"Sərginin Qobustanda keçirilməsi hind abidələrinə yaraşan təqdirin göstəricisidir" - Səfir

10:10 28.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki Səfirliyi, Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə birlikdə Hindistan abidələri və irs məkanlarını Qobustanda nümayiş etdirəcək Hindistan Qalareyasının açılışı münasibətilə tədbir keçirib. Sərgi Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsinə daxildir.

Hafta.az yazır ki, tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna, Azərbaycanın ən ikonik tarixi məkanlarından sayılan Qobustanın, Hindistanın məşhur tarixi abidə və məkanlarının bəzilərinin nümayiş edildiyi 16 şəkil-plakatından ibarət sərgi üçün çox uyğun bir məkan olduğunu bildirib. Səfir, sərginin məşhur Tac Mahal, Qırmızı Qala və Cənubi Hindistanın məbədləri və sair kimi məkanları əhatə etdiyini, Qobustan kimi bu abidə və məkanların Hindistanın UNESCO Ümumdünya İrs Siyahısına daxil edilmiş 40 məkanı sırasında olduğundan, sərginin məhz burada keçirilməsinin bu məkanlara yaraşan təqdir göstəricisi olduğunu vurğulayıb. Səfir həmçinin, sərginin Hindistanın zəngin mədəni irsini Qobustana gələn qonaqlara təqdim edəcəyini və ölkələrimiz arasında mövcud olan ortaq zəngin mədəni irsimiz arasında bağlantı rolunu oynayacağını bildirib.

Diplomat, Hindistanın 75 illiyi münasibətilə təşkil olunan tədbirlər haqqında danışaraq Hindistanın 15 avqust, 2022-ci ildə müstəqil ölkə kimi 75 ilini tamamlayacağını və Hindistan höküməti və xalqının bu ilin mart ayından etibarən bu önəmli tarixi hadisənin qeyd olunması münasibətilə 2023-cü ilin avqust ayına qədər daha iki il müddətində davam edəcək tədbirlər silsiləsi başlatdığını qeyd edib. Bildirib ki, Azadi ka Amrut Mahotsav təşəbbüsü çərçivəsində həyata keçirilən tədbirlərin mütərəqqi Hindistanın 75 ilinin, Hindistan xalqının şanlı tarixinin və mədəniyyətinin və dünyanın ən böyük demokratiyası kimi mövcudluğunun təntənəli şəkildə anılması bayramıdır.

Səfir, illər ərzində Hindistanın dünyanın 5-ci ən böyük iqtisadiyyatına çevrildiyini, qlobal iqtisadiyyatın sabitliyinə və inkişafına əhəmiyyətli şəkildə töhfə verdiyini diqqətə çatdırıb. Bildirib ki, Hindistanın kənd təsərrüfatı sektorunda qazandığı əhəmiyyətli inkişaf və əczaçılıq və informasiya texnologiyaları sektoru da daxil olmaqla elm və texnologiyada irəliləyişi Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif hissələrində tanınır.

O, Hindistanın dünya ölkələrində sayı 30 milyondan çox olan diaspor nümayəndələrinin bir çox sahələrdə uğurlar qazanmasını və yaşadıqları cəmiyyətə müsbət töhfələr verməsini mədh edib. Səfir, Hindistanın 75-ci ildönümü məqsədilə planlaşdırılan müxtəlif tədbirlərin təbliğinə media nümayəndələrini qoşulmağa çağırıb.