Bollivud ulduzu Ayşvariya Rayın noyabrın 1-də 50 yaşı tamam olacaq. Bununla bağlı aktrisanın həyat və yaradıcılığı ilə bağlı məlumatları təqdim edirik.
Hafta.az-ın yazdığına görə, onun həyatında hər şey baş verdi: inanılmaz yüksəkliklər və qəfil yıxılmalar, ictimaiyyət arasında heyranlıq və unudulma, görünüşü ilə bağlı mükəmməllik və pərəstişkarlarının gülüşü... Amma Ayşvariya Ray hər kəsə deyir ki, insan öz taleyinin sahibidir. O, ölkəsinin ilk gözəllik ikonu və canlı simvolu statusunu bərpa etməyi bacarıb.

Ayşvariya 1973-cü ildə Hindistanın Manqalor liman şəhərində anadan olub. Atası Krişnaraca Ray Hindistan hərbi dəniz qüvvələrinin zabiti, anası Vrinda Ray isə məşhur yazıçı idi. Ayşvariya və qardaşı Aditya ailənin cəmiyyətdəki imtiyazlı mövqeyinə görə yaxşı təhsil alıblar. Uşaqlıqdan Ayşvariya klassik musiqi və rəqsləri , eləcə də müxtəlif xarici dilləri öyrənirdi. Ana dili Tulu olsa da, tamil, hindi, marati və ingilis dillərini mükəmməl bilirdi ki, bu da gələcək aktrisanın xeyrinə idi.
Ayşvariya uşaqlıqdan özünün fərqli olduğunu bilirdi. Axı o, Hindistanın yerli sakinlərinə xas olmayan açıq yaşıl gözlərlə doğulub. Ona görə də ona balaca şahzadə kimi yanaşırdılar və o da özünü belə hiss edirdi.
Valideynlər “şahzadə”nin şəhərdən sıxıldığını, burada heç nəyə nail ola bilməyəcəyini anlayıb və Bombeyə köçüblər. Ayşvariya elit məktəbə göndərildi, sonra universitetə daxil oldu. Memarlıq fakültəsində oxuyandan sonra başa düşdü ki, bu onun sahəsi deyil. Onun missiyası insanları gözəlliyi ilə sevindirmək idi. Bundan sonra o, model oldu və bu yol onu hind gözəlləri üçün əlçatmaz zirvələrə apardı - 1994-cü ildə müsabiqə tarixində ilk dəfə Hindistan təmsilçisi “Dünya gözəli” tacını və titulunu qazandı.

Söz yox ki, bundan sonra onun başına böyük reklam sövdələşmələri yağdı. O, Pepsi-nin reklam kampaniyasında fəal iştirak edib, məşhur jurnalların, o cümlədən “Vogue”un üz qabığı üçün çəkilib. Modellik biznesindəki hər kəs şöhrət parıltısında və onun başgicəlləndirici uğurunda həzz alsa da, bu Ayşvariyaya aid deyildi. Modellik dünyası onun üçün kiçik idi və o, kino dünyasına addım atdı.
Ayşvariya Ray nəinki kinoya addım atdı, həm də tez bir zamanda Bollivudu fəth etdi və Hollivuda yollandı. Hollivud tarixdə ilk dəfə olaraq hind aktrisasını kinematoqraf ailəsinə qəbul etdi. Hollivudda Ayşvaryanın uğurlu, gəlirli filmləri və uğursuz layihələri olub. Ancaq maneələr onu yıxmadı: aktrisa yeni prodüser, agentlər axtardı, ssenariləri öyrəndi, kastinqlərdən keçdi... Və uğursuzluq yerini qələbəyə verdi.

2000-ci illərin əvvəllərində Ayşvariya Rayın kino karyerası sürətlə inkişaf etməyə başladı: "Şüur və intuisiya" və "Məhəbbət ehtirası" filmləri ekranlara çıxdı və bu filmlər böyük kommersiya uğuru, kino tənqidçilərindən yüksək rəylər aldı. Həmçinin “Sevgi haqqında bir neçə söz” filmində baş rolu aktyor Abhişek Baççan, qadın rolunu isə Ayşvariya Ray canlandırıb. Film gözlənilmədən kassada uğursuzluğa düçar oldu, lakin aktyorlar arasında tədricən böyük alova çevrilən sevgi qığılcımı yarandı.
Karyera, yoxsa şəxsi həyat? Onun bütün dünyanı gəzməsini tələb edən uğurlu müqavilələri var idi və onları ləğv edə bilməzdi. 2003-cü ildə Ayşvariya Kann Film Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib. Sonra L'Oreal ilə uzunmüddətli reklam müqaviləsi bağladı, kola və De Beers reklamlarında iştirak etdi.

