"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb - FOTOLAR - YENİLƏNİB

10:26 18.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Hazırda Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. Yanğın yerində soyutma və kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə  konstruktiv materialların sökülməsi işləri davam etdirilir. Sahibkarlar yanğından zərər görməyən məhsullarını yanğın ərazisindən çıxartmağa başlayıblar.

Yanğın zamanı 60-a yaxın mağazaya ciddi ziyan dəydiyi bildirilir. Yanğın bazarın ayaqqabı, pal-paltar və digər məişət mallarının satıldığı 7-ci və 8-ci sıralarını əhatə edib.

"Yanğın haqqında məlumat səhər saat 07:39-da daxil olub". Bu sözləri jurnalistlərə Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov bildirib.

Onun sözlərinə görə, dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub:

"İkinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. 23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kv. metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır".

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar var.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) hafta.az-a verilən məlumata görə, yanğınla əlaqədar əraziyə 5 tibbi briqada cəlb edilib: "Hadisə nəticəsində 9 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".

Sədərək” Ticarət Mərkəzində baş verən yanğın bəzi marşrutların hərəkətinə mane olub.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-averilən məlumata görə, yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb:

"Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılmış və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılmışdır".

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara kompensasiya ödəniləcək.

Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyan tam ödəniləcək:

“Bu ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb. Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin ki, yanğın baş verən ərazidəki mağazalar da sığortalıdır.

Hazırda sığorta şirkəti hadisə yerindədir, dəymiş ziyan müəyyənləşdirilir. Sığorta ilə yanaşı, ticarət mərkəzinin rəhbərliyi tərəfindən də sahibkarlara kompensasiya ödəniləcək. Mağazaların icarə haqlarında və digər xərclərdə sahibkarlara yardım ediləcək”.

Qeyd edək ki, səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.