Özbəkistanda 12 avtomobil icarəsi və lizinq şirkətinin vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb.
Hafta.az-ın yazdığına görə, Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin məlumatında deyilir ki, əksər hallarda şirkətlər avtomobilə görə müştərilərdən avans ödənişi alır, lakin onu müəyyən olunmuş müddətdə təhvil vermir və pulu qaytarmır.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, son bir neçə ildə avtomobillərin alınması müstəvisində yaranmış problemlərlə bağlı 2 minə yaxın müraciət daxil olub. Müştəri bir çox hallarda avtomobilin pulunu əvvəlcədən ödəsə də, göstərilən müddətdə çatdırılmayıb və ya pul geri qaytarılmayıb.
Artıq 12 avtomobil icarəsi və lizinq şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
“Bu şirkətlər qısa müddətdə yeni avtomobil təhvil vermək, öhdəliklərini digər alıcılardan yığılmış vəsait hesabına ödəmək və istehlakçılardan alınan pulun qaytarılmasını 1 ildən artıq müddətə gecikdirmək vədi ilə istehlakçı vəsaitlərini cəlb edir”, - komitədən bildirilib.
Bu cinayətlər nəticəsində vətəndaşlara dəymiş ziyan 2020-ci ildə 8,2 milyard, 2021-ci ildə isə təxminən 9 dəfə artaraq 69,3 milyard sum təşkil edib. Analoji cinayətlərin qurbanlarının sayı 16 dəfə artaraq 16,8 min nəfərə çatıb.