“Təbəssüm Yarat” komandası növbəti sosial yardım aksiyasını uğurla başa çatdırıb. Bu dəfə komanda yolunu Astara rayonunun ucqar dağ kəndi olan Sım kəndinə salıb.

Hafta.az yazır ki, aksiya çərçivəsində 50-yə yaxın aztəminatlı ailənin uşaqlarına ayaqqabı, oyuncaqlar, idman ləvazimatları və müxtəlif hədiyyələr təqdim olunub.

Layihənin əsas məqsədi uşaqların sevincinə şərik olmaq, onların sosial rifahına dəstək vermək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirmək idi.

Komanda xeyriyyə təşəbbüsünün həyata keçirilməsində dəstəyini əsirgəməyən bütün xeyirsevər insanlara təşəkkür edərək bildirib ki, məhz onların etimadı və dəstəyi sayəsində daha çox uşağın üzündə təbəssüm yaratmaq mümkün olub.

“Təbəssüm Yarat” komandası bundan sonra da ölkəmizin müxtəlif bölgələrində sosial layihələrini davam etdirərək ehtiyac sahibi ailələrə və uşaqlara dəstək göstərmək əzmindədir.

Bir uşaq gülərsə, dünya gülər!”, - komanda bildirib.