“11 noyabr Azərbaycanla yanaşı bizim üçün də düşərli gün oldu” – UFUK TURGANER 

17:45 15.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün qardaş ölkə Quzey Kıprıs Türk Cümhuriyyətinin (KKTC) 39-cu ildönümü qeyd olunmaqdadır. Bu 39 il ərzində durmadan aparılan milli mücadiləyə baxmayaraq, Kıprıs türkləri hələ də siyasi müstəvidə dünya birliyi tərəfindən tanınmayıb, amma deyəsən bu yolda işıq ucu görünür. Məhz bir neçə gün öncə Türk Dövlətləri Təşkilatı KKTC-ni öz sıralarına müşahidəçi statusda üzv qəbul etdi. Əlbəttə, bu addım Kıprıs türklərinin öz milli dövlətləri ilə birlikdə Türk dünyasının qeyd-şərtsiz bir parçası olduğunu və siyasi meydanda heç də tək buraxılmadığını bir daha isbatladı. Bəs bundan sonra nə olacaq, KKTC-nin hansı planları var, Azərbaycandan, digər türk ölkələrindən, dünya birliyindən arzusu-istəyi nədir? Elə bu suallara cavab almaq məqsədilə KKTC-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganerin qapısını döydük...

Çox səmimi ortamda söhbət elədik. Öncə KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunmasına görə Ufuk xanıma gözaydınlığı verib təbrik etdik, ölkəsinə və xalqına daha böyük uğurlar arzuladıq. Sonra da xanım diplomat elə bu məsələdən söz açaraq bizimlə söhbətə başladı:

- Quzey Kıprıs Türk Cümhuriyyəti 1979-cu ildə İslam Əməkdaşlıq Təşkilatına müşahidəçi statusda üzv qəbul olunub. 2005-ci ildən isə Kıprıs Türk Cümhuriyyəti adıyla həmin təşkilatda bu statusda fəaliyyətimizi davam etdiririk. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının ən səlahiyyətli orqanı olan və üç ildən bir toplanan İslam Zirvəsinə dövlət başçısı, təşkilatın Xarici İşlər Nazirləri Konfransına isə nazir səviyyəsində qatılır. Azərbaycanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına da 2004-cü ildə daxil olmuşuq.

- İslam Əməkdaşlıq Təşkilatından İqtisadi Əməkdaşlıq Təşkilatına, daha sonra da Türk Dövlətləri Təşkilatına müşahidəçi statusda üzv qəbul olunan KKTC addım-addım öz məqsədlərinə yaxınlaşmaqdadır. Türk Dövlətləri Təşkilatında KKTC-yə münasibət, xüsusilə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyi inşallah, KKTC-nin ən qısa vaxtda Türk Dölətləri Təşkilatına bərabərhüquqlu üzv olma ehtimalını yüksəldir...

- Zatən bizim də hədəfimiz budur. Qeyd edim ki, 11 noyabr Azərbaycanla yanaşı bizim üçün də çox düşərli tarix oldu. Bizim problemimiz ondadır ki, beynəlxalq səiyyəli platformalara yollarımız bağlı olduğu üçün səsimizi dünyaya çatdıra bilmirik. Amma bir işdə bəxtimiz gətirib ki, BMT-dən tutmuş Aropa Şurasına, digər bütün beynəlxalq və regional təşkilatlarda Türkiyə KKTC-nin haqq səsidir. Azərbaycana da təşəkkür edirəm, Avropa strukturlarında Türkiyə ilə bərabər Quzey Kıprıs türklərinin haqqını müdafiə edir. Amma əlbəttə ki, KKTC təmsilçiləri olaraq bizim öz sözümüzü deməyimiz lazımdır. Amma Güney Kıprıs Rum dövləti (Yunanların yaşadığı Kipr ərazisi nəzərdə tutulur – V.T.) dünya birliyi tərəfindən Kipr Respublikası olaraq tanındığından və Avropa Birliyinin üzü olduğundan bütün beynəlxalq platformalarda yer almaqdadır.  

- KKTC-nin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına nə mane olur? Məncə ən yaxın dost münasibəti olan ölkələr tanıya bilərdi...

