"Virusun sərhədləri yoxdur və onlar bəşəriyyətin ümumi düşmənidir" - Çin səfirliyi

16:21 23.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

COVİD-19 pandemiyasının başlayandan indiyədək, Çin və Azərbaycan qarşılıqlı olaraq bir-birini dəstəkləyir, pandemiya ilə mübarizədə birgə əməkdaşlıq edir. Hansı ki, bu hər iki ölkənin qarşılıqlı yardım və müdafiədə səmimi dostluğunu əks etdirir. 

Bu barədə Çinin ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumatda deyilir. Bildirilir ki, Çin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir. Eyni zamanda, Azərbaycana imkanları daxilində yardım göstərməyə, birlikdə çalışaraq çətinlikləri dəf etməyə hazırdır.

"Tam inanırıq ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq" deyilən məlumatda əlavə edilir ki, bu il aprelin 2-də, Çin Azərbaycana epidemiyanın qarşısının alınması üçün lazım olan tibbi ləvazimatların ilk dəstəsini (5 min nəfərlik COVİD19 infeksiyasının aşkarlayıcı testi) verdi.

Məlumatda daha sonra bildirilir: "Bu əsasda, Çin Azərbaycana ikinci (10 STA, 500 dəst tibbi qoruyucu geyim) və üçüncü dəst (50 min KN95 maska, 600 min tibbi maska və 3 min dəst tibbi qoruyucu geyim) tibbi ləvazimat tadarükünü davam etdirəcək. Yuxarıda göstərilən vasitələr sürətli şəkildə hazırlanır və yaxın vaxtlarda Bakıya gələcək. Virusların sərhədləri yoxdur və onlar bəşəriyyətin ümumi düşmənidir. Çin Azərbaycanla sıx əlaqə saxlamağa, siyasi qarşılıqlı etimadı daim möhkəmləndirməyə və müxtəlif sahələrdə praktik əməkdaşlığı dərinləşdirməyə hazırdır. Biz inanırıq ki, pandemiya ilə birgə mübarizədən sonra, Çinlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətərini daha parlaq gələcəyə aparacaqlar".