Hindistanın Azərbaycandakı Səfirliyi bu gün səfirlikdə “Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzüsuna həsr olunmuş daimi sərginin açılışı münasibətilə xüsusi tədbir təşkil edib. Tədbirdə müxtəlif ölkələrin səfirləri və diplomatları, Azərbaycan Milli Məclisinin deputatları, biznes ictimaiyyətinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin təmsilçiləri, aparıcı media qurumlarının nümayəndələri, sosial media influenserləri və Azərbaycandakı Hindistan diasporunun üzvləri iştirak ediblər.

Hafta.az yazır ki, sərginin açılışını Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycanın Ölkə Ofisinin rəhbəri Anna Soave edib. Onlar Hindistanın ən məşhur mədəni və təbii irs nümunələrindən seçilmiş eksponatları əks etdirən 17 paneldən ibarət rəngarəng ekspozisiyanı təqdim ediblər. Sərgidə tarixi, mədəni, memarlıq və təbii əhəmiyyətinə görə beynəlxalq səviyyədə tanınmış və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələr nümayiş olunur.

Açılış nitqində səfir Abhay Kumar bildirib ki, Hindistan minilliklərə söykənən mədəni irsə malik dünyanın ən qədim və tarix boyu öz varlığını qoruyub saxlamış sivilizasiyalarından biridir. O qeyd edib ki, Hindistanda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş 44 obyekt mövcuddur. Bunlardan 36-sı mədəni, 7-si təbii, 1-i isə qarışıq irs obyektidir. Səfir vurğulayıb ki, bu abidələr təkcə Hindistanın deyil, bütün bəşəriyyətin ortaq irsini təmsil edir. O, qədim Nalanda Universiteti, məşhur Tac Mahal, Sançidəki Buddist abidələri, Hampi və Xacuraho məbəd kompleksləri kimi tarixi məkanlara toxunaraq bildirib ki, bu irs nümunələri Hindistanın zəngin müxtəlifliyini, yaradıcılıq potensialını və sivilizasiya tarixini əks etdirir. Səfir daimi sərginin ziyarətçilərdə maraq oyadacağına, maarifləndirici rol oynayacağına, Hindistanın zəngin mədəni və təbii irsinə daha dərindən bələd olmağa imkan yaradacağına, eyni zamanda Hindistanla Azərbaycan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycanın Ölkə Ofisinin rəhbəri Anna Soave Hindistan Səfirliyinin UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələrə həsr olunmuş daimi sərginin yaradılması təşəbbüsünü yüksək qiymətləndirib. Qeyd edib ki, sərgi mədəni maarifləndirmənin təşviqi, mədəni dialoqun inkişafı və bəşəriyyətin ortaq irsinin təbliği baxımından mühüm platformadır. Xanım Soave həmçinin Hindistanın zəngin mədəni və təbii irsinə heyranlığını ifadə edərək deyib ki, UNESCO Dünya İrs obyektləri ölkənin möhtəşəm sivilizasiya irsini, zəngin müxtəlifliyini və bu əvəzsiz irsin gələcək nəsillər üçün qorunmasına verdiyi uzunmüddətli əhəmiyyəti əks etdirir.

Açılış mərasimindən sonra Azərbaycan iştirakçılarının Hindistanın müxtəlif ştat və bölgələrinə məxsus ənənəvi geyimləri nümayiş etdirdiyi rəngarəng “İrs və Dəb Şousu” (Heritage-Cum-Fashion Walk) keçirilib. İştirakçıların Hindistan ənənələrinə böyük maraq və həvəslə qoşulması Hindistan və Azərbaycan xalqları arasında artan dostluğun, qarşılıqlı rəğbətin və mədəni yaxınlığın bariz nümunəsi olub.
Tədbir çərçivəsində həmçinin Hindistanın məşhur Küçə Yeməkləri Festivalı təşkil olunub. Qonaqlara zəngin dadı və müxtəlifliyi ilə dünyada tanınan Hindistan küçə mətbəxinin məşhur təamları və içkiləri təqdim edilib. İştirakçılar orijinal Hindistan mətbəxinin müxtəlif nümunələrini dadaraq ölkənin zəngin kulinariya irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Bayram əhval-ruhiyyəsini daha da zənginləşdirən məqamlardan biri də azərbaycanlı sənətçilərin təqdim etdiyi təsirli Hindistan mədəniyyətinə həsr olunmuş musiqi və rəqs nömrələri olub. Hindistanın zəngin bədii ənənələrindən ilhamlanan bu çıxışlar tamaşaçılar tərəfindən gur alqış və böyük rəğbətlə qarşılanıb.
Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələrinə həsr olunmuş Daimi Sərgi Hindistanın Azərbaycandakı Səfirliyində ictimaiyyət üçün açıq olacaq ki, bu da ziyarətçilərə Hindistanın ən məşhur mədəni və təbii irs nümunələrini yaxından tanımaq və ölkənin zəngin sivilizasiya irsi haqqında daha dolğun təsəvvür əldə etmək imkanı yaradacaq.