- Kıprıs türk xalqı 1960-cı ildə müştərək respublika kimi qurulan və ömrü cəmi üç il sürən Kipr Respublikasından silah gücüylə kənarlaşdırılıb. BMT Təhlükəsizlik Şurasının 4 mart 1964-cü ildə qəbul etdiyi 186 saylı qərarı ilə qurulan həmin msüştərək Kipr Respublikasını birmənalı şəkildə rum dövlətinə çevirən yunan hakimiyyəti “Kiprin yeganə qanuni hökuməti” olaraq tanınmaqdadır. Bu səbəbdən də BMT-nin vaxtilə qəbul etdiyi qərara əsasən digər dövlətlər bu qərarın əksinə addım ata bilməzlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu müstəvidə boşuna “Dünya beşdən böyükdür” deməyib. Yəni Təhlükəsizlik Şurasında təmsil olunan beş dövlətin hər dediyi Allahın kəlamı deyil ki, mütləq qəbul edək. Əlbəttə ki, vəziyyət hər an dəyişə bilər. Bu gün top bizdə yox, BMT tərəfindədir.

- Yarım əsrdir davam edən Kıprıs məsələsinə niyə konkret çözüm tapılmır?

- Çünki Kıprıs məsələsinə diaqnoz düzgün qoyulmayıb. Baxın: 1960-cı ildə adada Kıprıs Cümhuriyyəti adlı müştərək dövlət quruldu. Yəni iki bərabərhüquqlu dövlət olan Kıprıs türkləri və Kıprıs rumları bir dövlətdə birləşdi. Prezident yunan, vitse-prezident türk və sair şəklində hər iki xalqın nümayəndələri bütün dövlət və hökumət orqanlarında təmsil olundular. Amma 1963-cü ildə rumlar silah gücünə türkləri bütün vəzifələrdən kənarlaşdırdılar. Bundan sonra isə türklərə qarşı irtica siyasətinin icrasına başlayan rumlar qətliamlar törətdilər, 1963-1974-cü illər arasındakı 11 il ərzində Kıprıs türkləri böyük itkilərlə nəticələnmiş ölüm-qalım mübarizəsi aparıblar. Kıprıs türklərinə qarşı hücumlar 21-27 dekabr 1963 tarihlerinde tarixlərində pik həddinə yüksəldi və bu bir həftəlik dövr “Qanlı Noel” adıyla yaddaşlara həkk olundu. Rumlar bu cür qətliamlar törətməklə adanı türksüzləşdirmək və daha sonra da ENOSİS, yəni Kıprısı Yunanıstana birləşdirmə planını başa çatdırmaq istəyirdilər.

- Bütün ağrı-acılara baxmayaraq, Kıprıs türkləri öz torpaqlarında 1983-cü il noyabrın 15-də Cümhuriyyəti elan etdilər. Maraqlıdır, Cümhuriyyət Kıprıs türk xalqına nə verdi, iqtisadi, siyasi, elmi-mədəni və sair sahələrdə qazandığınız nə oldu?

- Bu gün bizim xarici dünyaya yeganə çıxışımız anavətən Türkiyədir. Çünki siyasətdən iqtisadiyyata, mədəniyyətdən idmana və sair hər bir sahədə Kıprıs türklərinə qarşı embarqolar tətbiq edilir. Bu gün hər hansı idmançımız beynəlxalq turnirlərdə iştirak edə bilmir, mütləq Türkiyənin milli komandasında getməlidir. Türkiyə bizi tam mənasında dəstəkləyir, türk ordusu bizi rumlardan qoruyur. Yəqin bilirsiniz, 1974-cü ildən bəri Türk ordusu adadadır. 1974-cü ildə Rum-Yunan birliyi adanı Yunanıstana birləşdirmək məqsədilə gerçəkləşdirdiyi çevrilişdən sonra üç təminatçı ölkə - Türkiyə, Yunanıstan və Böyük Britaniya beynəlxalq qaydaların verdiyi haqq və vəzifələri əsas tutaraq adaya müdaxilə edib və bununla da daha çox qan tökülməsinin qarşısı alınıb. Quzey Kıprıs Türk Cümhuriyyəti həm iqtisadi, həm təhsil, həm də turizm sahələrində böyük uğurlara imza atmaqdadır. İqtisadiyyatımıza xüsusilə böyük töhfə verən sektor təhsildir. Hazırda KKTC-də 21 universitet fəaliyyət göstərir ki, onlarda ümumilikdə 100 min əcnəbi tələbə təhsil alır. Bu da təbii ki, Quzey Kıprıs üçün böyük maliyyə mənbəyidir. Türkiyə Kıprısda yüksək standartlı yollar tikib, bir çox iri layihələr həyata keçirib və keçirməkdədir. Bundan əlavə, Quzey Kıprıs Körfəz ölkələri ilə yaxşı iqtisadi-ticarət əlaqələrinə malikdir. KKTC istehsalı olan dünyaca məşhur Hellim pendirinin əsas alıcıları Körfəz ölkələridir.

