharibədə qələbə qazanmağımız Azərbaycan haqqında fikri dəyişdirdi. Müşahidələrim onu deyir ki, Rusiyada Azərbaycana qarşı olanların ya ermənilərlə qohumluğu, ya da maddi maraqları var. Sağlamdüşüncəli rusiyalı TV-lərdə Azərbaycan əleyhinə səslənən fikirlərə ancaq gülüb keçir. Həmin fikrin erməni tərəfindən və ya ermənipərəst biri tərəfindən səsləndirildiyini anlayır. Sağlamdüşüncəli rusiyalı, məsələn, Solovyovun məlum verilişinə baxanda görür ki, spikerlərin soyadı Kurginyan, Simonyan, Baqdasar(yan)ovdur. O “yan”ların ədalətli mövqe sərgiləməsi həmin rusiyalıda, təbii ki, şübhə doğurur.

- Ermənilərdən söz açmışkən, onlarla Rusiyadakı Azərbaycan diaspor quruluşları, üstəlik, səfirliyimiz də mübarizə aparır. Bu təmsilçiliklərimizlə necə əməkdaşlıq edirsiniz? Fəaliyyətinizə səfirliyimiz və ya diaspor qurumlarımızdan istədiyiniz yardımı ala bilirsinizmi?

- Səfirlikdə də akkreditə olunmuşam. Bütün tədbirlərində iştirak edirəm. Əməkdaşlığımız yüksək səviyyədədir. Eyni ilə də diaspor təşkilatlarımızla, xüsusilə də regionlardakı diaspor təşkilatları ilə əməkdaşlıq edirəm. Hansısa bir məlumatın dəqiqləşdirilməsində, regionlarda yaşayan həmyerlilərimizlə bağlı hadisələr baş verən zaman diaspor təşkilatları məlumat toplamağıma kömək edirlər.  

- Müharibədənsonrakı vaxtlarda azad edilmiş bölgələrimizə rus media mənsubları gedibmi? Onların görüşləri-təəssüratları necə rezonans yarada bilib ruslar arasında?

- Bəli, Rusiya media mənsublarının işğaldan azad olunan bölgələrimizə çoxsaylı səfərləri olub. Təbii ki, bu səfərlər bildiyim qədər, rəsmi Bakı tərəfindən təşkil edilir. Bir müddət öncə “Ria Novosti”də Azərbaycanın Ermənistan işğalından azad olunan rayonlarından geniş reportaj yayımlandı. Reportajda Bakıda yaşayan və oğlu İkinci Qarabağ müharibəsində şəhid olan erməni qadınla müsahibə böyük maraq oyatmışdı. Bir neçə rusiyalı həmkarım zəng edib bu haqda məndən soruşmuşdular.

- Azərbaycanda jurnalistlərin minaya düşərək həlak olması faktı Rusiya mediasında necə rezonans yaratdı? Rus məsləkdaşlarımız məsələyə, baş verən olaya necə baxır, nə düşünür?

- Təəssüf ki, medianın ermənilərin əlində olması bu rezonansın yaranmasına imkan vermir. Rusiya Jurnalistlər İttifaqından başsağlığı oldu, bir də Rusiya XİN rəsmisinin hadisədən bir həftə sonra açıqlaması yayımlandı. Rusiyalı ekspertlər səviyyəsində faciəyə - erməni terroruna sərt reaksiya gəldi. Sizin də mətbuatdan yaxşı tanıdığınız, ədalətli mövqeyi ilə seçilən siyasi və hərbi ekspertlər bu məsələyə  Azərbaycan medasında və ya öz teleqram kanallarında münasibət bildirdilər. Münasibət də ondan ibarət idi ki, Ermənistan bu kimi terrorçu əməllərinə son qoymalı və minalanmış ərazilərin xəritələrini qeyd-şərtsiz Azərbaycana təhvil verməlidir.  

Oxunma sayı 5152