Amma Ayşvariya populyarlıq zirvəsində olmasına və ən çox axtarılan aktrisa olmasına baxmayaraq, Abhişek Baççana olan hisslərini gizlədə bilməyib. Onların görüşməsindən 7 il keçdi və bu, yekun qərar vermək üçün kifayət qədər vaxtdır. 2007-ci ilin yanvarında aktrisa Baççanla nişanlandığını elan etdi və 20 aprel 2007-ci ildə rəsmi toy mərasimi oldu. Əziz və sevimli həyat yoldaşı rolu aktrisaya ekranda deyil, real həyatda verilib.
16 noyabr 2011-ci ildə Baççan ailəsində mühüm hadisə baş verdi. Aktrisa Mumbaydakı nüfuzlu klinikalardan birində qız övladı dünyaya gətirib. Həmin vaxt aktrisanın 38 yaşı var idi. Təbii ki, bu yaşda ilk uşağın doğulması qadın orqanizmi üçün çətin bir işdir. Hormonal dəyişikliklər kəskin çəki artımına səbəb oldu, aktrisa hamiləlik dövründə 25 kiloqramdan çox çəki qazandı. Dolğun Ayşvariya Rayın şəkilləri bütün dünyada yayılıb. Dünənki ehtiraslı pərəstişkarları onu “millətin qüruru”ndan “millətin rüsvayçılığına” endirdilər. Kino onun qarşısında qapılarını bağladı, reklam müqavilələri bitdi. Aktrisanın qərar vermə vaxtı idi: ya karyera və titulları ilə vidalaşmalı, ya da onları geri almaq üçün mübarizə aparmalı idi.

İl ərzində aktrisa xüsusi pəhriz saxladı və şəxsi məşqçi ilə çalışdı. "Ədviyyatlar kraliçası" ciddi pəhriz məhdudiyyətlərini heç vaxt bəyənmir, ona görə də diqqətlə uzun müddət fasiləsiz riayət edə biləcəyi pəhriz seçdi. Sürətli arıqlamaqdan söhbət gedə bilməzdi: ani arıqlama həm də üzdə ciddi dəyişikliklərə gətirib çıxarır, dəri sallanır, qırışlar əmələ gəlirdi. Bollivud ulduzu isə belə qurbanlara hazır deyildi. Nəticədə, bütün variantları tam təhlil etdikdən sonra aktrisa ənənəvi Hindistan arıqlama üsuluna qərar verdi. Bu, ətdən, xəmirdən, şirniyyatdan, yağlı yeməklərdən və hətta meyvələrdən tamamilə imtina etmək deməkdir. Səhər sıyığına əlavə olaraq limon qabığı qatırdı.
Aktrisanın uzunmüddətli gündəlik pəhrizi aşağıdakılardan ibarət idi:
iki porsiya qaynadılmış qəhvəyi düyü (təmizlənməmiş), təzə tərəvəzlər, yağsız balıq növləri, az yağlı təbii süd məhsulları, quru meyvələr, dəniz məhsulları.
Hindistan pəhrizində başqa bir sirr də var - ədviyyatlar. Böyük miqdarda darçın istehlakı maddələr mübadiləsini sürətləndirməyə və yağlardan qurtulmağa kömək edir. Düzgün qidalanma ilə yanaşı, aktrisa şəxsi məşqçi ilə də çalışıb. Onun üçün yoqa və meditasiya elementləri ilə xüsusi məşqlər toplusu hazırlanıb. Ayşvariya isə qaçış zolağında gəzməkdənsə, vaxtının çox hissəsini qızı ilə gəzməyə üstünlük verirdi. Gözlənilən "möcüzə" baş verdi - aktrisa əvvəlki görünüşünə qayıda bildi.

2015-ci ildə Ayşvariya Ray kinoya zəfərlə qayıdıb. Karyerasında 5 illik fasilədən sonra “Müdaxilə” filmində rol alıb və özünü ilk dəfə prodüser kimi sınayıb.
2016-cı ildə onun iştirakı ilə iki film çəkildi: "Sarbjit" və "Ürək işi". Filmdən sonra məşhur Culiya Roberts Ayşvariya Rayı "Hindistanın ən gözəl qadını" adlandırdı. 2017-ci ildə isə aktrisa mötəbər kinofestivalın qırmızı xalçasında dəbdəbəli parıltılı libasda incə bədən quruluşunu nümayiş etdirərək tamaşaçıları sevindirdi və Hindistanın canlı simvolu adına layiq görüldü.
Aktrisa haqqında bəzi maraqlı faktlar da var:
Ana dili tulu dilindən başqa, Ayşvarya daha səkkiz dildə sərbəst danışır: hindi, benqal, ingilis, tamil, marati, teluqu, kannada və urdu. Bir az ispan dilini də bilir.
Bred Pittin baş qəhrəmanı canlandırdığı “Troya” filminə aktrisa dəvət edilsə də, bundan imtina edib.
Ayşvariya Madam Tüssodadan sonra mumheykəli olan ilk hind aktrisasıdır.