- KKTC-nin hansı ölkələrdə təmsilçilikləri var?

- Dünyanın fərqli ölkələrində olmaqla 27 şəhərdə təmsilçiliyimiz möcuddur. Türkiyədə səfirlik və əlavə 6 Baş konsulluq, ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində, London, Bakı, Brüssel, Cenevrə, Strasburq, Stokholm, Berlin, Roma, Helsinki, Budapeşte, Əbu Dabi, İslamabad, Doha, Maskat, Küveyt, Manama və Bişkekdə Baş konsulluqlarımız fəaliyyət göstərir. Bu arada qeyd edim ki, İslamabad təmsilçiliyimiz səfirlik statusundadır. Sağ olsun Pakistan hökuməti, keçirilən hər cür rəsmi tədbirlərə KKTC təmsilçisini səfir olaraq dəvət edir – Kıbrıs Türklərinə böyük sevgi və ehtiram göstərilir.   

- Bir ara adada KKTC və rum tərəfi gediş-gəliş üçün sərhədi açmışdı, davam edirmi get-gəl?

- Sərhəddə sadəcə kimlik kartımızı göstərməklə gedib-gəlirik. Amma özü və ya valideynlərindən biri Türkiyədə doğulan heç kim Rum tərəfınə keçə bilmir. Kimlik kartı komputerdə sistemə salınan kimi şəxs barədə bütün məlumatlar çıxır axı, görən kimi geri qaytarırlar. Hansı ki, biz onlara eyni münasibəti bəsləmirik.  

- Güneyə keçən Kıprıs türklərinə münasibət necədir?

- Baxın, biz tərəfə gələn rumlarla çox normal davranılır, amma güneyə keçən türklərə ara-sıra da olsa xoşagəlməz münasibətlər göstərilir. Son bir faktı deyim: sərhəd qapısından keçərkən bir KKTC vətəndaşının kimlik kartına baxıb yersiz sözlər deyirlər. Eləcə də, güneydə bəzi radikal insanlar var ki, türkləri görən kimi sataşmaq məqsədilə atomobillərini cızaraq zərər verir, motosikleti üstlərinə sürərək qorxudur və sair kimi xuliqanlıq hərəkətləri edirlər. Amma rumlar Quzey Kıprısa daha daha çox gəlirlər. KKTC-də bazar qiymətləri rum tərəfi ilə müqayisədə daha ucuzdur. Odur ki, xüsusilə türk lirəsi dəyər itirəndən sonra rumların Quzey Kıprısa səfərləri çoxalıb. Hətta benzin almaq üçün belə KKTC-yə gəlirlər. Rum gömrükçülər, benzin alıb KKTC-də pul xərcləməsinlər deyə öz vətəndaşlarına müəyyən süni təzyiqlər həyata keçirirlər. Sərhədi keçərkən avtomobillərin benzinini ölçürlər ki, qayıdanda alıb-almadıqlarını bilsinlər.

- Bir ara mal-mülk məsələsi ardı rumlarla türklər arasında...

- Bu məsələylə bağlı bizdə 17 mart 2006-cı ildən Daşınmaz Mülk Komissiyası fəaliyyət göstərir və məqsədi Quzey Kıprısda olan bütün mülklərlə bağlı tələblər üçün daxili hüquqi yol tapmaqdır. KKTC-də qalan mülkləri ilə bağlı Güneydəki rumlar ora müraciət edir. Məsələn, biri mülkünü dəyişdirmək istəyir, digəri pulunu almaq, başqa biri isə iadə etmək istəyir. Amma rumların hökuməti öz vətəndaşlarının KKTC-nin rəsmi bir qurumuna müraciətindən narahatdır.

- Bayaq dediniz ki, ölkənin əsas qazanc mənbələrindən birincisi turizm sektorudur. İldə nə qədər xarici turist ziyarət edir KKTC-ni?

- 2018-ci ildə KKTC-yə gələn xarici turist sayı 1,2 milyon civarında, onlardan dövlətin qazancı isə 965 milyon dollar olub. Amma hökumətin hədəfi əcnəbi turistlərinin sayını ildə 1,5 milyon nəfərə çatdırmaqdır. Bu gün Quzey Kıprısda 26258 yataq yeri olan toplam 168 otel fəaliyyət göstərir. Onlardan 23-ü beş ulduzu, 5-i dörd ulduzlu, 17-si üç ulduzludur. Onu da qeyd edim ki, məlum pandemiya ilə bağlı olaraq son iki ildir turizm sektorunun fəaliyyəti zəifləsə də, bu il yenidən, həm də sürətli inkişaf nəzərə çarpır. Məsələn, ötən ilin ilk beş ayında KKTC-yə cəmi 44 min əcnəbi turist daxil olmuşdusa, bu ilin müvafiq dövründə xaricdən gələn turistlərin sayı ortalama 436 min nəfərə yüksəlib. Yəni təxminən 8 dəfə artım qeydə alınıb. Yeri gəlmişkən, bu ilin ilk beş ayında təxminən 1300 Azərbaycan vətəndaşı da KKTC-yə səfər edib.

- Azərbaycandan söz düşmüşkən, son illər oxumaq, işləmək və hətta yaşamaq üçün KKTC-yə köçən azərbaycanlıların sayı artmışdı. Hazırda Kıprısda nə qədər azərbaycanlı var?

- Təxminən 500 civarında azərbaycanlı yaşayır Kıprısda, 250 nəfər də tələbə oxuyur.

- Kıprıs mediası ilə Azərbaycan mətbuatı arasında əlaqələr necədir?

- İki ölkənin mətbuatı arasında əlaqələrin qurulması və əməkdaşlığın artırılması, jurnalistləri tanış etmək üçün qarşılıqlı səfərlərin baş tutması çox acibdir. KKTC-nin media nümayəndələrinin qardaş Azərbaycana səfər edərək işğaldan azad edilmiş torpaqları görməsi çox faydalı olardı.

- KKTC ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin həcmi necədir?

- Təəssüf ki, ticarət sahəsində əlaqələr lazımi səviyyədən çox aşağıdır. Çox istərdik ki, iki ölkənin iş adamları arasında əməkdaşlıq və biznes əlaqələri yaradılsın, hər iki ölkənin istehsal etdiyi məhsullar Azərbaycan və KKTC bazarlarına çıxarılsın. 2023-cü ilin ilk ayında Azərbaycanın iş adamlarından ibarət bir heyətin Kıprısa səfər edəcəyi gözlənilir. Eləcə də, gələn həftə Quzey Kıprısdan xanım sahibkarlardan ibarət qrupun bir konfransda iştirak etmək üçün Bakıya səfəri gözlənilir. Çox istərdik ki, KKTC-dən Azərbaycana səfərlərin rahat olması üçün bəzi yumşaldıcı addımlar atılsın. KKTC pasportu ilə kimsə Azərbaycana gələndə çətinliklə üzləşir. Hansı ki, biz KKTC pasportu ilə ABŞ-a, İngiltərəyə gedib-gələ bilirik. Bütün bu kimi sıxıntıların aradan qaldırılması KKTC ilə Azərbaycan arasında hərtərəfli əlaqələri daha da gücləndirəcəyinə inanırıq.